“Siqaret çəkənlərin də hüquqları tanınmalıdır”
Əliməmməd Nuriyev: “Qadağa prosesi tədricən aparılmalıdır, insanları qanuna alışdırmaq lazımdır”
Siqaretə qadağa addım-addım yaxınlaşır. Təbii ki, söhbət birbaşa siqaret çəkilməsinə deyil, siqaretin çəkiləcəyi yerlərin məhdudlaşmasından gedir. Amma Azərbaycan insanı, əlbəttə, daha çox kişilər, layihə şəklində olan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu az qala faciə kimi qəbul etməyə başlayıblar.
Bəzilərinə elə gəlir ki, bu qanun qüvvəyə minəcəyi təqdirdə siqaretə əlvida deməli olacaqlar. Bu da qanunla bağlı ictimaiyyətin yetərli məlumatlara sahib olmamasından qaynaqlanır. Digər məqam isə qanunun qəbul olunacağı təqdirdə icranın tətbiqi məsələsidir. Qanun layihəsində nəzərdə tutulur ki, səhiyyə, elm, təhsil müəssisələri, mədəniyyət ocaqları, bütün ictimai iaşə obyektləri, idarə və təşkilatlar, idman zalları, restoran, kafe və barlar, inzibati binalar, fərdi iş otaqları, hətta liftdə də siqaret çəkmək qadağandır. Siqaret çəkilməsi üçün belə yerlərdə xüsusi sahələr ayrılmalı və ürəyi siqaretdən ötrü yananlar məhz bu dairə çərçivəsində ürəyini "soyutmalıdır”.
İndi sual olunur; bu iş yerinə yetirilə biləcəkmi? İdarə və müəssisələr siqaret çəkilməsi üçün xüsusi sahələr ayıracaqmı? Bəllidir ki, qanunlar nə qədər mükəmməl olsa da, əsas icradır. İcra yoxdursa və ya yarımçıqdırsa, qanuna nə hacət?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında bildirdi ki, qanunun qəbulu və icrası nə qədər vacibdirsə, siqaret çəkənlərin də hüquqları tanınmalıdır:
- Dünyanın bir çox ölkəsində tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması həyata keçirilir. Bu çox normaldır və müsbət bir tendensiyadır. Siqaretin insan orqanizminə ziyanı, hansı ağır xəstəliklərə səbəb olması, ətraf mühiti, ətrafdakı insanları da zəhərləməsi, ekoloji fəsadları barədə daim deyilir, insanlara xəbərdarlıqlar edilir, təbliğat, maarifləndirmə işləri aparılır. Eyni zamanda siqaret istehsalçısı şirkətlər həmişə buna müqavimət göstərir. Çünki gəlir, biznes maraqları var. Siqaret çox ciddi sosial problemdir. Bir çox insanlar orqanizmin ehtiyaclarını siqaret çəkməklə ödəyir. İndi bu həqiqətən ehtiyacdır, yoxsa sadəcə, vərdişdir, davranış qaydasına çevrilmiş adətdir, bu ayrı məsələdir. Amma biz siqaret çəkənləri, siqaretə meyilli insanları da görməzdən gələ bilmərik. Tütün məmulatlarından istifadəni qanunla məhdudlaşdırsaq da, siqaretə meyillilik yenə olacaq. İnsanlar vərdişlərindən asanlıqla imtina etmirlər. Siqaret çəkənlərin də hüquqları var və bu da nəzərə alınmalıdır. Milyonlarla insan siqaret çəkir. Kütləvi iradənin də təminatı olmalıdır.
