Sifilis xəstəsi, narkoman və cinayətkar...
Uşaqların internatdan sonra sahibsiz qalması böyük təhlükələrdən xəbər verir
Azərbaycanda küçə uşaqları arasında sifilis aşkarlananları da var. Bu barədə Movqe.az-a açıqlamasında 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserinin şöbə müdiri Hürriyyə Qarayeva məlumat verib. H.Qarayeva bildirib ki, sifilis aşkarlanan uşaqlar əsasən 14-15 yaş arasında olurlar: "Küçə uşaqlarında göbələk, qoturluq və bitliliyə daha çox rast gəlinir. Bu cür dəri xəstəliklərinin məhz küçə uşaqları arasında daha çox qeydə alınması, onların eyni əşyalardan, yataqdan, geyimdən istifadə etməsi ilə əlaqədardır. Qoturluq, göbələk xəstəliyi hava-damcı yolu ilə yoluxmur.
Bu xəstəlik birbaşa dəriyə təmas vasitəsilə keçir. Küçə uşaqları sığındıqları yerlərdə yataq dəstlərindən, müxtəlif əşyalardan, eləcə də, geyimdən istifadə etdiklərindən, bu cür dəri xəstəlikləri onların arasında daha sürətlə yayılır. Həkimə vaxtında müraciət edəndə qoturluq bir həftəyə, göbələk bir-iki aya müalicə edilir”.
H.Qarayeva bildirib ki, eyni zamanda küçə uşaqları düzgün həyat şəraitində yaşamadıqlarından sifilis, qonoreya xəstəliyinə də mübtəla olurlar. Şöbə müdiri dəri-zöhrəvi xəstəliklərin erkən təyininin və müalicəsinin uğurla sonuclandığını söyləyir.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə küçə uşaqlarının ağrılı problem olduğunu dedi:
- Biz küçə uşaqları ilə bağlı bir neçə dəfə monitorinqlər aparmışıq.
Küçə uşaqları arasında nəinki həyat tərzlərindən, yaşayış şəraitindən dolayı müxtəlif bakterial xəstəliklər, hətta yoluxucu xəstəliklər də yayılır. Küçə uşaqlarının, yeniyetmələrin narkotiklərə, psixotrop maddələrə aludəçiliyi ilə bağlı da dəfələrlə həyəcan təbili çalmışıq. Bu uşaqlar nəzarətsizdir və təbii ki, belə şəraitdə istənilən ağır, qorxunc xəstəliklərə yoluxma riskləri də böyükdür. Ümumiyyətlə, nəzarətsiz uşaq potensial risk qrupundadır. Xəstəliyə yoluxma riski də böyükdür, narkotiklərə aludəçiliyi də, cinayətkar qruplara qoşulması da.
Küçə uşaqları arasında nikahdankənar doğulanlar və problemli ailələrin övladları üstünlük təşkil edir:
- Nikahdankənar doğulan uşaqların sayının artmasında erkən nikahların rolu danılmazdır. Rəsmi nikahın bağlanması qanunsuz olduğundan, adətən belə hallarda nikahdankənar övladlar dünyaya gəlir. Bəziləri nikah şəhadətnaməsini uşaq olduqdan sonra da almadıqlarından, uşaqlarının 6 yaşı tamam olduqda məktəbə göndərə bilmirlər. Və beləcə küçə uşaqlarının sayı artır. Təhsil almayan uşağı isə gələcəkdə hansı problemlərin gözlədiyi bəllidir. Ya dilənçilik edəcək, ya oğurluq, daha dəhşətlisi, hansısa cinayətkar qrupun toruna düşəcək. Burada uşaqların, internatdan sonra faktiki sahibsiz qalması da böyük amildir. İşsiz qalan, yaşamağa yeri olmayan yeniyetmənin gedəcəyi yer özü kimi sahibsiz uşaqların yanıdır. Belə yerlərdə isə uşaqlar istənilən xəstəliklə də, cinayətlə üz-üzədirlər. Onları buna təhrik edənlər də olur.
Narkotik maddələrin satışı, paylanması, daşınması, saxlanması kimi cinayət tərkibli işlər üçün də məhz belə uşaqlar seçilir. Küçə həyatı keçirən uşağın cinayətkar kimi yetişməsi üçün əslində, tam "münbit şərait” mövcuddur. Belə uşaqlar narko-ticarətçilərin əlində vasitə də olur.
M.Zeynalova vurğuladı ki, rəhbərlik etdiyi birlik küçə uşaqlarının həyatı ilə bağlı monitorinqlər aparıb. Və məlum olub ki, küçə həyatı yaşayan uşaqlar arasında taksikomaniya geniş yayılıb:
- Taksikomaniya isə narkotik asılılığından da ağır bəladır. Narkotik asılılığından yaxa qurtarmaq üçün müalicə üsulları var. Amma taksikomaniya ilə bağlı belə üsullar yoxdur. Yeniyetmə yaşında bu asılılığa düçar olmuş şəxsin getdikcə narkotiklərə qurşanacağı daha realdır. Cinayətkar qruplar da məhz belə uşaqları hədəf seçir. Və onlardan cinayət əməllərində istifadə edirlər. İlk növbədə uşaq və yeniyetmələrin zərərli vərdişlərdən sığortalanması təmin edilməlidir. Bu uşaqlarla söhbətlər aparılmalıdır, mümkün qədər onları ayıltmaq lazımdır. Narkotiklərə və ya digər uyuşduruculara asılılıq yarandıqdan sonra, qarşısını almaq çətinləşir. Yoluxucu xəstəliklər də narkotik maddələrə aludəçilik zamanı yaranır. Təsəvvür edin ki, bir yerdə yatıb-duran, eyni əşyalardan istifadə edən uşaqlar istənilən xəstəliyə tutula bilər. Sifilis də, qonoreya da ağır virus xəstəlikləridir. Bu xəstəliklər sonsuzluq yaradır. Hazırda nikaha daxil olanların icbari tibbi müayinədən keçməsi artıq qanuniləşib. Bu qanun sağlam nəsil yetişdirilməyə yönəlib. Amma nəzərə almalıyıq ki, nə qədər nikahsız ailələr var və belə ailələrdə nikahdankənar uşaqlar dünyaya gəlir. Belə ailələrdə nə ana, nə də körpə heç bir tibbi müayinədən keçmir, sağlamlığı yoxlanmır. Bu cür hallar gələcəkdə başqalarının da həyatını təhlükəyə atacaq. Küçə uşaqlarının tibbi müayinəyə və müalicəyə cəlb olunması vacibdir. Bu müayinə və müalicə icbari xarakter daşımalıdır. İcra hakimiyyətləri, polis orqanları, sahə müvəkkilləri, yerli bələdiyyələr də küçə uşaqlarının toplaşdığı əraziləri tanıyır, bilir. Bütün qurumlar küçə uşaqlarının müayinə və müalicəyə cəlb edilməsinə çalışmalıdır. Uşaqları küçədən yığa bilmirik, heç olmasa, xəstəliklərdən qurtulmalarına çalışaq.
Məlahət Rzayeva