Son anda Moskva Sarkisyanı MÜDAFİƏ ETMƏDİ - İstefaya aparan yol

Tahir Kərimli:"Qərbin ciddi təzyiqi var idi. Rusiya isə bir qədər seyirçi qalsa da, narahatlıq hiss olunurdu "





"Ətrafındakı şəxslər Serj Sarkisyana təklif edirdi ki, Rusiyanın Gümrüdəki hərbi bazasından xalqa qarşı istifadə etsin”.

Bunu "Sherg.az”a Ermənistanın baş naziri Serj Sarksiyanın istefasının səbəblərini izah edərkən millət vəkili Tahir Kərimli deyib. 

O bildirib ki, baş nazirin bu fikirdən çəkinməsinə səbəb Qərb ölkələrindən gələn ultimatumlar oldu:

"Qərbin ciddi təzyiqi var idi. Rusiya isə bir qədər seyirçi qalsa da, narahatlıq hiss olunurdu. Rəsmi Moskva anladı ki, Sarkisyanı müdafiə etməyin mənası yoxdur. Serj Sarksiyan da Rusiyanın onun dəstəkləmədiyini görüb istefa verdi. Erməni xalqı açıq şəkildə Sarkisyanın hakimiyyətinə qarşıdır.

Azərbaycanın cəbhədə gərginliyə yol verməməsi isə düşünülmüş addım oldu. Çünki Sarkisyan bundan istifadə edib, diqqəti yayındırmağa çalışacaqdı. Keçmiş baş nazir istefa ilə canını qurtara bilməyəcək. O, Dağlıq Qarabağın işğalı ilə bağlı erməni xalqının yaddaşında qəhrəman kimi qalmaq istəyirdi. Amma bunu bacara bilmədi. Hesab edirəm ki, proses hələ davam edəcək”.

Ermənistandakı qarşıdurmaların geopolitika baxımından əhəmiyyətli olduğunu iddia edən deputat qeyd edib ki, Qərb və Rusiya arasındakı anlaşılmazlıq hələ də davam edir: 

"İkinci bir tərəfdən ideoloji baxımdan Daşnaksütyun partiyası da Serj Sarkisyanın müttəfiqi idi və onlar mübarizədə uduzdular. Bu məsələ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də təsirsiz ötüşməyəcək.

Nikol Paşinyan və digərləri daha çox tövsiyələrə qulaq asmaq məcburiyyətində qalacaq. Ermənistanın Qarabağın işğalına görə düşdüyü gərgin vəziyyət ortadadır. Bu proses çox davam edəcək. Diqqətlə izləməli, vəziyyətdən faydamız üçün istifadə etməliyik”.

Aysel Aslan