Sosial Tədqiqatlar Mərkəzi nə işlə məşğuldur ? – Açıqlama






"Sosial Tədqiqatlar Mərkəzinin yaranması böyük ictimai marağa səbəb oldu”.

Bu sözləri "Sherg.az”a açıqlamasında siyasi elmlər namizədi, Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının müəllimi Elşad Mirbəşir deyib.

Onun sözlərinə görə, mərkəzin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, dövlət idarəçiliyi ictimai maraqlara daha yaxından cavab versin, cəmiyyətin mövqeyi, gözləntiləri öyrənilsin:

"Bu istiqamətdə informasiyaların toplanması, işlənilməsi və müvafiq istiqamətlərə yönləndirilməsi işi ilə məşğul oluruq. Hazırda fəaliyyətimiz ondan ibarətdir ki, mərkəzin maksimum səmərəli iş görməsinə imkan verəcək kadr bazası yaradaq. Aprelin 12-də ölkə başçısı tərəfindən Sosial Tədqiqatlar Mərkəzinin nizamnaməsi təsdiq olundu. 

Nizamnamədə mərkəzin fəaliyyət istiqamətləri, vəzifələri aydın şəkildə göstərilib. Artıq 34 vəzifə mövcuddur. Bu vəzifələrin səmərəli, keyfiyyətli yerinə yetirilməsi üçün kadr bazasının formalaşdırılması istiqamətində əsaslı işlər aparılır. Hazırda mərkəzinin texniki və kadr bazasının formalaşdırılması mərhələsindəyik. Bacarıqlı, mərkəzin fəaliyyət prioritetlərinə uyğun çalışa biləcək kadrlarla görüşlər keçirilir. Hazırda Kanadada yaşayan Sahib Cəfərov adlı kadr var. 

Onu mərkəzdə işləməyə dəvət etmişik və artıq müəyyən razılıqlar da alınıb. Keyfiyyətli və peşəkar kadrların cəlb olunması istiqamətində çox ciddi fəaliyyət göstərir və bu məsələyə həssas yanaşırıq. Ümumiyyətlə, həm texniki, həm də kadrlar bazasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi ona xidmət edəcək ki, biz dövlətlə cəmiyyət arasında etibarlı, səmərəli körpü qura bilək”.

Qeyd edək ki, Prezident İlham Əliyev 8 fevral 2019-cu il tarixində "Sosial Tədqiqatlar Mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.

Yeganə Bayramova