Şəxsiyyət vəsiqəsi ilə xaricə getmək necə mümkün ola bilər? - İZAH



"Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ iki dövlət arasında bağlanmış müqavilədə hər ikisinin vətəndaşlarının şəxsiyyət vəsiqəsinin tanınması ilə bağlıdır”.

Bunu Sherg.az-a Azərbaycanda şəxsiyyət vəsiqəsi ilə xaricə getməyin mümkün olmasından danışarkən Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov deyib. 

O bildirib ki, dəyişikliyə əsasən iki dövlət öz aralarında müqavilə bağlayır və bunu təsdiqləyir. Bu zaman vətəndaşların ölkələr arasında gediş-gəlişi tək xarici pasport deyil, vətəndaşlıq vəsiqəsi də əsas götürülür:

"Məsələn, Türkiyə və Rusiya arasında belə anlaşma imzalandıqda faktiki olaraq, şəxsiyyət vəsiqəsində bütün zəruri informasiyalar olur və hər iki dövlət bir-birinin vətəndaşını qəbul edə bilir. Daha yaxşı olardı ki, həmin şəxslə bağlı bütün informasiyalar, viza, ölkəyə giriş, çıxış məsələləri həmin şəxsiyyət vəsiqəsində əks olunsun. Bildiyim qədərilə Rusiya və Türkiyə arasında belə müqavilə var. Başqa ölkələr arasında da belə sazişlər imzalanıb. Azərbaycanda belə saziş imzalanarsa, güman ki, bu ilk əvvəl Rusiyaya, sonra isə bizə yaxın olan Türkiyə, Gürcüstan, Ukrayna kimi ölkələrə şamil olunacaq.

Tərəflər arasında müqavilələr imzalanarkən bu istiqamətdə bir çox məsələlər öz əksini tapacaq. Belə müqavilələrin üstünlüyü odur ki, gediş-gəliş, insanların səyahəti üçün müəyyən rahatlıq yaradacaq, maneələrlə üzləşməsindən uzaq tutacaq. Bəzi ölkələrdə xarici pasportun alınmasında müəyyən problemlər olur, müəyyən məbləğdə vəsait tələb edən haldır. Tərəflər arasında bu müqavilələr imzalanan zaman vətəndaşları maraqlandıran məsələlər açıq şəkildə veriləcək”.

Qeyd edək ki, gələn il yanvarın 1-dən xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilə bağlanmış olduğu halda, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsindən də vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün nəzərdə tutulan sənəd kimi istifadə oluna bilər.

Bununla əlaqədar Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə” 2017-ci il 25 aprel tarixli 628-VQD nömrəli qanunun tətbiqi haqqında” sərəncam imzalayıb.

Aysel Aslan