Vüqar Bayramov: “Planı doldurmaq və ya daha çox sərnişin toplamaq onlar üçün heç bir halda başlıca məqsəd olmamalıdır”
“Şeytan arabası” evlər yıxır
Nə qədər ki, maaş məsələsi həll olunmayıb, Bakının küçələrində “20 qəpik” dalınca şütüyən çox qəzaların şahidi olacağıq
Vüqar Bayramov: “Planı doldurmaq və ya daha çox sərnişin toplamaq onlar üçün heç bir halda başlıca məqsəd olmamalıdır”
Vüqar Bayramov: “Planı doldurmaq və ya daha çox sərnişin toplamaq onlar üçün heç bir halda başlıca məqsəd olmamalıdır”
"Sehirli xalat” filmində saraydan qaçan Xanın ona sarı gələn avtobusu görəndə "Vay, şeytan arabası” deyərək qaçdığı səhnə yəqin ki, hər birimizin xatirindədir. Bax, 21-ci əsrin Bakısında vəziyyət o cürdür. İnsanlar marşrut avtobuslarına "şeytan arabası” kimi baxırlar. Avtobus şoferlərini görəndə isə "Vay, cin, cin” deyib, başlarını tuturlar. Əslində, haqsız da sayılmazlar.
Məcburiyyətdən şəhərə çıxan insanlar axşam evə sağ qayıdacağına əmin deyil. Axı, bir gündə bir neçə avtobus marşrutunun qəza törətdiyi bir şəhərdə kimə təhlükəsizliyi üçün təminat vermək olar? Tutulan tənqidlərə, edilən qadağalara baxmayaraq, yol qırğınları can almaqda davam edir. Şübhəsiz ki, insanların ölüm fətvasını verən yol-nəqliyyat qəzalarını doğuran səbəblər və buna şərait yaradan şəxslərdir. Əksər hallarda isə yüksək sürət, ya da digər yol-hərəkət qaydalarının kobud şəkildə pozulması kimi faktlar. Sərnişin avtobuslarının əksəriyyəti digər avtobusdan önə düşmək üçün küçələrdə adətən şütüyür, nəticəsi isə belə olur. Qeyd edək ki, paytaxtda ölkə ictimaiyyətində növbəti dəfə narahatlığa və narazılığa rəvac verən yol-nəqliyyat qəzası qeydə alınıb və təəssüf ki, sərnişin avtobusunun yaratdığı qəza bir məktəbliyə həyatı bahasına başa gəlib. Belə ki, Maştağa qəsəbəsində 172 saylı marşrut avtobusu idarəetmədən çıxaraq, yol kənarında dayanan iki məktəblini vurub. Şahidlərin verdiyi məlumata görə, nəticədə onlardan biri hadisə yerində ölüb, digəri isə yüngül xəsarət alıb. Ölən məktəblinin 14 yaşında oğlan olduğu bildirilib. Sabunçu Rayon Polis İdarəsindən də faktı təsdiqləyiblər. Mütəxəssislər ictimai nəqliyyata müvafiq qurumların ciddi nəzarət etməsini qəzaların sayını azaltmaq üçün önəmli addım hesab edirlər. Ekspert Ərşad Hüseynov isə hesab edir ki, avtobuslarda maaş sisteminə keçilməyənə qədər bu proses davam edəcək. Onun sözlərinə görə, daşıyıcıların marşrutlara daxili nəzarəti demək olar yox səviyyəsindədir. Marşrutlara nəzarətdə yeni mexanizmlərin tətbiq olunması üçün Bakı Nəqliyyat Agentliyinin yaradıldığını vurğulayan ekspert deyib ki, bu qurumun hələ fəaliyyətə tam şəkildə başlamaması da ictimai nəqliyyatda hərc-mərcliyin davam etməsinə səbəb olur: "Bu qurumun fəaliyyətində çox mütərəqqi yeniliklər artıq qanunvericilikdə öz əksini tapıb”.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı- ekspert Vüqar Bayramovun sözlərinə görə, sərnişin avtobuslarının yaratdığı yol qəzalarının qarşısını almaq üçün nəqliyyat sisteminə nəzarət gücləndirilməlidir. Eyni zamanda, hansısa qanun pozuntusuna yol verən sürücülərə qarşı cəzalar sərtləşdirilməli, həmin marşrut xəttinə məsul olan şirkət rəhbərliyinin məsuliyyətə cəlb olunması nəzərdə tutulmalıdır.
İqtisadi faktorların bu cür məsələlərdə heç də az rol oynamadığını vurğulayan ekspert aparılan tədqiqatlara əsasən deyib ki, sükan arxasında olan sürücülərin yol verdikləri kobud səhvlər əksər vaxtlarda ödəniş sistemi ilə bağlı olur: "Yəni ki, qəzaların artmasının bir səbəbi də avtobus sürücülərinin 20 qəpik dalınca qaçmasıdır. Nazirlik onların qarşısında plan qoyub. Hər bir sürücü istəyir ki, planı doldursun. Bunun üçün də daha çox sərnişin götürməsi vacibdir. Çünki Bakının yollarında normal şəkildə avtobus sürməklə planı doldurmaq mümkün deyil. Sürücülər üçün də alternativ yol olmadığı üçün onlar marşrutu harda oldu, necə gəldi saxlayıb, "kliyent” götürür. Bir sözlə, Bakının küçələrində avtobus sürücüləri sərnişin uğrunda mübarizə aparır. Bu mübarizə zamanı sürət həddinin aşılması isə son nəticədə ağır yol nəqliyyat hadisələrinin və insan itkilərinin olmasına səbəb olur”.
V.Bayramov hesab edir ki, bütün inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da ictimai nəqliyyatda çalışan sürücülər üçün əməkhaqqı sisteminin tətbiq edilməsinə böyük ehtiyac var: "Sürücülər sadəcə mövcud qaydalara uyğun olaraq idarəetmə haqqında düşünməlidir. Planı doldurmaq və ya daha çox sərnişin toplamaq onlar üçün heç bir halda başlıca məqsəd olmamalıdır. Bütün bunların həyata keçirilməsi üçün də ölkədə kart sisteminin genişləndirilməsinə ehtiyac var. Birmənalı olaraq, marşrut xətlərində gediş haqqı kartla ödənməlidir. Belə olan halda qəzaların sayı azalar. Ən azından baş verən yol qəzalarında iqtisadi faktor amili aradan qalxar”.
Şəymən