“Şeyxülislam” mükafatı birmənalı qarşılanmadı

Vüsal Məmmədov: “Sosial şəbəkədə lağ edənlər çox oldu, amma ciddi baxsaq, burada ələ salınacaq bir şey yoxdur”
Elçin Mirzəbəyli: “İnandırım ki, QMİ bu mükafatı təsis edib, müsabiqə elan edən zaman hamıdan əvvəl lağ edənlər yazı təqdim edəcək”
Elçin Şıxlı: "Hansı "ağıllı” ona bu məsləhəti verib, çox maraqlıdır. Şeyx, ətrafındakı"ağıllıları” bir az araşdırsa, daha yaxşı olar”


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə jurnalistlər
üçün "Şeyxülislam mükafatı”nın təsis olunması üçün təkliflər verib. Bu mükafat jurnalistlərə milli￾mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Azərbaycanda "Şeyxülislam mükafatı”nın yaradılması ilə bağlı açıqlaması birmənalı qarşılanmayıb.


"Şeyxülislam mükafatı”nın təsis olunması sosial şəbəkələrdə tənqid və lağ obyektinə çevrilsə də,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda "Şeyxülislam”
mükafatının təsis olunması ilə bağlı təklifi müsbət dəyərləndirib. 

Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təklifi dini sahədən yazan jurnalistlərin mükafatlandırılmasını nəzərdə tutur: "Şeyxülislam” mükafatının təsis olunmasına, dini mövzuda seminar keçirilməsinə etiraz edənlər ya ateistdirlər, ya da tam olaraq hansı dinə mənsub olduqlarına qərar verə bilməyiblər. "Şeyxülislam” mükafatı Allahşükür Paşazadə mükafatı deyil. Şeyxülislam başqa adamlar da olacaq. Bu mükafat o zaman da veriləcək”. Dövlət Komitəsinin sədri vurğulayıb ki, Azərbaycan çox həssas bölgədə yerləşir: "Rusiyada dini mövzuda yazan jurnalistlərin gildiyası yaradılıb və dini həssaslıq, dini vəziyyət nəzərə alınır. Azərbaycan da həssas bir bölgədə, islamla xristianlığın təmas nöqtəsində yerləşir. Biz bütün məsələlərdən - etnik, dini məsələlərdə yazanda diqqətli olmalıyıq. Milli maraqlarımıza zidd olmayan mövqe seçməliyik”.

AzVision.az-ın baş redaktoru Vüsal Məmmədov isə bunun normal praktika olduğunu deyib:

"Şeyxülislamın və başçılıq etdiyi qurumun vəzifəsi Azərbaycanda islamın yayılmasına dəstək
olmaqdırsa, jurnalistlər üçün mükafat təsis etmək də bu dəstəyin bir elementidirsə, niyə də yox?
Düzdür, sosial şəbəkədə lağ edənlər çox oldu, amma ciddi baxsaq, burada ələ salınacaq bir şey
yoxdur”.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə "Şeyxülislam” mükafatının təsis
olunması təklifini yüksək qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, mükafat olsa da, olmasa da, Qafqaz Müsəlmanları İdarəsinin jurnalistlərə diqqət ayırması və media ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində real addımlar atması və bu cür maraqlı ideyalar ortaya qoyması təqdirəlayiq haldır: 

"Hər hansı bir layihənin nəticəsini bilmədən onu dəyərləndirmək çətindir. Bu
mənada "Şeyxülislam” mükafatının təsis olunması ilə bağlı konkret fikir bildirə bilmərəm ki,
meyarları necə olacaq, effekt verəcək ya yox? Amma onu bilirəm ki, indidən tənqid etmək, lağ
obyektinə çevirmək də düzgün deyil. Sizi inandırım ki, QMİ bu mükafatı təsis edib, müsabiqə elan
edən zaman hamıdan əvvəl lağ edənlər yazı təqdim edəcək. QMİ bu addımı media ilə əməkdaşlığını
gücləndirmək üçün təsis edib. Burada başqa bir maraq yoxdur. Olsa belə, kiminsə hər hansı formada
müdaxilə imkanı yoxdur. Biz sadəcə mükafat təsis olunandan sonrakı mərhələdə prosesin necə
keçirildiyini və nə dərəcədə effektiv nəticələrə nail olunduğunu təhlil edə bilərik. İndiki mərhələdə
isə sadəcə təqdir etmək və gözləmək lazımdır”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı isə "Şeyxülislam” mükafatının yaradılmasına
ehtiyac olmadığını deyib: 
"İnanın ki, daha sözüm yoxdur. Çünki hansısa dini mövzuda yazan
jurnalistlər üçün müsabiqə təşkil edib, onun nəticələrinə görə də yerlərin verilməsi düzgündür.
Amma dini mövzuda yazan jurnalistlər üçün mükafatın verilməsi qəribədir. Ümumiyyətlə, bu barədə
yazmağa dəyməz. Çünki dini təbliğ etməyə ehtiyac yoxdur. Din haqda araşdırmaq lazımdır. Bu
sahədə araşdırma aparmaq tamam başqa məsələdir”.

Elçin Şıxlı hesab edir ki, şeyx bu məsələ üzərində bir daha düşünməlidir: "Zənnimcə, belə bir
mükafat olmamalıdır. Hesab edirəm ki, şeyx bunu etməsəydi, yaxşı olardı. Hansı "ağıllı” ona bu
məsləhəti verib, çox maraqlıdır. Şeyx, ətrafındakı "ağıllıları” bir az araşdırsa, daha yaxşı olar. Çünkibu cür mükafat verilməməlidir. Hazırda xeyli sayda mükafatlar verilir. Min dənə jurnalist mükafatı
var”.
Bu vaxta kimi dinlə bağlı normal yazıyla rastlaşmadığını vurğulayan E.Şıxlının sözlərinə görə,
mükafatı dindən düzgün yazana vermək olar: "Amma mən indiyə kimi dinlə bağlı əməlli yazı yazan
görməmişəm. Ola bilsin ki, kimsə yazıda fəlsəfi nöqteyi-nəzərdən dinə toxunub. Amma bir də var
ki, ancaq dindən yazasan. Bu, başqa şeydir. Bu, dinin təbliğidir”.

Şəymən