
Spiker ajiotaja son qoydu
“Elə qabardırlar ki, guya fövqəladə nəsə baş verib”Oqtay Əsədov xüsusi iclasın çağırılmasına rəng verən mətbuatı qınadı

Dünən Milli Məclisin növbədənkənar xüsusi iclası keçirilib. Spiker Oqtay Əsədov öncə əfv sərəncamı ilə bağlı parlament adından Prezidentə minnətdarlığını bildirib. Daha sonra gündəliyin müzakirəsinə başlanılıb. Gündəliyə "Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya düzəlişin edilməsi barədə qanun layihəsi, Cinayət Məcəlləsinə ayrı-ayrılıqda edilən dəyişikliklər və "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanun layihəsi salınıb.
Parlamentin sədri mətbuatda bəzi məsələlərin şişirdilməsindən narazılıq edib. O.Əsədov parlamentin bu gün keçirilən iclası barədə ictimaiyyətdə yaranan ajiotaja toxunub: "Milli Məclisin nizamnaməsində qayda var ki, Milli Məclis ayda 2 dəfə toplana bilər. Bu gün çağırılan iclasımızın növbədənkənar, xüsusi iclas olmasını elə qabardırlar ki, guya fövqəladə nəsə baş verib. Bizim fövqəladə iclasımız olanda adətən sessiya bitəndən sonra xüsusi halda toplanırıq. Mən mətbuatdan çox xahiş edirəm ki, bunu nəzərə alsın”.
"Düzəlişlər milli maraqlarımıza uyğundur”
Birinci vitse-spiker Ziyafət Əsgərov "Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib ki, konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: "Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi. İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampluası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin fövqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza uyğundur”.
Ermənistan Atom Elektrik Stansiyasının tullantılarını Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırır
Müzakirələr zamanı millət vəkili Bəxtiyar Əliyev vurğulayıb ki, Ermənistan tərəfindən Atom Elektrik Stansiyasının tullantıları işğal edilmiş Dağlıq Qarabağ və ətraf ərazilərdə basdırılır: "Azərbaycanın təkidi ilə ATƏT-in Faktaraşdırıcı Missiyası orada olub və bu faktın mümkünlüyünü qeyd edib. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxarılmalıdır. Orada narkotik maddələrin hazırlanması, terror dəstələrinin yetişdirilməsinə beynəlxalq təşkilatlar reaksiya verməlidir. Bu təkcə Azərbaycan üçün deyil, Avropa üçün təhlükə mənbəyidir. Azərbaycan bu konvensiyaya düzəlişi qəbul etməklə sülhün, sabitliyin tərəfdaşı olduğunu göstərib. Biz bölgədəki münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq. Amma güc tətbiq edilərsə, cavab verməyə də hazırıq”.
"Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz”
Deputat Azay Quliyev konvensiyaya düzəlişin, yaxın zamanlarda Vaşinqtonda 4-cü Nüvə Təhlükəsizliyi Sammiti keçiriləcəyi ərəfədə edildiyini xatırladıb: "Prezident həmin sammitdə iştirak edəcək. Bu ilk növbədə onun göstəricisidir ki, Azərbaycan təhlükəsizlik sistemində əsas ölkələrdən biridir. Azərbaycan Prezidentinin belə bir tədbirdə iştirakı Azərbaycan dövlətçiliyinə münasibət və Azərbaycan Prezidentinin beynəlxalq miqyasda qazandığı qiymətdir”.
Millət vəkili həmçinin Prezident tərəfindən imzalanan əfv sərəncamını humanist addım kimi qiymətləndirib: "Bu sərəncamın əhəmiyyəti ondan ibarətdir ki, hüquq müdafiə təşkilatlarının siyahılarında yer alan insanlar da əfv edilib. Bu, böyük humanist addımdır. Bu onu göstərdi ki, istənilən problem dialoqla həll edilə bilər. Həmçinin bu, işçi qrupuna böyük etimadı göstərir. Prezident həmin şəxsləri əfv etməklə göstərdi ki, yalnız və yalnız hər hansı məsələnin həlli ilə bağlı dövlətə və dövlət başçısına etimad lazımdır. Kimlərsə xaricdən kömək gözləməməlidirlər. Xarici təşkilatlar ölkənin daxili işinə qarışa bilməz. ATƏT-in prezidenti, AŞ PA-nın prezidenti və digər beynəlxalq təşkilatlar bu əfv sərəncamını çox yüksək qiymətləndirdilər”.
İşğaldan sonra ermənilər Uran yatağını işlədirlər
Millət vəkili Elman Məmmədov SSRİ dövründə Ağdərə rayonunun Çıldıran-Dranbol ərazisində Uran yataqları olduğunu diqqətə çatdırıb: "Onun bir hissəsi də Kəlbəcər rayonu ərazisindədir. İşğaldan sonra yataq işlədilir. Xaçın və Tərtər çayları vasitəsilə tullantılar Azərbaycan tərəfinə axıdılır. Çayların radiasiya yükü yoxlansa, bu, ortaya çıxır. Yəqin ki, bununla müvafiq orqanlar məşğul olur və beynəlxalq təşkilatlara müraciət ediləcək”.
Müzakirələrdən sonra sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Xeyli miqdarda nağd şəkildə pivənin satışı ilə məşğul olan şəxslər cəzalandırılacaq
Daha sonra Cinayət Məcəlləsində dəyişiklik müzakirə edilib. Dəyişikliyə əsasən, Məcəllənin 213-1-ci maddəsində "Tütün” sözü "Pivənin və tütün” sözləri ilə əvəz edilib. Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda almağa görə 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub. Nəzərdə tutulan dəyişiklik aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma, habelə belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna edilməklə Cinayət Məcəlləsində təsbit edilməsi məqsədi daşıyır.
Spiker deputata cavab verdi:
"Bizdə də məlumat yoxdur ki, hansı nazirliklər mənfi rəy verib”
Müzakirə zamanı deputat Cavanşir Feyziyev aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsinə edilən dəyişikliklərin işləməyəcəyini qeyd edib: "Oktyabr ayında aksizli malların dövriyyəsi ilə bağlı olan Cinayət Məcəlləsində iki dəfə dəyişikliyə cəhd edilib. Amma heç bir müvəffəqiyyət olmayıb. Bu dəyişikliyi tamamilə aradan qaldırmaq və ya yenidən baxmaq lazımdır. 5 nazirlik tərəfindən bu dəyişikliyə mənfi rəy verilib. O cümlədən də Ədliyyə Nazirliyi tərəfindən. Dəyişiklik işləmir və bunu hər dəfə qəbul etmək doğru deyil. Hesab edirəm ki, dəyişikliklər ləğv edilməlidir”.
Spiker O.Əsədov isə deputatın çıxışına münasibət bildirərək deyib ki, həmin nazirliklər Nazirlər Kabinetinin tərkibindədir: "Bu qanun layihəsinə dəyişiklik Nazirlər Kabinetindən gəlib. Demək o nazirliklərlə razılaşdırılıb ki, parlamentə göndərilib. Bizdə də məlumat yoxdur ki, hansı nazirliklər mənfi rəy verib”.
Müzakirələrdən sonra qanuna edilən dəyişiklik qəbul edilib.
Anar Bayramoğlu