“Söyüş layihəsi” müxtəlif mərkəzlərdən idarə olunur

“Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları da səfərbər etməyə başlayıblar”




Bir müddətdir ki, Avropanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tərəfindən dövlət rəhbərliyinə və hökumət üzvlərinə qarşı söyüş kampaniyasına start verilib. Kampaniya çərçivəsində Azərbaycanda sabitliyin pozulması üçün kütləvi psixoz vəziyyət yaratmağa can atılması açıq-aşkar görünməkdədir.

Ekspertlər hesab edirlər ki, bu kampaniya həm xaricdən, həm də daxildən idarə olunur. Bəzi məlumatlara görə isə hazırda Azərbaycana qarşı həyata keçirilən "söyüş layihəsi”nin sifarişçisi, maliyyə mənbəyi rolunda çıxış edən şəxs isə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovdur. Məlumdur ki, 2013-cü ildə də prezident seçkiləri prosesində xaricdə "Milyarderlər İttifaqı” deyilən bir qurum formalaşmışdı. Həmin qurum anti-Azərbaycan fəaliyyəti ilə yaddaşlarda qalıb. "Söyüş kampaniyası”nın yolverilməz addım olduğunu vurğulayan politoloq Məhəmməd Əsədullazadənin fikrincə, bu kampaniyaya dəstək verən insanlar xaricdən və daxildən müəyyən şəxslər tərəfindən idarə olunurlar: "Ölkədə 11 apreldə gözlənilən prezident seçkiləri öncəsi Qərbdə müəyyən dairələrin aktiv fəaliyyətə keçməsi müşahidə olunur. Bu aktivlik təbii ki, ölkənin siyasi sferasını ləkələmək, seçki mühitinə qarşı zərbə vurmaqdır. Həmçinin, bu Azərbaycanda xalqın siyasi proseslərə inamının zəifləməsinə hesablanıb. Hazırda Avropada bir sıra məkrli siyasi dairələrə bağlı olan şəxslərin söyüş və təhqir dolu açıqlamaları yolverilməz və siyasətdə iyrəncliklərə yol açır. Bir məsələni qeyd etmək istəyirəm ki, prezidentin şərəf və ləyaqəti konustitusiya ilə qorunur. Xaricdə fəaliyyət göstərən bu qrupların fəaliyyəti birbaşa həm konustitusiyaya, həm də əxlaqi dəyərlərə ziddir. Bu qrupların həm xaricdə, həm də daxildə müəyyən qüvvələr tərəfindən idarə olunmasını istisna etmirəm”.

Hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da bildirib ki, "söyüş layihəsi” adı altında həyata keçirilən kampaniyalar anti-Azərbaycan xarakteri daşıyır və dövlət əleyhinə yönələn çirkin prosesin bir elementidir: "Mən bu prosesə ayrı-ayrı görkəmli şəxsləri, dövlət xadimləri və prezidenti təhqiretmə kampaniyası kimi deyil, daha geniş kontekstdə baxıram. Bu proses əslində böyük kampaniyanın tərkib hissəsidir və bu gün başlamayıb, sözügedən kampaniya məqsədli şəkildə təşkil olunmuş və müxtəlif mərkəzlərdən, o cümlədən ermənilərə bağlı olan müəyyən qüvvələr tərəfindən idarə olunur. Bu şəbəkənin üzvləri hələ bir neçə il öncə Avropaya saxta sənədlərlə gedən insanları səfərbər etməyə başlayıblar. Şəbəkənin bir hissəsi Azərbaycanda fəaliyyət göstərir. Bunlar müxtəlif adlar altında, o cümlədən "hüquq müdafiəçisi”, "araşdırmaçı jurnalist”, "vəkil”, "bloger” və hətta "dindar” adları altında gizlənsələr də, eyni məqsədə qulluq edir və eyni sifarişləri yerinə yetirirlər. Şəbəkəni idarə edənlərin bir hissəsi hazırda Moskvada, digər bir hissəsi Haaqa, Praqa və Almaniyada yerləşən mərkəzlərdə fəaliyyət göstərir”.

S.Məmmədovun fikrincə, məqsəd Azərbaycanın Avropa İttifaqı və dünyanın digər aparıcı ölkələri ilə əməkdaşlığına mane olmaqdır: "Bilirsiniz ki, iri transmilli layihələr yalnız Azərbaycanın iradəsi ilə gerçəkləşmir. Burada başqa dövlətlər də iştirak etməli və bəzən xarici banklar da maliyyələşməni həyata keçirməlidirlər. Əsl məqsəd məhz bunların qarşısını almaq, ölkəmizin beynəlxalq təşkilatlardakı nüfuzunu aşağı salmaq və Azərbaycanın oradakı təmsilçiliyinə mümkün hallarda xitam vermək, beləliklə də Ermənistanın Dağlıq Qarabağı işğal faktını "legitimləşdirmək” siyasəti həyata keçirməkdir. Yəni beynəlxalq aləmdə süni surətdə Azərbaycanın nüfuzu aşağı salındıqca, işğalçı Ermənistanın şansları genişlənir. Həmin "azərbaycanlılar” da məhz bu məqsədlə səfərbər ediliblər”.
İsmayıl