Siqaret çəkənlərin sayı artıb

“Artıq hara gedirsən və baxırsan ki, qızlar da utanıb - çəkinmədən siqaretdən istifadə edirlər”



Ölkəmizdə siqaret çəkən əhalinin statistik göstəriciləri açıqlanıb. Məlumata görə, bu zərərli vərdişə mübtəla olanların əksəri kişilərdir. Siqaret çəkən qadınların sayı çox kiçik rəqəmlərlə ifadə olunduğundan statistikada əksini tapmayıb.

Siqaret çəkən kişilərin 0,1 faizi 15-19 yaşlı, 26,4 faizi 20-44 yaşlı, 50 faizi 45-64 yaşlı, 36 faizi yaşı 65-dən çox olanlardır. Siqaret çəkən qadınlar orta hesabla gündə 3, kişilər isə 15,2 ədəd siqaret çəkirlər.
Maraqlıdır ki, Ötən il "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul olunsa da, ölkəmizdə siqaretdən istifadə edənlərin sayı xeyli çoxdur.

"Siqaretsiz həyat” İctimai Birliyinin eksperti İradə Polad "Şərq”ə bildirib ki, ölkəmizdə siqaretdən çox istifadə olunmasının əsas səbəbi təbliğat işlərinin yetərincə olmamasıdır: 

"Qanun layihəsi qüvvəyə minsə də, siqaretdən istifadə haqqında olan maarifləndirici məlumatlar çox zəifdir. Bu gün hər yerdə 15 yaşına qədər olan uşaqların bu zərərli vərdişə yoluxduğunun şahidi oluruq. Mənim üçün də çox maraqlıdır ki, bu azyaşlı uşaqları gələcəkdə tütündən necə uzaqlaşdıra bilərik? Orta məktəb şagirdləri tütün məhsullarından başqa, bir çox zərərli otlardan da istifadə edirlər. Düşünürəm ki, təbliğat güclü aparılarsa, maarifləndirmə geniş spektri əhatə edərsə, uşaqların da meyli zərərli istiqamətə yönəlməz. 

Məsələn, elə reklamlar var ki, ordakı informasiyalar bu yoldan çəkinməyə köməklik göstərə bilər. Bu gün nəinki Bakıda, hətta rayonlarda - qız, ya oğlan fərq etmir, tütündən çox istifadə edirlər. Artıq hara gedirsən və baxırsan ki, qızlar da utanıb - çəkinmədən siqaretdən istifadə edirlər. Məncə, bölgələrdə, eyni zamanda paytaxtımızda tütündən istifadənin zərərləri barədə güclü tədbirlər görülməli, əhaliyə lazımlı informasiyalar verilməlidir”.

Yeganə Bayramova