Hər bir sahədə uğurlu nəticə əldə etmək üçün mütləq ilk növbədə maarifləndirmə işi aparmaq lazımdır.
Bu barədə Sherg.az-a "inzibati yollarla siqaret alüdəçliyinin qarşısını almaq mümkündürmü?" sualını cavablandırarkən "Siqaretsiz Həyat” İctimai Birliyinin sədri Rasim İsmayılov bildirib.
Onun sözlərinə görə, vaxtilə müxtəlif sahələr üzrə Avropa ölkələrində aparılan güclü maarifləndirmə işi artıq öz bəhrəsini verib. Məsələn, bu gün avropalılar üçün tütün ələyhinə hansısa bir qanun layihəsinin qəbul edilməsi gülünc olardı:
" Çünki onlar siqaretin insan orqanizminə vurduğu zərərlər barədə kifayət qədər maarifləniblər. Azərbaycanda 2001-ci ildə "Tütün və tütün məmulatı haqqında” qanun layihəsi qəbul olunmasına baxmayaraq, burada qadağalar kifayət qədər ciddi deyil. Hesab edirəm ki, bu gün Milli Məclisin plenar iclasında "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklik edilməsi siqaret aludəçiliyi ilə bağlı qarşıda düran bir sıra məsələlərin həlli istiqamətində işlərin görünməsinə təkan verəcək. Deməli, qoyulan qadağalarla bərabər insanlar arasında maarifləndirmə işi də aparılarsa, siqaret aludəçiliyinin qarşısını qismən almaq mümkün olacaq. Bildiyimiz kimi qanunlar stol arxasında qəbul olunur. "Tütün və tütün məmulatı haqqında" qanuna edilən dəyişiklik istehlakçılar, satıcılar və ya müxtəlif qurumlar qarşısında hansı vəzifələr qoyacaq və bu vəzifələrin icra mexanizmi necə həyata keçiriləcək? Əgər bu kimi sualların tələblərinə düzgün cavab verilərsə, qarşıda görüləcək işlərin uğurlu nəticəsindən danışmaq olar".
Təşkilat sədri bəyan edib ki, Avropa ölkələrinin çoxunda, ictimai yerlərdə tütün məmulatından istifadəyə çoxdan qadağa qoyulub və buna insanlar əməl edir:
" Onlar siqaret aludəçiliyinin sağlamlığa güclü zərbə vurmasını artıq bilirlər. Bəs görəsən bizdə bu istiqamətdə qoyulan qadağalara necə nəzarət olunacaq? Bəli, qəbul olunan qanun layihəsinin qarşıya çıxardığı suallar çoxdur. Hesab edirəm ki, hər bir insanda özünə qadağa hissi olmalıdır. Bunun yolu isə maarifləndirmədən və insan iradəsindən keçir".
Qeyd edək ki, Azərbaycanda tütün və tütün məmulatların reklamı qadağan olunur, tütün və tütün məmulatının istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslərə isə sponsorluq qadağan edilir.
Ayyət Əhməd