"Avtomobil sığortası sistemi hələ də köhnə qaydada sistemləşdirilib”.
Bunu "Sherg.az”a sığortaçı şirkətlər tərəfindən təklif olunan qəza zamanı avtomobillərə dəyən ziyanın ödənilməsi modelləri barədə danışarkən Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyib.
O vurğulayıb ki, sürücülər ödəniş almaq üçün günlərlə, aylarla gözləməli olur:

"Sığortaçılar bir müddət əvvəl təkliflə çıxış ediblər ki, qəza zamanı Dövlət Yol Polis İdarəsindən arayış alınması prosesi elektronlaşdırılsın. Bu təklifi reallaşdırmaqla sığorta prosesini asanlaşdırmaq mümkündür. Qanunvericiliyə görə, 1000 manata qədər dəymiş zərəri yol polisinin protokoluna əsasən təmin etmək olar. İki sürücüdən birinin qəzada günahkar olduğu müəyyənləşdirilirsə, günlərlə "Forma 4” arayışını gözləməyə ehtiyac yoxdur.
Sığorta şirkətləri bəzən sürücülərin qarşısına ağılagəlməz tələblər qoyurlar. Məsələn, hadisə sürücüdən yerindən tərpənməməyi tələb edirlər. Dəfələrlə olub ki, intensiv hərəkət olan yollarda qəza törədən sürücünü şirkət əməkdaşlarını gözləyərkən maşın vurub. Sürücülər sığorta şirkətlərindən haqqı olan kompensasiyanı ala bilmək üçün həyatlarını təhlükəyə atırlar”.
Sürücülərin maarifləndirilməsinə toxunan E.Muradlının sözlərinə görə, ilk növbədə qəza törədən sürücülər razılığa gəlməlidirlər:
"Bundan sonra hadisənin çertyoju, yaxud mobil telefonla adi formada hadisə yerinin fotosu çəkilməlidir. Həmin görüntülərlə Dövlət Yol Polisinə yaxınlaşdıqda günahkar hansı sürücüdürsə, müəyyənləşdirilir, lazım olan sənədlər hazırlanır. Nadir hallarda dəyən zərər 1000 manatdan çox olur.
Bizdə icbari sığortanın maksimum məbləği 5000 manatdır. İldən ilə maşınların, ehtiyat hissələrinin qiyməti yüksəlsə də, sığorta məbləği dəyişmir. Azərbaycanda elə avtomobil var, tək ön işığının qiyməti 5000 manatdır. Bu təzadlar sığorta bazarına nəzarət edən təsisatlar tərəfindən nəzərə alınmalıdır. Sürücülərin qarşılaşdığı bu kimi problemləri qanunvericilikdə müəyyən olunan qaydalarla önləmək lazımdır”.
Qeyd edək ki, Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub. Görüş zamanı "Audatex Azərbaycan" şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model – amortizasiya və auksion (hərrac) modelləri üzrə müzakirələr aparılıb. Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır. Auksion (hərrac) modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir. Nəticə olaraq, sığortaçılar tərəfindən auksion modelinin daha məqsədəmüvafiq olacağını bildirib.
Aysel Aslan