
“Səyahət vaxtı avtobus sürücüsünü nəzarətdə saxlamaq lazımdır”
Ekspert Xızıdakı qəzanın ciddi nəticələr çıxarılması üçün bir siqnal olduğunu deyib

Xızı rayonu ərazisində, bir neçə gün əvvəl baş vermiş ölümlə nəticələnən ağır yol qəzası istirahət guşələrinə səfərlər zamanı təhlükəsizlik qaydalarına riayət edilməsinin önəmini gündəmə gətirdi. Məlum olduğu kimi, mayın 29-da Sumqayıt Texnologiya Kollecinin bir qrup müəllimini daşıyan "Hyundai” markalı mikroavtobus Qızıl Qazma kəndi ərazisində 100 metrdən dərəyə yuvarlanıb. Nəticədə 3 nəfər ölüb, 24 nəfər yaralanıb.
Qəzadan sonra səhiyyə naziri Oqtay Şirəliyev Siyəzən Regional Diaqnostika Mərkəzinə gedib və orada müalicə olunan yaralıların səhhəti ilə maraqlanıb.
Ağır qəzanın səbəbləri barədə isə müxtəlif versiyalar irəli sürülür. Burada, sürücünün səriştəsizliyindən tutmuş, mikroavtobusun texniki şərtlərə cavab verməməsi, hətta sərnişinlərin də təhlükəsizlik qaydalarına əməl etməməsi səbəblər sırasındadır.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlamasında Xızıdakı qəzanın ciddi nəticələr çıxarılması üçün bir siqnal olduğunu dedi:
- Hadisənin tam təfərrüatları bizə aydın deyil, sadəcə, əldə olan məlumatlara əsasən ümumiləşdirmə aparmaq mümkündür. Görünən budur ki, qəza sərt dağ yolunda baş verib. Həmin yola yaxşı bələd olan şəxs kimi vurğulamaq istəyirəm ki, belə yollar sürücüdən xüsusi məharət və diqqət tələb edir. Ümumiyyətlə, dağ yollarında avtomobil idarə etməyə dair xüsusi təhlükəsizlik qaydaları var. Həmin qaydaları mükəmməl bilməyən sürücü nəinki avtobusla, hətta minik avtomobili ilə də dağ yollarına çıxmamalıdır.
Avtobusların hərəkəti üçün də xüsusi təhlükəsizlik qaydaları var. Ən başlıcası odur ki, hətta xüsusi sifarişlə olsa da, avtobus marşrutu hər yoldan salına bilməz.
Avtobusla səyahət zamanı marşrutun keçəcəyi yollara xüsusi önəm verilməli və müəyyən parametrlərə görə təhlükəli yollardan marşrut keçməməlidir.
Avtobus sürücülərinin məhz sərnişin nəqliyyatını idarəetmə üzrə xüsusi qaydaları mükəmməl bilməsi vacibdir. Bu qaydaları öyrənməmiş sürücüyə avtobusun sükanı etibar edilməməlidir. Sadə görünsə də, "D” kateqoriyalı vəsiqə hələ avtobusu idarə edə bilmək deyil. Xüsusi - əsasən təhlükəsizliklə bağlı təlim keçməyən sürücü avtobus sürməməlidir.
Həmçinin, sifarişlə avtobus seçərkən mütləq avtobusun texniki vəziyyətinə və sürücünün kimliyinə xüsusi diqqət yetirilməlidir. Hər adama və hər texnikaya etibar edilməməlidir.
Səyahət vaxtı avtobus sürücüsünü də nəzarətdə saxlamaq lazımdır. Sürücünün istirahət etməsinə, nə yeyib-içməsinə, necə idarə etməsinə fikir vermək vacibdir. Bununla yanaşı sürücünün işinə müdaxilə etmək, ona "yol göstərmək”, "burdan sür” və ya "belə sür...” kimi təsirlər yolverilməzdir.
