Sosial mənzillər bütün vətəndaşlar üçün əlçatan olmalıdır

Vüqar Bayramov : "Təklif edirəm ki, tək sosial güzəştli kateqoriyada olan deyil, digər kateqoriyaların da istifadə imkanları olsun"


"Sosial mənzillər gələcəkdə yalnız güzəştli deyil, digər kateqoriyalar üçün də nəzərdə tutulacaq”.

Bu Sherg.az-a sosial mənzillərin şərtləri haqqında narazılıqlara aydınlıq gətirərkən iqtisadçı-ekspert Vüqar Bayramov deyib. 

Ekspert xatırladıb ki, Yasamal rayonu ərazisində təxminən 2 minə yaxın ailə mənzillə təmin olunacaq:

"Bu, o deməkdir ki, mənzillərin sayı məhduddur. İl ərzində Sosial Mənzil Fondu tərəfindən 3 min mənzilin təklif edilməsi nəzərdə tutulur.

Birinci mərhələdə yaşı 35-dən çox olmayan gənc ailə üzvləri, sosial ipoteka almaq hüququna malik olan ailələr istifadə edəcək. Şəhid ailələri, məcburi köçkünlər, ən azı 5 il dövlət qulluğunda işləyən şəxslər, orta məktəb müəllimləri, fəlsəfə doktorları, idman sahəsində xüsusi uğurları olan insanlar təmin olunacaq. Burada gənc ailə olmayanlar da var. Elmlər doktorları, 15 ildən artıq dövlət qulluqçusu olanlar, eyni zamanda 3 ildən artıq hərbi xidmətləri olan şəxslərdir.

Təklif edirəm ki, tək sosial güzəştli kateqoriyada olan deyil, digər kateqoriyaların da istifadə imkanları olsun. Çalışmaq lazımdır ki, növbəti dövrdə yalnız sosial güzəştli olan deyil, eyni zamanda güzəşt siyahısında olmayan vətəndaşlarımız da sosial mənzil almaq imkanı qazansın. Sosial mənzillərin bütün vətəndaşlar üçün əlçatan olmasına ehtiyac var”.

Aysel Aslan