"Sosial mənzil layihəsi effektiv idarə edilməsə, problemlər yaşanacaq"

Natiq Cəfərli: " Azərbaycanda ipoteka ən yaxşı halda 4 faiz olub. Ölkədəki inflyasiyanı nəzərə alsaq, 4 faizdən çox olduqda sosial mənzil layihəsinin effekti olmayacaq "




"Banklar sosial mənzillərlə bağlı ayrılan vəsaitin operatorluğunu həyata keçirirlər”.

Bunu "Sherg.az”a "Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara kreditlərin verilməsi qaydalarını izah edərkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. 

İpoteka kreditləri ilə bağlı da eyni halın yaşandığını söyləyən  iqtisadçının sözlərinə görə, bu gediş  effekt verməyib:

"İpoteka kreditlərinin geri dönüşünün problemli olması özünü göstərdi. "İpoteka” Fondu yaradılarkən deyilirdi ki, cəmi 3 ildən sonra o özü-özünü maliyyələşdirmə sistemində işləyəcək. 2012-ci ilə bu planlaşdırılsa da, hələ də fond dövlətdən maliyyələşir.

Dünya praktikası göstərir ki, sosial mənzillərlə bağlı layihələrdə çox aşağı faiz dərəcələri olmalıdır ki, müsbət nəticə versin. Məsələn, analoji layihələr Avropada keçirilərkən 2 faiz civarında təyin olunur. Türkiyədə isə "Tokyo” adlanan təşkilatın tikdiyi sosial mənzillərin aylıq ödənişi Azərbaycan manatı ilə təqribən 150 manat dəyərində və çox aşağı faizlərlə verilir”.

Ekspert qeyd edib ki, ölkəmizdə banklar gəlirlərini, əməliyyat xərclərini Sosial Mənzil Fondu və İpoteka fondu ilə birlikdə həyata keçirəcəklərsə, faiz dərəcələri daha yüksək ola bilər:

"Onların özünü maliyyələşdirmə qurumu olduğunu nəzərə alsaq, saxlama xərcləri də üzərinə gəldikdə faiz dərəcələri yüksələcək. Azərbaycanda ipoteka ən yaxşı halda 4 faiz olub. Ölkədəki inflyasiyanı nəzərə alsaq, 4 faizdən çox olduqda sosial mənzil layihəsinin effekti olmayacaq. Əlaqədar təşkilatlar və banklar öz gəlirlərini və əməliyyat xərclərini o səviyyəyə salmalıdır ki, mənzil almaq istəyən vətəndaşlar, xüsusilə gənc ailələr ən aşağı faizlə ev əldə etsinlər. Bundan yuxarı faiz olacaqsa, ödənişlərlə bağlı problemlər yaranacaq. Sosial mənzil layihəsi çox gözəl layihədir, amma effektiv idarə edilməsə, sosial ipoteka layihəsində olduğu kimi gələcəkdə problemlər yaşanacaq”.

Qeyd edək ki, "Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri "Azərbaycan İpoteka Fondu” ASC-nin müvəkkil bankları sırasına daxil olan və Agentliyin tabeliyində fəaliyyət göstərən "MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə edə bilərlər.

Aysel Aslan