
Şeyx konfransda mesajlar verdi
“İslamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər”
Mübariz Qurbanlı da islam əleyhinə çağırışlar edən qruplardan danışıb və qeyd edib ki, belə qruplar arasında faşist ideologiyasının ardıcılları da ola bilər

Dünən Azərbaycan Milli Elmlər Akademiyasında "İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi olub. Konfransda Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazədə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Türkiyə, Rusiya, İran, Fransa, Almaniya, Səudiyyə Ərəbistanı, Livan, Mərakeş, İsveç, Finlandiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan nümayəndələr də iştirak ediblər.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti Akif Əlizadə açıb. Sonra Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubu Dövlət müşaviri Kamal Abdullayev səsləndirib. İki gün davam edəcək beynəlxalq konfransın iştirakçıları "Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti”, "Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və Azərbaycanın bu prosesdə rolu”, "Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürlərinə qarşı” bölmələri üzrə Azərbaycan, rus, ingilis və ərəb dillərində məruzələrlə çıxış edəcəklər. Tədbirdə çıxış edən Şeyxülislam bəzi mühüm mesajlar verib.
QMİ sədri qeyd edib ki, islamın timsalında bir vəhşi sifət yaratmaq istəyirlər. Dünyada islamdan istifadə edən, mənsəb ayrı-seçkiliyi yaradan, dinləri biri-birinə qarşı qoyan qüvvələr var. Onun sözlərinə görə, bunun nəticəsində qocalar, qadınlar, uşaqlar həyatını itirir: "Həmin qüvvələr islamı istəməyənlərdir. Buna görə də bizim elmə ehtiyacımız var. Eyni zamanda elm adamlarına ehtiyacımız duyulur. Bizim həyatımız, adət-ənənələrimiz islam dini ilə bağlıdır. Yəni islam həyatımızın ayrılmaz hissəsidir. Buna görə də biz dünyaya islamın sülh dini olduğunu göstəririk”. Şeyx deyib ki, bizim səsimiz hələ də dünyanın bütün yerlərinə çata bilmir: "Azərbaycan müsəlman dünyasının bir parçası olmaqla yanaşı, həm də dünyəvi və çoxkonfessiyalı ölkədir. İslam dini ölkəmizdə tarixi-mənəvi irsin, mədəniyyətin, milli mentalitetin ayrılmaz hissəsidir. Yüz illər ərzində etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması Azərbaycan cəmiyyətində milli-mənəvi həmrəyliyi və ictimai-siyasi sabitliyi şərtləndirən tarixi nailiyyətimizdir”.
Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da islam əleyhinə çağırışlar edən qruplardan danışıb və qeyd edib ki, belə qruplar arasında faşist ideologiyasının ardıcılları da ola bilər: "Amma onların arasında özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də islam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiliyində islam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bura elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir. İslam dünyası ictimai-siyasi həyata təsir göstərir. Silahlı münaqişələr, digər problemlərin həlli üçün çağırışlar edilməsi vacibdir. Dünyadakı problemlərin həlli üçün bütün xalqların, din mənsublarının birləşməsi vacibdir”. M.Qurbanlı əlavə edib ki, müasir dövrdə islam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: "İslam maarifçiliyi başqa dinlərin birgə yaşayışını Quranda olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. Bu, Allahın elçisi olan Peyğəmbərin həyatında da özünü göstərir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə deyib ki, minilliklər boyunca Azərbaycan çoxsaylı mədəniyyət və dinlərin kəsişdiyi məkan olub və bu gün də belədir: "Müstəqillik əldə etdikdən sonra Azərbaycanda bir sıra beynəlxalq forumlar keçirilib və bu forumlarda multikulturalizmin və dini dözümlülüyün aktual məsələləri müzakirə olunub. Xalqımıza xas olan tolerantlıq, başqa din və mədəniyyətlərə qarşı hörmətdən bu gün hər yerdə danışılır və konfrans iştirakçıları Bakıda olduqları müddətdə, təbii ki, bir daha bunun şahidi olacaqlar. Şübhəsiz ki, keçirdiyimiz tədbirdə xalqımızın tarixi keçmişi və milli-mənəvi dəyərlərin hazırkı durumunun, islam maarifçiliyinin müasir mərhələdə problemlərinin müzakirəsi gözlədiyimiz töhfələri verəcək”.
İlahiyyatçı-alim Hacı Atif İsmayılov belə genişmiqyaslı tədbirlərin Azərbaycan cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini deyib: "Azərbaycan bəzi radikal qrupların hədəfinə çevrilməməsi üçün bu addımlar çoxdan atılmalı idi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra dini sahədə boşluqlar yaranıb və müəyyən qüvvələr bu boşluqları tutub. Düşünürəm ki, bu cür beynəlxalq konfransların dövlət səviyyəsində təqdim olunması, eyni zamanda dövlət əhəmiyyətli insanların tədbirlərdə söz deməsi, fikir söyləməsi bir çox dini qarşıdurmaların qarşısını alacaq. Həmçinin, Azərbaycana yad olan fikirlərin ölkəyə daxil olmasının və milli-mənəvi dəyərlərə dəyən zərbələrin önünü kəsəcək. Azərbaycan müsəlman ölkəsidir. Fikrimcə, bütün dünya müsəlmanlarının dini məsələlərdə yekdil olması Azərbaycanın xoşbəxt gələcəyi üçün parlaq bir addım ola bilər. İstər kiçik, istərsə də genişmiqyaslı konfransların təşkil olunması və tədbirlər mühüm mesajların verilməsi üçün çox önəmli amildir”.
İsmayıl