“Silahla davrana bilməyən məktəbli də cəbhəyə getmək istəyir”
Müsavi Kamil: “Azərbaycan bu cür döyüş əzmi və yüksək əhval-ruhiyyə ilə yeni tarix yaza bilər”
Bir müddət öncə cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirən kəşfiyyatçı, baş leytenant, Qazax güləş məktəbinin yetirməsi Müsavi Kamil "Şərq”in suallarını cavablandırıb. Onunla ordumuzun gücü, işğal olunmuş ərazilərimizin təmas xəttində yaşanan silahlı qarşıdurma, silahlı qüvvələrimizin uğurları, Azərbaycan xalqının böyük ruh yüksəkliyi və s. məsələlər ətrafında söhbət açdıq.
- Artıq deyə bilərikmi ki, Azərbaycan ordusu düşmənə öz qüdrətini göstərdi?
- Əlbəttə. Baxın, hazırda Azərbaycan ordusu Ermənistana lazımi gücünü nümayiş etdirir. İndiki məqamda ölkəmizdə heç səfərbərlik də elan olunmayıb. Düşmən ölkə isə ordumuzun qarşısında
tab gətirə bilməyib, səfərbərlik elan etdi. Amma Azərbaycan ordusu düşmənlə vuruşur. Döyüşçü dostlarla əlaqə saxlayıram. Zabit və əsgərlərimiz də yüksək əhval-ruhiyyədədirlər.
- Bəs mülki əhalidə döyüş əzmi, ruh yüksəkliyi hansı səviyyədədir?
- Hazırda bir tədbirdəyəm. Mülki vətəndaşlar bizə "niyə bizi cəbhəyə çağırmırlar, biz niyə cəbhədə deyilik” kimi suallar verirlər. Cəbhəyə yollanamaq istəyirlər. Əhval-ruhiyyə o qədər yüksəkdir ki, hətta silahla davranışı bilməyən məktəbli uşaqlar belə döyüşə, ön cəbhəyə getmək istəyirlər. Bu isə o deməkdir ki, Azərbaycan bu cür döyüş əzmi və yüksək əhval-ruhiyyə ilə yeni tarix yaza bilər.
- Keçmiş döyüşçülərdən cəbhəyə yollanmaq istəyənlər varmı?
- Şübhəsiz. Çoxsaylı müharibə əlilləri tanıyıram ki, cəbhəyə getmək üçün aidiyyəti orqanlara müraciət edirlər. Hətta elə mərd qadınlarımız var ki, döyüşə qatılmaq istəyir. Təsəvvür edin, əmim qızı mənə deyir ki, sosial şəbəkələrdə və telekanallarda ordumuzun uğurlarını müşahidə edirəm və özümü bu vətəndən saymıram. Çünki əsgərlərimizə heç bir köməklik göstərə bilmirəm. Baxın, bunu bir qadın, qız deyir. Bir sözlə, Azərbaycan cəmiyyətində ruh yüksəkliyi çox böyükdür. Əhali Ali Baş Komandanın əmrini gözləyir.
- Əhalinin ordumuzun gücünə inamı varmı?
- Təbii. Camaatda həyəcan, təşviş, təlaş və s. kimi hisslərdən əsər-əlamət yoxdur. Ona görə ki, insanlarımız hər gün qələbə, zəfər xəbərləri alır. Torpaqlarımızın geri qayıtmasına dair məlumatlar əldə edir. Bunun fonunda da öz dəstəyini göstərməyə can atır. Azərbaycan xalqı ordumuzun gücünə və Prezidentin iradəsinə arxalanır. Bir daha qeyd edirəm ki, hazırda əhali arasında heç bir təlaş, təşviş yoxdur. Bu da ordumuzun gücündən irəli gəlir. Əhali baxır ki, ordumuz düşmənin layiqli cavabını verir. İnsanlarımız oturub, erməni mənfurların qırılması səhnəsini izləyir.
- Ordumuz bir neçə yüksəkliyi düşməndən geri aldı. O yüksəkliklərin əhəmiyyəti nədən ibarətdir?
- O yüksəkliklər bizə strateji cəhətdən çox lazım idi. Düşmən həmin yüksəkliklərdən bizim bölmələri rahat şəkildə atəşə tutmaq imkanına malik idi. Amma indi həmin yüksəkliklər bizdə olduğu üçün düşmənə lazımi zərbəni vura bilirik. O yüksəkliklər strateji cəhətdən lazımsız olsaydı, düşmən onun təkrar qaytarılmasına cəhd göstərməzdi.
- Bir kəşfiyyatçı zabit kimi indiki məqamda əhaliyə hansı çağırışı edərdin?
- Məndən yaşda böyüklərə tövsiyə, çağırış eləmək yaxşı çıxmaz. Amma gənclərə deyirəm ki, dezinformasiya yaymasınlar. Ajiotaj yaradıb, millətin arasına çaxnaşma salmasınlar . Yalan məlumatlar yayıb xalqı ruhdan salmasınlar. "Filan rayon boşalır” deyib əhalidə vətənpərvərlik ruhunu öldürmək olmaz. Xalqımız döyüşkən, qəhrəman və əzmkar xalqdır. Məsələn, 20 Yanvar hadisələrində tankın qabağına əli silahsız, ayağı yalın çıxan xalqdır. Biz qeyrətli, mərd millətik. Bu gün vuruşan əsgərlərimiz də həmin insanların davamçılarıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Torpaq uğrunda şəhid verərkən üzülməli deyilik. Sosial şəbəkələrdə "daha bir şəhid də verdik” başlıqlı statuslar yazırlar. Bu cür yanaşma doğru deyil. Ərazi bütövlüyümüzün təminatı və torpaqlarımızın işğaldan azad olunması uğrunda savaş gedirsə, şəhid də verəcəyik.
Baxın, düşmən mətbuatı öz meyitlərinin şəklini çəkib, Azərbaycan əsgərləri kimi təqdim edir. Əslində isə onlar erməni əsgərlərinin meyitləridir. Azərbaycan Müdafiə Nazirliyi mütəmadi olaraq dəqiq məlumatlar verir. Ermənilər bu cür dezinformasiyalar verməklə xalqımızı ruhdan salmaq istəyirlər. Azərbaycan xalqı və ordu ilə birgədir. Təkrar edirəm ki, milləti ruhdan salacaq ən başlıca amil dezinformasiyadır. Düşmənin buraxdığı dezinformasiyaya uymaq olmaz. Gənclərimiz, insanlarımız diqqətli olmalıdır. Jurnalistlərimiz yalnız təsdiqlənmiş xəbər yaymalıdırlar.
- Hazırda səfərbərlik elan olunsa, döyüşlərə qatılarsınızmı?
- Düzdü, mənim kimi yüzlərlə insanlarımız var ki, döyüşlərə hazırıq. Qaça bilməsək də, bir mövqedə dayanıb, düşməni məhv edəcəyik. Özbaşına deyilik. Ali Baş Komandan nə vaxt göstəriş versə, döyüşə atılmağa hazırıq. Bütün Azərbaycan xalqı bu ruhdadır. Ermənistan gözəl anlayır ki, Azərbaycan xalqı döyüşə atılsa, itkiləri birə beş artacaq. Onları qorxudan da elə məhz budur.
Ayyət Əhməd