“Statistika dairəsi” ləğv olundu

Yeni sxem hazırlanıb, tıxac aradan qalxacaq


Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq Bakı şəhəri Yasamal rayonunun keçmiş "Sovetski” ərazisində yol infrastrukturunun yenidən qurulması istiqamətində aparılan işlər çərçivəsində İnşaatçılar prospektində yerləşən dairə ("Statistika dairəsi”) artıq ləğv edilib.

"Azəravtoyol” ASC-nin məlumatına görə, bu səbəbdən də avtonəqliyyat vasitələrinin hərəkəti dairədən keçərək İnşaatçılar prospektindən Abbasqulu Ağa Bakıxanov küçəsinə doğru tam olaraq dayandırılaraq layihə üzrə nəzərdə tutulan istiqamət üzrə yönəldilib.

Belə ki, avtonəqliyyat vasitələrinin hərəkəti İnşaatçılar prospektindən sağa Nərimanov prospektinə, ordan isə yeni yaradılmış geri dönmə hissə ilə Abdulla Şaiq küçəsinə və yenidən İnşaatçılar prospektinə yönəldilib. Abbasqulu Ağa Bakıxanov və İzmir küçələrindən İnşaatçılar prospektinə daxil olan avtonəqliyyat vasitələri isə əvvəlki qaydada hərəkətlərinə davam edə bilərlər.

Məsələ ilə bağlı "Şərq”ə danışan "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Statistika dairəsinin ləğv edilməsi ilə bağlı yeni bir sxem hazırlanıb:

"Əvvəllər dairədə çox gərginlik olurdu, sürücülərin keçmə növbəliliyi ilə bağlı anlaşılmazlıq baş verirdi və tıxac yaranırdı. Artıq yeni bir sxem hazırlanıb, düşünürəm ki, sürücülərimiz diqqətli olsalar, əvvəlki gərginlik azalacaq. Amma bunu zaman göstərəcək ki, sürücülər yeni sxemə nə dərəcədə riayət edəcəklər”.

Yeganə Bayramova