Sığorta şirkətləri niyə bağlanır? - Etimadı doğrultmadılar




"Sığorta şirkətləri onlara göstərilən etimadı doğruldub, inamını qazana bilmədilər" 
Bunu Sherg.az-a 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların ləğv edilməsinin səbəblərini açıqlayarkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, hazırda sığorta şirkətlərinə və sığorta sisteminə inam aşağı olaraq qalır:

"Sığorta sahəsinə inamın aşağı olması sığorta şirkətlərinin fəaliyyəti ilə bağlıdır. Aparılan monitorinqlər göstərir ki, bir sıra hallarda sığorta şirkətləri öhdəliklərinə praktik olaraq əməl etmirlər. Bu da əhalidə sığorta şirkətlərinə inamın azalmasına gətirib çıxarır. Sözsüz ki, bu ciddi problemdir. Mətbuatda da bununla bağlı məlumatlar dərc olunur. Sığorta hadisəsi baş verir, sığorta olunan şəxs uyğun olaraq müəyyən edilmiş ödənişi ala bilmir. Bu isə ona gətirib çıxarır ki, sığorta şirkətlərinin nüfuzuna zərbə dəyməsi təhlükəsi yaranır. Bütün bu halların qarşısının alınması üçün qanunla nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsində sığorta şirkətləri daha məsuliyyətli davranmalıdır. Elə sığorta şirkətləri üçün ən mühüm problem də nəzərdə tutulan qaydada qanunu icra etməmələridir”.

V. Bayramov problemin həll edilməsini uzunmüddətli dövr üçün kompleks tədbirlərin həyata keçirilməsində görür. Ekspert iddia edir ki, sığorta şirkətlərinin və ya sığorta fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin lisenziyalarının ləğv olunması heç də bu sahədə müşahidə edilən problemlərin həll edilməsi anlamına gəlməməlidir:

"Sığorta şirkətlərinə və sığorta fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə inamı formalaşdırmaq üçün konkret tədbirlər görmək lazımdır. Sığorta şirkətləri problemin həlli ilə bağlı məlumatlandırılmalıdır. Öhdəliklərin həyata keçirilməsinə əməl olunması baxımından onların məsuliyyəti artırılmalıdır”.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının qərarına əsasən 42 nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Aysel Aslan