Azərbaycanın hakim partiyası ölkədən kənarda, xüsusilə də Suriyada döyüşən azərbaycanlılardan ciddi narahatdır. Dünən parlamentdə çıxış edən Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ölkədən xaricə döyüşmək üçün axın edənlərin sayının artdığını, bunun isə narahatlıq doğuran hal olduğunu söyləyib. Deputat deyib ki, dövlət problemlə bağlı ciddi ölçü götürməlidir.
S.Novruzov məsələ ilə əlaqədar qanunvericiliyə kifayət qədər yeniliklər edilməsinə diqqət çəkərək, məsələnin müsbət həllində ciddi nəticələrin əldə olunacağına ümidvar olduğunu söyləyib: "Buna baxmayaraq, dövlət bu insanları xaricə cəlb edən təşkilatlara ciddi nəzarət etməlidir. Bu gün bizim Qarabağ kimi problemimiz, uğrunda döyüşmək üçün işğal altında qalan torpaqlarımız var. Amma bunlar cənnətə düşmək arzusu ilə ölkədən baş götürüb kənarda nəyinsə uğrunda vuruşmağa gedirlər. Hələ bilinmir, onlar oradan hansı ağılda və hansı düşüncədə üstümüzə qayıdacaqlar. Ona görə də hesab edirik ki, dövlət bu işlərlə ciddi məşğul olmalıdır”.
Parlamentdə danışan zaman deputat həmçinin icra başçılarından şikayətlənib: "Bir icra başçısı başqası ilə əvəzlənəndə, əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə başlayır. Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən, yenisini inşa etdir, qurulunu niyə sökürsən? Düşünürəm ki, icra başçıları dövlətin vəsaitini havaya sovurmamalıdır”. Deputat Maliyyə Nazirliyini bu cür halları nəzarət altında saxlamağa çağırıb. S.Novruzov onu da qeyd edib ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, əvəzində sığortasının olub-olmaması ilə maraqlanır: "Ancaq "Sahil” metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, lakin heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzillər tikib verdi. Zaqatala zəlzələsindən sonra evlər tikildi. Amma sığorta olsa, belə problem yaranmazdı”.
S.Novruzov onu da əlavə edib ki, bu gün Azərbaycan hətta corabı, "mayka”nı da ya İran, ya da Çindən alır: "Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin”.
S.Novruzov bu gün əsas problemlərdən olan sənədsiz evlərdən də danışıb. O bildirib ki, məsələyə ciddi nəzarət olmalıdır”. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini
yüksəltməyə də çağırıb: "Elə insan var 5-6 ildir ön cəbhədə xidmət göstərir. Onun digərindən fərqi olmalıdır”.
Anar