“Son 10 ildə Müsavatdan kimlər getməyib?”
“İsa Qəmbər proseslərə müdaxilə etsə belə, qarşıdurma səngiməyəcək”
Müsavat Partiyasında baş verən kütləvi istefalar və tərəflərin biribirini kəskin ittiham etməsi qurumun gələcəyini şübhə altında qoyub. Müsavatdaxili gərginliyin son günlər daha da artması partiyada münasibətlərin normallaşacağına olan ümidi sıfıra endirib. Hər keçən gün təşkilat rəhbərliyinə olan etimadsızlıq güclənməkdədir. Çünki partiyanın yürütdüyü siyasi xəttə etirazını bildirənlər dərhal qurumun sıralarından xaric edilirlər.
Son bir ay ərzində Müsavatdan 80 nəfərdən çox adam istefa verib. İstefa verən müsavatçılar bildiriblər ki, nə qədər Arif Hacılı başqandır, partiya parçalanmadan yaxa qurtara bilməyəcək. Müsavat Prtiyasının üzvü İsmayıl Kəsəmənli də rəhbərliyin əleyhinə sərt danışıb.
O deyib ki, bir qrup şəxs partiyanı "dədə mülkləri” sayırlar. Ona görə də indiki rəhbərliklə hər hansı sağlam müzakirə aparmaq yersizdir: "Özlərinə sərf edəndə Nizamnamə göstərirlər, sərf etməyəndə isə söz azadlığından danışırlar. Elman Fəttahın rəhbərliyi ilə İkram İsrafilin oğluna verilən məşhur saxta bəyanat məsələsində Nizamnamədən danışan olmadı. Yaxud bir gündə biribirinə zidd iki qərar verən Qubadlı təşkilatı cəzalandırılmadı. Biabırçı bir iclas keçirib Vurğun Əyyubu abırsızcasına partiyadan çıxardılar. Şura toplanıb özəyin qərarını ləğv etdi, amma rəhbərlik uydurma arqumentlərlə qərarı müdafiə etməyə başladı. Müsavatın məclis sədri "falçılıq” edərək, funksionerləri ittiham edir”. Başqan Arif Hacılının tərəfdarları isə rəhbərliyin ittiham olunmasına qarşı çıxırlar. Onların fikrincə, bütün günah sədrin əleyhinə gedərək istefa verənlərdədir. Məsələn, başqan müavini Osman Kazımlı partiyadan uzaqlaşanları qınayıb və deyib ki, onlar Müsavatı tanımırsa, Müsavat da onları tanımır: "Adamdan soruşarlar ki, əgər strukturları legitim saymırsansa, onda niyə partiyada qalırsan? İnsan ilk növbədə özünə hörmət etməlidir. Vurğun Əyyub və onun tərəfdarlarının müsahibələrinə, açıqlamalarına baxın. Başdan-ayağa təhqiramiz, aşağılayıcı fikirlər işlədirlər. İnanın, başqa partiyada bu qədər ərköyünlük edə bilməzdilər. Kiminsə partiya qarşısında xidmətləri olubsa, bu, o demək deyil ki, istədiyi hərəkəti edə bilər”. O.Kazımov başqan Arif Hacılını tanımayanları xəyanətdə, yalan danışmaqda ittiham etməklə yanaşı, istefa verənləri də partiyanın nizamnaməsinə hörmət etməməkdə suçlayıb. Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı isə partiyada baş verən xoşagəlməz hadisələrin birbaşa Arif Hacılı ilə bağlı olduğunu deyib: "Əgər müsavatçılar İsa Qəmbərin vaxtında istefa vermirdilərsə, partiyanın atdığı addımları tənqid etmirdilərsə, deməli, indiki qarşıdurmanın baiskarı yeni sədrdir. Amma indiki rəhbərlik baş verənlərə biganə yanaşır. Hətta bir tanınmış və savadlı müsavatçı partiyadan istefa verəndə rəhbərlik ironik şəkildə ona "qapı filan tərəfdədir” deyir. Əlbəttə, bu hadisələr çox üzücüdür, hər müsavatçını ağrıdan prosesdir”. T.Abbaslı deyib ki, gərginlik qurultay və ondan sonrakı proseslərdən sonra başlayıb: "Qurultaydakı narazılıq aradan qaldırılmadı və rəhbər şəxslərin səhlənkarlığı ucbatından problemlər indiki səviyyəyə gəlib çatdı. Bu gün də həmin məsuliyyətsizliyin fəsadlarını görürük. Əgər partiya rəhbərliyi yürütdüyü siyasəti davam etdirəcəksə, yəni məsələlərə "burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə yanaşacaqsa, partiyanın sonu çox pis olacaq.
Müsavatda yaşanan gərginlik digər siyasi qüvvələr tərəfindən də diqqətlə izlənilir. Qurumdakı prosesləri şərh edən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da kütləvi istefaların lider dəyişməsi ilə bağlı olduğunu düşünür, amma bir az fərqli baxışla: "Vaxtilə bizim partiyadan da Rəsul Quliyev və İlyas İsmayılov gedəndən sonra belə qopmalar oldu. Bu cür hadisələr bir çox partiyalarda olub. Liderlər gedəndən sonra partiyadakı bir qism istefa verir. Müsavatda baş verənlər də göstərir ki, partiyada olan bir çox insanlar İsa Qəmbərin şəxsiyyəti ətrafında birləşib. Ona görə də yeni başqan gələndən sonra onu qəbul etmirlər. Bu səbəbdən də istefalar olur. Hesab edirəm ki, partiyadakı vəziyyət tez zamanda düzələn deyil. Hər kəs getsə də, partiyada Arif Hacılı və onun ətrafında olan şəxslər qalacaq”. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı Müsavatın tənəzzülə uğradığını söyləyib: "Son 10 ildə Müsavat Partiyasından kimlər getməyib ki? Partiyanın qurucularından olan Sülhəddin Əkbərdən tutmuş, İbrahim İbrahimliyə qədər bir çox nüfuzlu siyasətçi etiraz edərək qurumdan uzaqlaşıblar. Yeni başqanın dövründə isə vəziyyət çox acınacaqlı hal alıb”. Partiya rəsmisi deyib ki, eks-başqan İsa Qəmbər proseslərə müdaxilə etsə belə, qarşıdurma səngiməyəcək. Çünki artıq İ.Qəmbər partiyada nüfuz sahibi deyil: "İsa Qəmbər açıq şəkildə Arif Hacılını dəstəkləyir və kim bu qrupu müdafiə etmirsə və Qubad İbadoğlunu dəstəkləyirsə, rəhbərlik tərəfindən dərhal "satqın”, "xəyanətkar”, "hakimiyyətə işləyən” şəxs kimi damğalanırlar. Nə qədər ki, bu cür yanaşma hökm sürür, mövcud vəziyyət dəyişməyəcək”.
İsmayıl