"Sosial şəbəkələr zərərli deyil, sadəcə..."

Ələsgər Məmmədli: "...Onlardan düzgün istifadə etmək lazımdır"


"Sosial şəbəkələr əslində zərərli deyil”.

Bunu Sherg.az-a "İnstagram”ın psixi sağlamlığa ən çox ziyan vuran sosial şəbəkə olmasına münasibət bildirərkən media hüququ üzrə ekspert Ələsgər Məmmədli deyib. 

O diqqətə çatdırıb ki, gün ərzində əldə etdiyimiz informasiyanın 50 faizdən çoxunu sosial şəbəkələrdən əldə edirik:

"Bu, əslində bizi bilgiləndirir. Sosial şəbəkələrdə məqsədlərini aşmış, zərərli bazalar, saytlar, profillər varsa, bizim əlimizdə onları əngəlləmək və ya baxımdan ötüb keçmək imkanımız var. Sosial şəbəkənin özünü tənzimləmə imkanları genişdir. Bu prosesi həyata keçirməklə sizə çox faydalı olan maraq dairənizdə, dünya görüşünüzə uyğun informasiyaları tərəfinizə çəkə bilərsiniz. Bundan neqativ mənada da istifadə edə bilərsiniz. İstifadəçi kiməsə zərər vermək istəyirsə, mənfi informasiyalar yaya bilər və s. Amma bunlara qarşı da sosial şəbəkənin tənzimlənməsində imkan var.

İstənilən halda düşünmürəm ki, sosial şəbəkələr zərərlidir. Zərərdən qaçmağın, özünü tənzimləmənin yolları var. Bu faydalı əmsalı təbliğ etməklə olur. Biz özümüzə faydalı informasiyaları cəlb edərək, düşündürən, maarifləndirən sosial şəbəkə istifadəsini daha çox özümüzə cəlb edib, ona yönəlməliyik. Hətta uşaqlar belə bu əmsalları nəzərə alaraq, sosial şəbəkələrdən yararlana bilər. Məsələn, müəllimlər deyək ki, dərsləri 45 dəqiqə ərzində çatdıra bilməyib, bunu sosial şəbəkədə yaya bilər. Qrup yaradıb dialoq qura bilərik. Nəticə olaraq sosial şəbəkələr zərərli deyil, sadəcə, onlardan düzgün istifadə etmək lazımdır. Bunun istifadəsində də yenə maarifləndirmə lazımdır. Düşünürəm ki, ziyanlı tərəflərini özümüzdən uzaqlaşdırmaqla sosial şəbəkələrdən müsbət məqsədlər üçün istifadə edə bilərik”.

Qeyd edək ki, Böyük Britaniyanın Sağlamlıq Cəmiyyəti tərəfindən aparılan tədqiqata görə "İnstagram" insanın psixi sağlamlığına ən mənfi təsir göstərən şəbəkə hesab olunur.

Aysel Aslan