
“Spid”lə doğulan uşaqların sayı artır
Zülfiyyə Mustafayeva: “QİÇS-li uşaqların sayının artması gələcəkdə bizim üçün böyük işçi qüvvəsinin itməsi, cavan nəslin azalması deməkdir”

Azərbaycanda QİÇS infeksiyasına yoluxan insanların sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova Azərbaycanda "spid”lə mübarizə yollarına həsr olunmuş "dəyirmi masa”da çıxışı zamanı deyib ki, 1987-ci ildən 2016-cı ilin martın sonunadək "spid”lə yaşayan 4815 nəfər rəsmi qeydiyyata alınıb. Onun sözlərinə görə, onlardan 73,2 faizi kişi, 26,8 faizi qadındır.
"Statistikaya baxsaq, digər ölkələrlə müqayisədə bizim ökləmizdə vəziyyət o qədər də dəhşətli deyil.”
Bu sözləri mövzuyla bağlı "Şərq”ə danışan "Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi”nin sədri Zülfiyyə Mustafayeva deyib. "Bizdə epidemiya səviyyəsində xəstəlik yoxdur. Belarusiya, Ukrayna, Rusiya, Orta Asiya ölkələri ilə müqayisədə Azərbaycanda QİÇS-in yayılması ilə bağlı vəziyyət o qədər də dəhşətli deyil. Çox istərdim ki, insanlar rəsmi rəqəmlərə görə fikirlərini cəmləşdirməsinlər. Çünki rəsmi rəqəmlər qeydiyyata alınan insanların sayını göstərir. Amma ölkəmizdə nə qədər insan var ki, bu virusdan xəbərsiz yaşayır. Əslində aşkar olunanlara sevinməliyik ki, biz artıq onları aşkar etmişik. Özlərini QİÇS-ə qarşı müayinədən keçirən insanlar da sevinməlidirlər ki, onlarda virus aşkar olunub və onlar vaxtında müalicə olunurlar. Biz düşünürük ki, nə qədər ki insanlar analizlərdən keçmirlər və QİÇS testləri ilə özlərini yoxlamırlar, o adamlar daha təhlükəlidir. Demək olmaz ki, bir ildə yoluxanların sayı artıb və biz onları aşkar etmişik. İnsan illərlə bu virusa yoluxub yaşaya bilər və hətta xəstəliyin bəzi fəsadları nəticəsində özü də bilmədən hətta dünyasını dəyişə bilər. 5 minə yaxın insanın qeydiyyatda olması o demək deyil ki, onlar yoluxan kimi aşkar olunublar və yaxud da hər il yoluxanların sayı artıb. Biz aşkar olunmaların sayından danışırıq. İnsan indi də, beş il əvvəl də, on il əvvəl də yoluxa bilər. Sadəcə o, indi aşkar olunub”. Z.Mustafayeva söyləyib ki, əvvəlki illərlə müqayisədə bu xəstəlikdən əziyyət çəkən qadınların faiz nisbəti artmaqdadır. Qadınlar arasında vena daxili narkotikanın istifadəsi nəticəsində yoluxma baş verir. Eyni zamanda bizdə qadınlar əsasən infeksiya nəticəsində deyil, həyat yoldaşları ilə cinsi kontaktlar vasitəsi ilə yoluxurlar. Bu da bizim üçün çox həyəcanvericidir. Ailə quran şəxslərin tibbi analizdən keçməsi ilə bağlı keçən il yeni qanun da qəbul olundu. Amma bu qanunla yalnız keçən il və bu il ailə quran insanları qoruya bilirik. Bundan əvvəlki illərdə də nə qədər evlənən və yaxud evlənmədən birlikdə vətəndaş nikahında yaşayan insanlarımız var. Onların arasında biz QİÇS-lə bağlı təhlükəsiz kontaktları təmin edə bilirikmi? Azərbaycanda nə qədər xanım seksual xidmətlər göstərir. O xidmətlərdən istifadə edən kişilər var. Həmin kişilərin də böyük əksəriyyəti evlidir. Qadınlardan əldə etdikləri müxtəlif xəstəlikləri evdə həyat yoldaşlarına ötürürlər. Mənə elə gəlir ki, bizim ən böyük problemimiz bunun tibbi problem olmamasıdır. QİÇS sosial problemdir və burda cəmiyyətin iştirakı vacibdir. İnsanların davranışlarına diqqət eməsi, davranışlarını dəyişməsi lazımdır. Ana bətnində uşaq xəstəliyə yoluxursa, o, uşağın həyat tərzini göstərmir. Ananın davranışlarının nəticəsini göstərir. Ana vaxtında analiz versə idi və yaxud da ananı yoluxduran kişi vaxtında analiz versə idi, dünyaya "spid”li uşaq gəlməzdi. QİÇS problemi baxımından mən istəyərdim ki, bir məsələyə də toxunum. Bu da hər il QİÇS-lə doğulan uşaqların sayının artmasıdır. Təəssüf ki, əvvəlki illərlə müqayisədə ana bətnində bu xəstəliyin anadan uşağa ötürülməsi halları artır. Mən bundan narahatam. Ona görə ki, bir çox ölkələri, məsələn, Rusiyanı, Gürcüstanı, Belarusiyanı və yaxud Orta Asiya ölkələrini, Qazaxıstanı götürsək, onlar bu problemi demək olar ki, 100 faiz aradan qaldırıblar. Onlarda hamilə qadından QİÇS-li uşağın doğulması halları demək olar ki, qeydə alınmır. Amma bizdə qeydə alınır. Bunun da çoxsaylı səbəbləri var. Hamilə qadınlar arasında maarifləndirmə işlərinin zəif olması, qadınların genekoloqlara vaxtında müraciət etməməsi, ucqar yerlərdə doğuşa yardım müəssisələri ilə hamilə qadınlar arasında ünsiyyətin zəif olması və s. səbəb göstərmək olar. Fikrimcə, cəmiyyət bu məsələyə diqqət yetirməlidir. QİÇS-li uşaqların sayının artması gələcəkdə bizim üçün böyük işçi qüvvəsinin itməsi, cavan nəslin azalması deməkdir. Ona görə də hamilə qadınlar nəzarət altında olmalıdırlar. İlk üç ayda hamilə qadının bütün kriteriyalardan analiz verməsi şərtdir. Ucqar rayonlarda hamilə qadınları genekoloqar yalnız doğan zaman görürlər. Doğuma gələndə onlar qadını analiz edirlər və məlum olur ki, problem var. Uşaq da artıq yoluxub və çıxış yolu yoxdur. Amma ilk üç ayda müayinə olunsa idi, onda uşağın sağlam doğulması mümkün idi. Qeyd edək ki, sahə həkimlərinin maarifləndirmə tədbirləri çox zəifdir. Bizdə bu məsələlərə kifayət qədər diqqət yetirilmir. Yalnız 1 dekabr və 15 mayda "spid”lə mübarizə yada düşür.
Nihad