Sınaq imtahanında çətinliklər olub

Testə hələ keçilməyən dərslərdən suallar salınıb





Aprelin 1-də I-IV ixtisas qrupları üzrə sınaq imtahanı keçirilib. Abituriyentlər riyaziyyat fənnindən olan sualların çətinliyindən şikayətlənirlər.
İmtahanın ödənişli olması da şikayətlərə səbəb olan amillərdəndir. Buna görə imtahanda az sayda abituriyentlərin iştirak etdiyi bildirilir.

Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov "Şərq”ə açıqlamasında əvvəlki illərə nisbətən bu il sınaq imtahanında iştirak edən abituriyentlərin sayının azalması faktını təsdiqləyib: "2016-cı ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv olundu və onun yerinə publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi yarandı. Bundan sonra DİM göstərdiyi elektron xidmətlərdə müəyyən problemlər yaşamağa başladı. Bu problemlər istər sınaq imtahanı, istərsə də qəbul imtahanları ilə bağlı iştirakçıların qeydiyyatdan keçməsi ilə bağlı oldu. Prosedur qaydaları X və XI sinif şagirdlərinin təkbaşına həll edəcəyi səviyyədə deyildi. Kənar peşəkar kömək olmadan qeydiyyatdan keçmək çox müşkülə çevrildi. Məhz bu amil də sınaq imtahanlarında iştirak edənlərin sayına ciddi təsir göstərdi. Əgər 2015-ci ilin bir sınaq imtahanında 50 mindən çox yer ayrılırdısa, o yerlər bir neçə saatın ərzində tutulurdu. İndi isə 23 min yer ayrılıb, amma 20 gün ərzində o yerlər tam abituriyentlər tərəfindən tutulmayıb”.
K.Əsədovun sözlərinə görə, sınaq imtahanında iştirak edənlərin sayına xidmət haqlarının çoxluğu da təsir göstərir: "Sınaq imtahanlarında abituriyentlərin qarşılaşdığı başqa bir problem təqdim olunan test tapşırıqlarının qəbul modelində olmamasıdır. Belə ki, sınaq imtahanlarında istifadə olunan test tapşırıqları daha çox təkrar, əvvəllər istifadə olunmuş, DİM-in test bankından və ya sinif testlərindən olduğu kimi götürülmüş test tapşırıqlarıdır ki, bu da abituriyentlərə öz biliklərini yoxlamağa imkan vermir. Başqa bir problem isə sınaq imtahanında istifadə olunan test tapşırıqlarının mövzularının may-iyun aylarında tədris proqramında olan mövzular olmasıdır. Nəzərə alsaq ki, imtahanda iştirak edənlər əslində orta məktəb bilikləri ilə sınaq imtahanında iştirak edirlər, repetitor yanında əldə etdikləri, repetitorun proqramı ilə yox. Ona görə də DİM sınaq imtahanları zamanı Təhsil Nazirliyinin orta məktəblərdə tədris proqramını nəzərə almalıdır. Keçmədiyi sualı yaza bilməyən şagird az bal toplayır ki, bu da ona psixoloji təsir göstərir. Sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşması üçündür. Bu zaman imtahan iştirakçıları təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını, zamanla işləmək qabiliyyətlərini, testin düzgün cavablarının cavab kartına düzgün köçürülməsi vərdişlərini formalaşdırırlar. Ona görə də qəbul imtahanında iştirak edən hər bir abituriyentin sınaq imtahanlarında iştirak etməsi vacibdir. Lakin müəyyən səbəblədən bütün şagirdlər sınaq imtahanlarında iştirak edə bilmir. Buna qeyd etdiyim kimi, sınaq imtahanlarında iştirak etmək üçün tələb olunan vəsaitin çoxluğu, imtahan keçirilən məktəblərin onlardan uzaq məsafədə yerləşməsi də səbəb olur. DİM sınaq imtahanları üçün nəzərdə tutulmuş binaları müəyyən edərkən ilk növbədə o yerlərin mərkəz yer olmasını, o ərazilərdə qəbul imtahanlarında iştirakın kütləvi olmasını nəzərə alır. Amma əgər DİM buraxılış imtahanlarını daha çox imtahan binasında keçirə bilirsə, sınaq imtahanı iştirakçılarının da rahat və təhlükəsiz gəlməsi üçün bütün rayon, hətta qəsəbə və kəndlərdə sınaq imtahanı binaları təşkil etməlidir. 2016-cı ilə qədər sınaq imtahanlarında iştirak üçün 3 manat tələb olunurdu. Bu ildən sonra isə bakalavr pilləsində keçirilən sınaq imtahanlarında bir nəfərin iştirakı 20 manata, magistr pilləsi üçün isə 30 manat müəyyən olundu. Əlbəttə ki, Azərbaycan cəmiyyəti üçün bu rəqəmlər kifayət qədər böyük idi. Lakin nəzərə alsaq ki, DİM publik hüquqi şəxsdir və dövlət büdcəsindən maliyyələşmir, bu zaman bütün xərcləri, sərf etdiyi resursları hesablayıb xidmət haqqı müəyyən edir. Sınaq imtahanı qiymətinə təsir göstərən amillər əsasən test tapşırığı yazan və yoxlayan mütəxəssislərə verilən vəsaitlər, sual kitabçası üçün sərf olunan kağız daşıyıcıları və elektron xidmətlərin dəyəri, imtahan nəzarətçisi və rəhbərinə verilən vəsaitlər, nəqliyyat və digər xərclərdir. Yəni DİM bütün xərcləri və özünün büdcəsini formalaşdırmaq üçün lazım olan məbləği hesabladıqdan sonra müəyyən imtahanlar üzrə xidmət haqları müəyyən edir. Nə qədər yüksək görünsə də, əməkdaşların saxlanılması və digər vacib amillər üçün bu vəsait zəruridir”.

Yeganə Bayramova