SOCAR qərarına yenidən baxsa, yaxşı olar

Ölkədə yaxın zamanlarda Aİ-95 markalı benzinə ehtiyac çoxalacaq



Azərbaycanda Aİ 95 benzini çox az istifadə olunur. SOCAR rəsmiləri bunu qiymətin baha olması ilə əlaqələndirirlər. Lakin Dövlət Neft Şirkəti gələcəkdə ölkədə Aİ-95 benzin və dizelinin istehsal olunmasını nəzərdə tutub.

ARDNŞ-nin neft emalı üzrə vitse-prezidenti David Məmmədov bildirib ki, hazırda ölkədə yalnız Aİ-92 markalı benzin istifadə edirik. Benzin istehlakında bu növ benzinin kütlə payı 95 faiz təşkil edir.

Qurum rəsmisi həmçinin bildirib ki, Aİ-95 markalı benzinə olan tələbat isə idxal hesabına ödənilir: "Ancaq hazırda qərar qəbul olunub ki, daxili tələbatı ödəmək üçün 2014-cü ilin aprelindən başlayaraq mövcud zavodlarımız ancaq Aİ-92 markalı benzin istehsal etsin. Bu qərar ekoloji mühitin nisbətən yaxşılaşdırılması üçün verilib. Hazırda "Avro 5” dizel və benzini dünya üzrə ən təmiz yanacaq hesab olunur”.

İqtisadçı-ekspert Natiq Cəfərli ARDNŞ-nin bu qərarını yanlış hesab edir: "Çünki yeni model avtomobillərin mühərrik sistemi avro 3, 4, 5 standartları adı altında satılan benzinə uyğunlaşdırılıb. Bu o deməkdir ki, yaxın 2-3 il ərzində ölkədə "Premium” adı altında satılan Aİ-95 markalı benzinin istehlakı artacaq”.

N.Cəfərli bildirib ki, bu növ benzinin xaricdən idxal olunması üçün valyuta ehtiyatını xaricə ödəməli olacağıq ki, Aİ-95 benzinini alaq. Bu isə valyuta axının xaricə getməsini sürətləndirəcək. "Ona görə də düşünürəm ki, bu növ benzin istehsalının Azərbaycanda genişləndirilməsi və böyüdülməsi daha məqsədəuyğun olardı. Həm də bu növ benzinin ixracat potensialı böyükdür. Əgər avro-4,5 standartlarına uyğun Aİ-95 markalı benzin istehsal edərək ən azından ətraf ölkələrə ixrac etsək, Azərbaycana daha çox gəlir gətirərdi. Bu baxımdan SOCAR rəhbərliyi verdiyi qərara yenidən baxsa, yaxşı olar. Çünki yaxın zamanlarda "Premium” markalı benzinlə çalışan avtomobillərin həm ölkə daxilində, həm də ölkə xaricində sayı çoxalacaq. Bu isə yeni bazarlar deməkdir.”

Vüqar Şahinoğlu