
“Seymur Baycanla bir dəfə də olsa üz-üzə gəlməmişik”
Tolik: “Mən, sadəcə bu millətin ziyalı bir qələm sahibinin müraciətinə etinasız yanaşa bilmədim”“Müxalif yönlü kitab, əsər olsa, ona maddi yardım göstərmərəm”

Bu məmləkətdə kitab yazanlar çox olsa da, kitab oxuyanlar çox azdı. Hələ kitabın nəşrinə maliyyə xərcləyən isə tək-tək adam tapılar. Bu günlərdə tanınmış yazar Seymur Baycanın sosial şəbəkədə etdiyi müraciətə reaksiya diqqətləri özünə çəkdi. Qeyd edək ki, Seymur Baycan feysbuk hesabında belə bir müraciət paylaşıb: "Bir kitab var, nəşr olunmalıdı. Kim kitabın nəşrini maliyyələşdirə bilər? Başa düşürəm böhrandı, iqtisadi çətinliklər var. Bununla belə, düşünürəm bəlkə kimsə ... birdən ... nəsə ...
Olmasa da, problem deyil. Hansı xalqa mənsub olduğumu, kimlərin arasında yaşadığımı bir daha dərk edərəm. Trotski demişkən, reallığı dərk etmək qələbənin yarısı deməkdir”.
Kifayət qədər ədəbi mühitdə məşhur olan Seymur Baycanın bu müraciətinə qısa müddətdə tanınmışlardan biri tərəfindən münasibət gəldi. Azərbaycan şou-biznesinin məşhur prodüseri Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə yazıb. Prodüserin paylaşdığı fikir müzakirələrə də səbəb oldu. Bu qədər imkanlı insanların olduğu məmləkətdə kitab çap etdirməyə kömək edənlər azdı. Amma hər halda xoşniyyətlilər də var. Şou-biznesin qalmaqallı prodüseri Tolik Seymur Baycanın paylaşdığı müraciətə "Şərq” vasitəsilə cavab verdi. Maraqlandıq ki, Tolik necə oldu ki, Seymur Baycana dəstək olmaq istədi?
- Mənim Seymur Baycanla şəxsi tanışlığım yoxdur. Təxminən iki il əvvəl Seymur Baycan mənim barəmdə tənqidi yazı yazmışdı. Düzdü, barəmdə olan yazıda mənim yaxşı xüsusiyyətlərim az da olsa əksini tapmışdı. Maraqlandım ki, Seymur Baycan kimdi? Dedilər ədəbi mühitdə savadlı yazarlardan sayılır. Mənim də hər zaman ziyalı, savadlı yazarlara hörmətim olub. Hətta məndən tənqidi yazılsa belə, bu mənim onlara olan hörmətimə təsir edə bilməz.
Yəni bu imza o vaxtdan yadımda qalmışdı. Feysbukda paylaşdığı diqqətimi çəkdi. Mən də Azərbaycan övladıyam. İstəyirəm ki, Azərbaycanın hər sahəsində inkişaf olsun. Ürəyimdən keçdi, dəstək olmaq istədim. Heç düşünmədim ki, paylaşdığım fikir bu qədər maraq yarada bilər. Sadəcə, insan olaraq ürəyimdən nə gəldisə, o addımı atmağı sevirəm.
- Bəs tanımadığın, şəxsi münasibətin olmayan yazara bu şəkildə dəstək olmaq nədən qaynaqlanır?
- Yenə deyirəm ki, o insanla həyatda bir dəfə də olsa üz-üzə gəlməmişik. Amma kəskin qələmi olan insan kimi tanıyıram. Mən sadəcə bu millətin ziyalı bir qələm sahibinin müraciətinə etinasız yanaşa bilmədim.
- Çap etdirmək istədiyin kitabın müəllifinin yazdığı həmin əsərin janrı səni heç maraqlandırmayıb ki, kitab nədən bəhs edir, nədən yazılır?
- Mən dövlətimə və dövlətçiliyimə bağlı insanam. Bunu da hər zaman bildirirəm. Ona görə də çəkinmədən bunu deyə bilərəm ki, müxalif yönlü kitab, əsər olsa, ona maddi yardım göstərmərəm. Amma dövlətin maraqlarına zidd olmayan əsərdən söhbət gedirsə, sözümün sahibiyəm, dəstək də olacam.