Ona görə də qanun layihəsində idarə və təşkilatlarda, müəssisə daxilində, iş yerlərində, eləcə də deyildiyi kimi bütün iaşə obyektlərində, mədəniyyət ocaqları, idman kompleksləri, konsert salonları, restoran, kafe, barlar və sairədə siqaret çəkilməsi üçün xüsusi yerlər ayrılması nəzərdə tutulur. Yəqin ki, qanunun icrası məqsədilə yerli icra orqanlarına tabeliklərində olan idarə və müəssisələrdə belə yerlərin yaradılmasını həyata keçirmək tapşırılacaq. Məsələn, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında belə yerlər çoxdan fəaliyyət göstərir. Doğrudur, aeroport ərazisinə daxil olanlar siqaret çəkilməsi üçün ayrılmış xüsusi sahənin göstəricilərindən narazıdırlar. Deyirlər, qapalılıq artıqdır, salon tüstü ilə dolu olur, siqaret çəkməyə bir dəfə gedən, bir də getmək istəmir. Ola bilər, həmin sahə hansısa standartlara cavab verməsin. Ancaq nəzərə alaq ki, bu xüsusi sahə hələ qanun qəbul olunmamış ayrılıb. Mümkündür ki, qanunun qəbulundan sonra standartlar da tətbiq edilsin.
Ə.Nuriyev hesab edir ki, bəlli yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran qanunun tətbiqi tədricən aparılmalıdır:
- Siqaret çəkilməsi kütləvi halda olduğu üçün imtina prosesi tədricən aparılmalıdır. Siqaret çəkənləri buna tədricən alışdırmaq lazımdır. Bu proses təbliğat və maarifləndirmə işləri ilə birgə aparılmalıdır. Bir müddət iş getməlidir, insanlar formalaşmış vərdişlərdən tədricən uzaqlaşdırılmalıdır. Bunun üçün də ancaq və ancaq təbliğat və maarifləndirmə işlərinə ehtiyac var. Məsələn, Türkiyə telekanallarında siqaretin zərərləri barədə nə qədər sosial çarxlar hazırlanıb efirə verilir. Köhnə filmlərdə siqaret çəkilməsi səhnəsi varsa, kadrda üzəri xüsusi işarə ilə örtülür (buzlama şəklində), hazırkı dizilərdə obrazların siqaret çəkdiyini görmək mümkün deyil. Xüsusən də sosial çarxlar çox cəlbedicidir. "Siqaretə deyil, həyata bağlan!”, "Sabah ataram, demə, sabah gec olacaq” formalı sosial çarxlar. Amma bizdə bəzən görürük ki, siqaretdən imtinanı təbliğ etmək əvəzinə, "siqarason” kimi aldadıcı vasitələrin reklamı gedir. Bu siqarasonların sağlamlığa hədsiz ziyanlı olduğuna dair də xəbərlər var. Amma reklam öz işini görür. Qanun qəbul olunduqdan sonra yəqin ki, telekanalların da üzərinə məsuliyyət düşəcək. Qanunu pozanlar da cəzalanmalıdır.
Bəs qəbul olunacaq qanun özəl sektoru da əhatə edəcəkmi? Ə.Nuriyev qeyd etdi ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu özəl sektorda tətbiq edilə bilməz:
- Özəl sektor daha çox gəlirə bağlıdır. Tutaq ki, otellər, kafelər, restoranlar, belə obyektlər müştəriyə hesablanır. Müştərinin, qonağın, əylənməyə, istirahət etməyə gələn adamın istəklərini nəzərə almaq məcburiyyətindədir. Amma bu o demək deyil ki, kimsə masa arxasında əyləşib, damağına siqaret qoyub, tüstüsünü qarşı tərəfə üfürməlidir. Ona görə də özəl sektorla bağlı məsələ daha həssasdır. Özəl sektor icranı özü tənzimləməlidir və siqaret çəkilməsi üçün xüsusi yerlər ayırmalıdır. Qanun birbaşa özəl sektoru deyil, özəl sektorun yalnız ictimai yerlərə aid hissəsini əhatə edəcək. Ona görə də qanunun tətbiqinin daha geniş çevrəni əhatələməsi üçün ictimaiyyətin aktivliyi çox önəmlidir. İctimaiyyət qanun pozuculurına təpki göstərməlidir.
Məlahət Rzayeva