Ə.Hüseynov təhlükəli yollar barədə da danışdı:
- Azərbaycanın bütün turizm zonalarında xüsusi ehtiyatlılıq tələb edən yollar var. Hamıya məlumdur ki, Ağsu aşırımı təhlükəlidir. Astara-Lerik-Yardımlı, Quba-Qusar, Şamaxı-İsmayıllı yolları... ümumiyyətlə, dağ massivlərinin olduğu zonalar təhlükəlidir. Bu günlərdə məlum oldu ki, "Göy-Göl” qoruğuna gedən yolun təmirə ehtiyacı var. Yəni, "ana yol”dan ayrılan sürücü maksimum diqqətli olmalıdır. Sürücü bələd olmadığı, tanımadığı yola çıxmamalıdır. Çıxırsa da, yanında mütləq həmin yola yaxşı bələd olan birisindən məsləhət almalıdır. Bilirsiz, bizdə bu işlər, ümumiyyətlə, yaxşı təşkil edilməyib. Məsələn, Türkiyədə bu işləri elə qurublar ki, hətta fərdi avtobusu olan da yola çıxa bilmir. Harasa turist səfəri təşkil edilirsə, mütləq turizm şirkəti və ya avtobus parkına sifariş verilir. Türkiyədə bu işlərlə məşğul olan xüsusi şirkətlər var. Onların özünün avtobus parkı var, marşrutlar təyin edilir və səyahətə çıxanlara sifariş əsasında xidmət göstərirlər. Bizdə isə tam bir boşluq, özbaşınalıqdır. Müəyyən insanlar, kollektivlər toplaşır, kimsə gedib sürücü tapır, avtobus kirayələyir və "ya, bismillah” yola çıxırlar. Bilmirlər, bü sürücü kimdir, hansı kateqoriyaya sahibdir, təcrübəyə malikdir, ya yox. Avtobus hansı vəziyyətdədir. Yol hərəkəti qaydalarına görə, şəhərlərarası daşımalarda kəmərsiz avtobuslardan istifadə qadağandır. İndi baxaq görək, şəhərlərarası marşrutla hərəkət edən hansı avtobusda təhlükəsizlik kəmərləri var? Çox az sayda tapılar belə avtobus. Sərnişinlərimiz də təhlükəsizlik qaydalarına əməl etmirlər. Necə gəldi, başdansovdu minirlər avtobusa, heç kəs mümkün
təhlükəni diqqətə almır. Deyirlər, nə olacaq ki?!. Gedib, gələcəyik. Amma görürsünüz ki, qəza xəbər vermədən gəlir və faciələr yaşanır.
Yol infrastrukturunda da kifayət qədər çatışmazlıqlar var. Ölkə yollarında hələ də çoxlu sayda nişan və başqa texniki vasitələr çatışmır. Belə çatışmazlıq periferik yollarda daha çoxdur. Ona görə də qəfil sürprizlə rastlaşmamaq üçün həmişə diqqətli olmaq lazımdır.
Ə.Hüseynov turizm zonalırına aparan yollarda xüsusi məlumat lövhələrinin, xəbərdarlıq nişanlarının olmasının zəruriliyini vurğuladı:
- Çətin keçilən, təhlükəli yollarla bağlı Dövlət Yol Polisi daim araşdırma aparmalı və bütün mümkün təhlükələrdən yolçuları xəbərdar etməlidir. Yaxşı olardı ki, turizm zonalarına aparan yollarda xüsusi məlumat lövhələri, yol nişanları qoyulsun, qarşıdakı maneələr barədə xəbərdarlıq edilsin. Əgər yolda təmir aparılırsa və ya yolun təmirə ehtiyacı varsa, bu haqda xəbərdarlıq nişanları qoyulsun. İstirahətə getməyin ən rahat yolu turizm şirkətlərinin xidmətlərindən istifadə etməkdir. Amma təəssüf ki, bizdə bu sahə hələ də inkişaf etməyib. Bizim əhali istirahətə kor-koranə yollanır. Amma bu iş turizm şirkətlərinə həvalə edilsə, şirkət avtobus da ayırar, sükanın təcrübəli sürücüyə etibar edilməsinə məsuliyyət daşıyar. Gözlənilməz bir hadisə baş verdikdə də səbəblər aydınlaşsın, məsuliyyəti üzərinə götürən olsun. Hətta daha yaxşı olar ki, şəhərdən səyahətçiləri daşıyan avtobus bölgədə yerli relyefə bələd birisinə həvalə edilsin. Amma kimdir bu şərtlərə məhəl qoyan? İllər uzunu şəhər yollarında şütümüş birisini Qəbələyə, Qusara, Şamaxıya aparmağa nə ad vermək olar?! Axı bu sürücü əraziyə bələd deyil. Sərt döngələri, aşırımları tanımır. Hesab edirəm ki, turizm və səyahət məsələlərində şərtlər ciddiləşdirilməlidir.
Məlahət Rzayeva