Ələsgər Məmmədli: “Sosial media həvəskar şəkildə fəaliyyət göstərən insanlar birliyidir”
Sosial media jurnalistikadır, ya yox?
Elçin Şıxlı: “Məni maraqlandıran informasiyalar sosial medialarda yoxdur”
Ələsgər Məmmədli: “Sosial media həvəskar şəkildə fəaliyyət göstərən insanlar birliyidir”
Ələsgər Məmmədli: “Sosial media həvəskar şəkildə fəaliyyət göstərən insanlar birliyidir”
Hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Ölkəmizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan sosial şəbəkədən və ya mediadan informasiya mənbəyi kimi istifadə olunur. Şübhəsiz ki, bu da ümumilikdə ölkə mediasının simasına mənfi təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçırlar. Son nəticə isə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil.
Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir. Əksər hallarda sosial mediadan ciddi mənbə kimi istifadə olunur ki, bu da ciddi dezinformasiyalara yol açır. Bundan başqa, sosial media ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Mətbuatın mövzu məhdudiyyəti və peşəkarlıq problemi var. Yəni bəzən hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Eyni zamanda sosial mediaya müraciətlərin artmasında azadlıq məsələsi də önəmli rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara görə sosial şəbəkələr özünə auditoriya toplamağı bacarır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Bu baxımdan sosial şəbəkələrin jurnalistikanı üstələdiyini dana bilmərik. Məhz bu məsələlərə görə də, jurnalistika yeni medianın içərisində əriyir. Buna rəğmən sosial media ilə jurnalistika arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Çünki jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik. Bu isə artıq qeyri-mümkündür”.
Maraqlıdır, görəsən, sosial media ilə jurnalistika arasındakı fərq nədən ibarətdir və sosial şəbəkələri jurnalistikanın bir qolu saymaq olarmı?
Suallarımızı cavablandıran "Ayna-Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlı qeyd edib ki, Azərbaycan mediasının problemi sosial medianın olmağında deyil. Problemimiz dərc olunan materialların məzmun və peşəkarlıq məsələsidir: "Sosial şəbəkə sadəcə olaraq yeni növ xəbər daşıyıcısıdır. Çünki istənilən qəzet, sayt və informasiya agentliyi sosial medianın özündə səhifələrini açırlar. Məsələn, "Şərq” qəzetinin öz feysbuk səhifəsi var. Başqa agentliklər və ya qəzetlər də sosial şəbəkələrdə bu cür səhifələr yaradıblar. Sosial media sadəcə olaraq daşıyıcıdır, ötürücüdür. Daha rahat, ödənişsiz, liberal və demokratik olduğu üçün insanlar ona çox üstünlük verir. Son 3 aydır ki, feysbuk istifadəçisiyəm. Bir məsələni qeyd etməliyəm ki, mənim üçün sosial media informasiya almaq baxımından bir o qədər cəlbedici deyil. Bəlkə hələ düzgün istifadə etmirəm deyə, belə düşünürəm. Amma insanlar sosial mediada ancaq biri-biri ilə xəbərləşmək, hal-əhval tutmaq və hansısa məsələ ilə bağlı bir-iki cümlə ilə öz fikrini yazmaq məqsədilə istifadə edir. Bir peşəkar jurnalist kimi deyə bilərəm ki, məni maraqlandıran informasiyalar sosial medialarda yoxdur. Sosial şəbəkələrə hal-əhval tutmaq üçün girirəm. Ciddi informasiya almaq istəyirəmsə, öz bildiyim mənbələrə baxıram”.
E.Şıxlı hesab edir ki, sosial şəbəkələr insanları qəzet alıb, oxumaq vərdişindən daşındırır: "Doğrudur, bunlar var. Müasir texnologiyalar inkişaf edir. Yeni asan platformalar meydana çıxır.
Həmin platformalar bizdə hələ ki, pulsuzdur. Amma bir müddət sonra onlar pullu olacaq. Məsələn, "Nework Times” qəzetinin onlayn versiyasını oxumaq istəyən ona abunə olmalıdır. Heç olmasa, 1 dollar verməsəniz, o səhifəni açmayacaq. Səhifədə yalnız anonslar verilir. Amma yazını açıb oxumaq üçün abunə olub, pul köçürmək lazımdır. Rusiyanın populyar olan bəzi KİV-nin yazılarına baxmaq üçün abunə olmaq gərəkdir. Çünki onlar əziyyət çəkib, hazırladığı materiallardan gəlir əldə edə bilirlər. Yaxşı material verirlər, yaxşı da qazanc götürürlər. Amma bizdə insanlar sosial şəbəkələrə onun pulsuzluğu və çox asanlıqla əldə etmək mümkün olduğuna görə müraciət edir. Düşünürəm ki, əsas məqsədimiz peşəkarcasına xəbər vermək olmalıdır. Sadəcə indi xəbərin ötürülməsi platforması dəyişib”.
Müsahibimiz diqqətə çatdırıb ki, xəbər dünyada ən qiymətli əmtəədir: "Xəbəri boş-boşuna ötürmək olmaz. O işi görənlər, yəni məlumatı axtarıb tapanlar, onu yazıb, hazırlayanlar öz zəhmətlərinin müqabilində bütün peşə nümayəndələri kimi məvacib almalıdırlar. O məvacibi əldə etmək üçün media strukturlarından biznes kimi istifadə olunmalıdır. Əks halda, kiminsə əlinə baxacaqsan və sənə pul verən adam da öz istəyini yeritməyə çalışacaq. Bu da çox hallarda jurnalistika prinsiplərinə uyğun gəlmir. Problemlər də bundan irəli gəlir”.
