Səxavət avtomobili ilə şəhid ailələri üçün pulsuz yük daşıyır

Lalə Mehralı belə hadisələrlə rastlaşdıqca, bütün həmvətənləri kimi qürur hissi keçirdiyini bildirib
“Əli qabarlı usta da, ağ xalatlı həkim də, barmaqları ağ təbaşirə bulaşmış müəllim də bu məsuliyyətin fərqindədir”

Sumqayıt şəhərində yaşayan sürücü Səxavət Məmmədov idarə etdiyi avtomobili ilə şəhid ailələri üçün pulsuz yük daşımaqla məşğuldur. O, məsafəsindən asılı olmayaraq istənilən yükü istənilən ünvana pulsuz daşıyır.

Artıq 1 ilə yaxındır ki, bu xeyirxah missiyanı öz üzərinə götürən Səxavət Məmmədov ona müraciət edənlərə yük daşıdığından qürur hissi keçirdiyini deyir.

Sürücünün sözlərinə görə, o, şəhid ailələrinə pulsuz xidmət göstərdiyi üçün hətta maşın ustaları da ondan təmir pulu götürmür. Səxavətin bu addımı sakinlər tərəfindən müsbət qarşılanır.
Sumqayıtda Səxavət kimi şəhid ailələrinə pulsuz xidmət göstərən bir neçə sürücünün olduğu bildirilir. 

Sosioloq-jurnalist Lalə Mehralı məsələ ilə bağlı "Şərq”ə açıqlama verib. Xanım sosioloq belə hadisələrlə rastlaşdıqca, bütün həmvətənləri kimi qürur hissi keçirdiyini bildirib: 

"Biz bundan öncə də oxşar vəziyyətlərlə qarşılaşmışdıq. Restoran-kafe işlədən bir sahibkar obyektinin pəncərəsinə -”Şəhid ailələrinə təmənnasız xidmət edirik, xidmət haqqı ataları tərəfindən Qarabağda ödənilib” - təxminən belə bir açıqlama yazmışdı. Hərəmiz öz əlimizdən gələni etsək, onların yükünü bir qədər azaltmış olarıq. Mən, siz gedib şəhid ailəsinin problemini yazıb mətbuatda işıqlandıra bilirik, bu yazımızı oxuyan istər məmur, istər sadə vətəndaş öhdəsinə düşəni etməyə hazır olur. Kimisi ödənişsiz taksi xidməti göstərir, kimisi pulsuz tibbi xidmət göstərir, kimisi iaşə obyektlərində əlindən gələn rahatlığı təmin edir. 

Güc qüvvətdən doğur, bunu belə zamanlarda daha aydın başa düşmək olur. Biz millət olaraq lazım gələndə bir yumruq olmağı bilirik, bir-birimiz üçün hər şeyi gözə alırıq. Əli qabarlı usta da, ağ xalatlı həkim də, barmaqları ağ təbaşirə bulaşmış müəllim də bu məsuliyyətin fərqindədir. Buna görədir ki, hər kəs öz cəbhəsində çalışır, vətən üçün canından olan şəhidlərin, qəhrəmanların ailələri üçün nəsə etmək istəyir. O taksi sürücüsü bir ildir bu işi görür, heç kim bilmir, çünki reklam üçün yox, vicdanı və vətəni üçün edir”.

Yeganə Bayramova