Spiker Zahid Oruca irad bildirdi

“Nə karton, nə jurnal, universitet universitetdir”
Dünən Milli Məclisdə "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
O bildirib ki, dempinq xarici bazarlarda rəqibləri sıradan çıxarmaq məqsədilə malların maya dəyərindən və daxili bazardakından daha ucuz satılması deməkdir: "Qanun layihəsinin məqsədi isə yerli istehsalçıların iqtisadi maraqlarının müdafiəsinə yönəlib. Yəni bu, subsidiyalaşdırılan idxalın, antidempinqin formalaşdırılması və tətbiqi qaydalarını tənzimləməlidir. Qanun layihəsi idxalın tam qadağan olunması məqsədi daşımır. Qanun layihəsində nəzərdə tutulub ki, araşdırma orqanı bazarda müvafiq araşdırma aparacaq.
Layihəyə əsasən, dempinqli idxala qarşı 3 tədbir görüləcək. Antidempinq, kompensasiya və mühafizə tədbirləri. Birinci halda uyğun antidempinq rüsumu tətbiq ediləcək. İkinci halda ölkəyə idxal olunan mallarla yerli məhsullar arasında qiymət pariteti pozulması olsa, kompensasiya tədbirləri görüləcək.
Üçüncü halda isə idxal kəskin artdığı, yerli istehsal məhsullarına təzyiqin gücləndiyi müəyyən edildikdə, tədbirlər həyata keçiriləcək. Milli bazarımızın sivil qaydada qorunması üçün bu qanuna ehtiyac var”.
Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.
İclasda həmçinin "Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinə dəyişiklik müzakirə edilib. Dəyişiklikdə "xarici ölkələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş təhsil müəssisələrində” sözlərinin "xarici ölkələrdə” sözləri ilə əvəz edilməsi təklif olunub.
Deputat Zahid Oruc təklif edilən dəyişikliyin əleyhinə çıxıb və bunu məqbul saymayıb. O deyib ki, məsələ yenidən Prezident Administrasiyasının müvafiq şöbəsi ilə bir daha müzakirə olunmalı, dəqiqləşdirilməlidir: "Çox tələbələr var ki, onlar dünyanın müxtəlif ölkələrində, əsasən də Rusiya və Ukraynanın tanınmayan "karton” universitetlərində təhsil alırlar. İndi bu məsələnin onlara da şamil olunması düzgün deyil. Bundansa Konservatoriyanın tərkibində musiqi kolleci var, orada fitri istedadlar oxuyur. Onlar barmaqlarla işləyirlər. Sonra əsgərliyə çağırılırlar, bir il yarım əsgərlikdə olurlar, onların barmaqları sıradan çıxır. Biz beləliklə istedadları itiririk. Yaxşı olardı ki, onların hərbi xidmətdən azad edilməsi məsələsinə baxılardı”.
Spiker Oqtay Əsədov isə millət vəkilinin fikirlərinin əleyhinə çıxıb: "Nə karton, nə jurnal. Universitet universitetdir. Camaatın uşağı gedib orada təhsil alır. Məsələ onlara da, buranı bitirənlərə də şamil olunmalıdır. Bu şamil olunmasa, insan hüquqlarının pozulması olardı”.
Müzakirələrdən sonra qanuna təklif olunan dəyişiklik qəbul edilib.
Anar