E.Şıxlı onu da əlavə edib ki, media doğru-dürüst və peşəkarcasına informasiya vermək lazımdır: "İnsanlar sosial mediaya ona görə müraciət edirlər ki, onlar həyatda üzləşdikləri problemləri qəzetlərdə və saytlarda görə bilmirlər. Daha doğrusu, vətəndaş küçədə gördüyü ilə qəzetdə yazılan arasında xeyli fərqin olduğunu müşahidə edir. Biz də vətəndaşın gördüyü ilə yazdığımız arasındakı fərqi ortadan qaldırmalıyıq. Bu baş verməyincə, vəziyyət dəyişməyəcək”.
Media eksperti Ələsgər Məmmədli bildirib ki, problem bazara girmək problemidirsə, bu işdə sosial media kifayət qədər çevik və əhatəlidir: "Çünki sosial mediada fərqli düşüncəsi və maraq dairəsi olan insanlar cəmlənib. Onlar öz sahələri üzrə fərqli paylaşımlar edirlər. Agentliklər sosial media ilə rəqabət apara bilmir. Bu, birmənalıdır. Amma peşəkar yanaşma baxımından sosial media geridə qalır. Çünki sosial media həvəskar şəkildə fəaliyyət göstərən insanlar birliyidir. Amma peşəkar informasiya istehsalı ilə məşğul olan, xəbərin ictimai dəyərini bilən isə əsl mediadır. Düşünmürəm ki, peşəkarlıq baxımından ənənəvi media və saytlar sosial mediaya uduzur. Vəziyyət tam tərsinədir. Əslində ənənəvi media, sosial medianın imkanlarından öz inkişafı üçün faydalanır. Təsadüfi deyil ki, İngiltərədə ən çox izlənən saytlar arasında ilk 20 saytın 10-u ənənəvi mətbuatın saytlarıdır. Bu o deməkdir ki, ənənəvi media ayaq üstə dura bilir. Rəqabətə davamlıdır”.
Bununla yanaşı, ekspert qeyd edib ki, sosial mediada plüralizm daha dərindir: "Doğrudur, sosial mediada da hər bir insanın özünün qırmızı xətti var. Amma ümumilikdə götürəndə, sosial mediada plüralizm daha arzuolunan səviyyədədir. Daha az məhdudiyyəti olan mühit kimi görünür. Bu baxımdan insanlar sosial mediaya daha çox müraciət edir və daha rəngarəng informasiya almağa meyilli olurlar”.
Ə.Məmmədli jurnalistlərin sosial şəbəkələrdə paylaşılan ictimai əhəmiyyətli mövzuları ənənəvi mediaya daşıması və ictimiləşdirilməsini doğru hal hesab edir: "Normalda biz o informasiyanı almaq üçün kimləsə görüşməliyik. Razılaşdırmalıyıq. Amma indi buna ehtiyac yoxdu. Tutalım, mən gecə internetdə otururam. Götürüb hüquqi məsələlərlə bağlı status yazıram. Saytlar da bunu xəbər formasına salıb, dərc edir. Mən onsuz da ictimaiyyətə açıq yazıram. Çünki bunu özəl paylaşmaq istəsəm, yalnız dostlarla paylaşaram. O statusu "hamı” işarəsini tıklayıb paylaşıramsa, deməli, məsələnin ictimailəşməsində maraqlıyam. Bunu ictimai əhəmiyyətli məsələ hesab edirəm. Siz də media olaraq ictimai əhəmiyyətli məsələləri dərhal görürsünüz. Həmin məsələni qabardırsınız. Bu, təbii haldır. Bundan qorxmaq lazım deyil. Media belə statusları yazıya çevirməklə problemlərin həllinə dəstək ola bilər. Ona görə də istənilən ənənəvi media sosial medianı təqib etməlidir. Baxın, hansısa bir tələbə başına gələn məsələ ilə bağlı paylaşım edir. Tələbə onu gördüyü kimi yazır. Dərinə gedib, hadisəni araşdırmır. Bunu araşdırıb cəmiyyətə ötürmək isə jurnalistlərin, ənənəvi medianın işidir. Mövzunu gündəmə gətirmək başqadır, onu incələyib, araşdırıb cəmiyyətə təqdim etmək bir başqa məsələdir. Ənənəvi medianın üstünlükləri budur. Ənənəvi media istənilən mövzunu gündəmə gəldiyi zaman daha dərindən araşdırıb, tərəflərin mövqeyini öyrənib, məsələni obyektiv şəkildə ortaya qoyur. Bu da onun peşəkarlığını və gücünü artırır”.
Ekspertin qənaətincə, hazırda ənənəvi medianın cəmiyyətə çıxış imkanları məhduddur: "Əlbəttə, bunun səbəblərini birbaşa medianın özündə axtarmaq doğru deyil. Bunun siyasi və iqtisadi səbəbləri var. Ənənəvi media bazara çıxa bilmir. Avropada isə medianın etibarlılığı birinci yerdədir. Onlara güvən və tələbat yüksəkdir. Bu tələbata uyğun olaraq kimsə onun səbətinə nəsə qoymaq istəyirsə, deyir ki, bəri başdan pulunu ver, səbətimdən götür. Amma bizdə belə deyil. Düşünürəm ki, bizdəki problemin səbəbini jurnalistikanın peşəkarlığında deyil, medianın reklam bazarının məhdudluğunda axtarmalıyıq”.
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb