"Şəxsi taksilərin ləğvi labüddür" - AÇIQLAMA



""Dolanışığım bundan çıxır” deyib, necə gəldi taksi sürücülüyü ilə məşğul olmaq düzgün deyil”.

Bunu Sherg.az-a Bakıda sərnişinə qarşı dələduzluq edən taksi sürücüsündən danışarkən Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert  Elməddin Muradlı deyib. 

O bildirib ki, gələcəkdə oxşar problemlərin yaranmaması və bunu törədən sürücülərin tez tapılıb, cəzalandırılması üçün şəxsi taksilərin ləğvi labüddür:

"Şirkət taksiləri müəyyən nəzarət altında olur, onlara təlimlər keçirilir, işə götürülərkən şəxsi işləri araşdırılır. Lakin bir məsələni diqqətə çatdırmaq lazımdır ki, dələduzluq insanın qanında varsa, hansı sahədə çalışmasından asılı olmayaraq, o, bu əməlini törədəcək. Əvvəllər eşidirdik ki, dələduzlar müştəri qismində taksiyə oturub, sürücünü döyür, pulunu əlindən alırlar. Son dövrlər isə bunun əksi yaşanır. Bakı Nəqliyyat Agentliyi dəfələrlə açıqlama verib. Dələduzluqların qarşısının alınması üçün sürücülərin bazasının yaradılmasını təkidlə irəli sürüb. Bu əsasən avtobus sürücülərinə aid idi. Gələcəkdə güman edirəm ki, taksi sürücüləri də müəyyən şirkətlərin tərkibində fəaliyyət göstərəndən sonra bu cür məsələlər həllini tapacaq. 

Həmin şəxsləri aşkar edib, bir günün, bir ayın içərisində işdən kənarlaşdırmaq müşkül məsələdir. Hazırda Nəqliyyat Nazirliyi ləğv olunub. Bu proseslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyinə verildiyindən, yeni qurum problemlərin həllini gələcəkdə tapa bilər. Belə hallar Nəqliyyat Nazirliyinin dövründə yaranan mərkəzin fəaliyyəti ilə əlaqədardır.Taksi sürücülüyü ilə məşğul olan şəxs imtahandan keçib, fərqlənmə nişanı almalıdır ki, o şəxs taksi fəaliyyəti ilə məşğul ola bilər. Bu işlə məşğul olanlar qayda qanunları bilib, əməl etməlidir. Düşünürəm ki, belə problemlər nə vaxtsa nizama düşəcək. Amma konkret fəaliyyət planı olmalıdır ki, həmin planla hərəkət edilsin. Bu gün məsələn, 10 nəfəri öyrədirlər, qalan 100 nəfər kənarda maarifləndirilməmiş qalır. Mövcud problemlər də məhz bundan irəli gəlir".

Qeyd edək ki, Bakıda taksi sürücüsünün quldurluğu ilə üzləşən şəxs polisə müraciət edib. Belə ki, gecə saatlarında Badamdardakı çay evindən çıxaraq "AzSamand" markalı taksiyə oturan Abşeron rayon sakini olan 1984-cü il təvəllüdlü Rüstəmov Mətləb Sahib oğlu sürücünün onu bıçaqla təhdid edərək, üzərindəki 400 manatı götürüb, hadisə yerindən uzaqlaşdığını söyləyib. M.Rüstəmov həmin taksi sürücüsünün tapılaraq cəzalandırılmasını tələb edib.

Aysel Aslan