- Seymur Baycanla görüşmək niyyətin var?
- Təbii ki, onunla görüşməliyəm, tanış olmalıyam. Eşitdiyim qədər kitab Seymur Baycanın şəxsi həyatını əks etdirəcək. Yəni həmin kitabda siyasi məqamlar olmasa, Seymur Baycana dəstək olacam. Yenə deyirəm, mən Azərbaycan ədəbiyyatının inkişafını çox arzulayıram. Təki elə yazarlarımız, elə əsərlərimiz olsun ki, Nobel mükafatına layiq görülsünlər. Biz özümüzkülərə qiymət verməsək, bizə kim dəyər verəcək? İstəməzdim də bu məsələ bu qədər müzakirə predmeti olsun. Mən insanlığımı göstərmək istədim. Şəxsi tanışlığım olmadığından sosial şəbəkədə fikrimi paylaşdım.
- Özün kitab oxuyursan?
- Deyim ki, tez-tez kitab oxuyanam, yalan olar. Amma oxuduqlarım da olub. Birdəki, söhbət kitab çap etdirmək istəyən yazarın müraciətindən gedir. Ola bilər mənim bu paylaşdığımdan sonra imkanlı bir azərbaycanlı meydana çıxar deyər ki, mən bir neçə kitabın nəşri üçün maliyyə verməyə hazıram.
- Tolik əvvəllər sərt, kəskin qalmaqalları ilə diqqət çəkən şou-biznes nümayəndəsi idi. Son vaxtlar isə yumşaq olmusan. Xeyriyyə aksiyalarında, barışıqlarında Tolikin adı çox çəkilir.
- Bilirsiz, təbii ki, həyat, yaş özünü göstərir. Bir də İlhamə xanım Quliyevanın ölümü məni sanki tərpətdi, silkələdi. İlhamə xanımın sağlığında ona yaltaqlananların, efirdə onun yanında görünmək istəyənlərin, şəkil çəkdirənlərin, o, rəhmətə gedəndən sonrakı sifətlərini görəndə başa düşdüm ki, həyat nə qədər fanidir. Ona yaltaqlananlar, onun ölümündən sonra şir, pələng olduqlarını göstərmək istədilər. Amma yaltaq həmişə yaltaqdı, dürüst insan da dürüstlüyünü itirmir. Onun ölümü həyatı bir də mənə tanıtdı. Ona görə də həyatda yaxşılıq etmək lazımdı. İnsan yaşadığı müddətdə çalışmalıdı ki, yaxşılıq etsin, 5 günlüq dünyada özünə rəhmət qazansın. Mən bundan sonra da çalışacam ki, barışıq mövqeyində olum, imkan qədər yaxşılıq edim. Hər birimiz bu dövlətin inkişafı üçün əlimizdən gələni etməliyik. Sənəti olan insanlar hər zaman başqasının uğuruna sevinmir. Düşünür ki, niyə mən 3 diplom sahibi, ali savadlı olmağıma baxmayaraq başqalarının imkanı var. Dünən gəlmiş, heç bir universitet bitirməyən birinin indi maşını, evi olur. Amma bu, Allahın verdiyi ruzidir. İndiki imkanlı daydaylara kitab, kino, teatr maraqlı deyil. Hər birimiz ətrafımızda baş verənlərə laqeyd qalmamalıyıq.
P.S
Seymur Baycanın Kulisə açıqlamasında yaranmış vəziyyətdən məmnun olduğu görünür. O bildirib ki, Tolik bir çoxlarından fərqli olaraq yazdığı müraciəti daha anlayışla qarşılayıb:
"Hətta kitabın nəşrinə maddi yardım göstərməsə belə, göstərdiyi mənəvi dəstəyə görə ona minnətdarlığımı, təşəkkürümü bildirirəm. Bu vaxta qədər kitablarımın nəşr olunmasına maddi dəstək verən adamların adlarını açıqlamamışam. Bəziləri heç bunu özləri də istəməyib. Amma Tolik kitabın nəşrinə maddi dəstəyini göstərsə, kitabın elə ilk səhifəsindəcə iri və qara şriftlərlə yazacam ki, kitabın nəşrində göstərdiyi maddi və mənəvi dəstəyə görə prodüser Tolikə öz minnətdarlığımı bildirirəm.”
Tahirə