Sabir Rüstəmxanlı: “Məzarların köçürülməsi İranda yaşayan 35 milyonluq azərbaycanlının iradəsindən asılıdır”Əjdər Tağızadə: “Kifayət qədər dəyanətli olsaq, tarixi şəxslərimizin məzarlarını Təbrizə köçürə, onlara heykəl ucalda bilərik”
Xeyli müddətdir Azərbaycan milli-azadlıq hərəkatının rəhbərləri Səttarxan və Şeyx Məhəmməd Xiyabaninin məzarlarının Təbrizə köçürülməsi ilə bağlı təşəbbüslər edilir. Amma müsbət nəticə əldə etmək mümkün olmur. Buna səbəb İran rejiminin köçürülməyə maneçilik törətməsidir.
Xatırladaq ki, Tehranda dəfn olunan tarixi şəxsiyyətlərimiz üçün nəinki düz-əməlli məzar qoyulmayıb, hətta olduqca sadə olan məzarları da dağıdılıb. "GünAz” TV-nin əldə etdiyi görüntülərdən də Səttarxanın və Xiyabaninin məzarlarının bərbad günə salındığı aydın görünür. Fotolarda qəhrəmanlarımızın məzarı ətrafında natəmiz əşyalar da müşahidə olunur.
Məsələyə münasibət bildirən millət vəkili, VHP-nin sədri Sabir Rüstəmxanlı deyib ki, məzarların köçürülməsi İranda yaşayan 35 milyonluq azərbaycanlının iradəsindən və parlamentdə təmsil olunan nümayəndələrin gücündən asılıdır: "Əgər soydaşlarımız bu məsələdə birlik nümayiş etdirsələr və kifayət qədər ciddi fəaliyyət göstərsələr, tarixi qəhrəmanlarımızın abidələrini Təbrizə köçürə və orada daha gözəl abidə ucalda bilərlər. Ya da ən azından Tehranda onların məzarının dağıdılmasının qarşısını alarlar”.
DAK Daimi Şurasının sədri Əjdər Tağızadə də bildirib ki, son 25 ildə güneyli soydaşlarımız Səttarxanın və Xiyabaninin məzarını Təbrizə daşımaq üçün çox təşəbbüslər ediblər. Çünki onların məzarı Tehranda fars rejimi tərəfindən təhqirə məruz qalır: "Rejim qəhrəmanların məzarı başında anım mərasimi keçirməyə də icazə vermir. Buna cəhd edən fəalları zindanlara salaraq, işgəncə edirlər. Fars hökuməti açıq şəkildə çalışır ki, Azərbaycana məxsus bütün tarixi və mədəni abidələri məhv etsin, qədim məzarlıqları dağıtsın. Bunu da çox vaxt İrandakı ermənilərin əli ilə həyata keçirirlər”.
Ə.Tağızadənin sözlərinə görə, indiki fars rejimi əvvəlkindən daha çox repressiya həyata keçirir: "Millətimiz ayıq-sayıq və iradəli olmalıdır. Əgər kifayət qədər dəyanətli olsaq, İranın müxtəlif bölgələrində yerləşən tarixi şəxslərimizin məzarlarını Təbrizə köçürə, onlara heykəl ucalda bilərik. Hesab edirəm, soydaşlarımız bu gücə malikdir. Ancaq bununla yanaşı, bütün Azərbaycan
ziyalıları, siyasi və mədəni xadimlərimiz, jurnalistlərimiz bu məsələləri diqqətlə izləməli, problemləri daim gündəmdə saxlamalıdır”.
İsmayıl