"Apardığım araşdırmalara görə, kimyəvi maddə orqaniziminə ziyan vurduğu kimi informasiya da təbiiliyini itirdikdə insanların düşüncələrinə təsir göstərir"
"Facebook”dan çox istifadə insanın düzgün qərar qəbul etməsinə mane olur. "Sherg.az" Fransanın "sciencesetavenir.fr"(elm və gələcək) saytına istinadən xəbər verir ki, Miçiqan Dövlət Universitetində çalışan alimlərin apardığı araşdırmanın nəticəsində məlum olub ki, sosial şəbəkələrdən asılılıq neqativ seçimlərə gətirib çıxarır. Hətta bu mənfi seçim narkotik və spirtli içki alüdəçisi olan insanların qəbul etdiyi yanlış qərarlarla eyniləşdilir. Qeyd olunur ki, sosial şəbəkə asılılığı olanlar narkotik və spirtli içki alüdəçilərinin yol verdiyi yanlışı təkrarlaya bilər. Bundan başqa tədqiqatçılar onu da üəyyənləşdiriblər ki, sosial şəbəkələrdən hədsiz istifadə insanlarda digərləri ilə tez konfliktə getmə kimi əlamətlər formalaşdırır. Tədqiqatçıların 18-71 yaşlı sosial şəbəkə istifadəçiləri arasında apardıqları araşdırmaların nəticələrinə əsasən, sosial şəbəkə asılılığı insanlarda psixatrik problemlərin yaranmasına səbəb olur".
Araşdırmanın nəticəsini dəyərləndirən tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu "Sherg.az”a bildirib ki, xarici alimlərin hər araşdırmasının nəticələrini birbaşa azərbaycanlılara şamil etmək olmaz:"Demək olar ki, hər zaman əcnəbi alimlərinin fərqli, bir qədər də qəribə açıqlamaları, fikirləri ilə qarşılaşırıq. Amma həmin söyləntiləri dərhal ümumiləşdirmək düzgün deyil.
Çünki uzun illər sosiologiya ilə məşğul olan adam kimi deyə bilərəm ki, müxtəlif məmləkətlərdə, yerlərdə, ərazilərdə insanların xüsusiyyəti bir-birilərindən fərqlidir. İnsanlar ayrı-ayrı yerlərdə yaşadığı, inkişaf etdiyi üçün onların hər hansısa bir məsələyə müasibəti başqasından fərqli ola bilər. Ona görə də, Azərbaycan tədqiqatçıları bu sahəni araşdırmalıdırlar, buna ehtiyac var.
Digər tərəfdən də fransız alimlərin dediklərində həqiqət payı çoxdur. İnsanlar daim bir-biriləri ilə təbii və ya virtual şəkildə ünsiyyət yaradırlar. Virtual aləmdə ünsiyyət bildiyimiz kimi sosial şəbəkə üzərindən yaranan əlaqədir. Sosial mediada, virtual aləmdə çox olan insanlarda aşınma prosesi gedir. Çünki insanda informasiyaya böyük ehtiyac olur.
Yəni insana hava, su lazım olan kimi informasiya da gərəklidir. Bu istiqamətdə apardığım araşdırmalara görə, kimyəvi maddə orqaniziminə ziyan vurduğu kimi informasiya da təbiiliyini itirdikdə insanların düşüncələrinə təsir göstərir. Ona görə də, fransız alimlərin bu qənaətini müsbət qiymətləndirirəm. Amma bunu birbaşa Azərbaycana şamil etmək doğru olmaz. Çünki fransızlarla azərbaycanlıların psixologiyası, həyat tərzi, virtual məkəndan istifadə etməsi bir-birindən fərqlənir”.
Kənan Eynuroğlu