Statistika dəhşətlidir: Bu il 374 nəfər “SPİD”ə yoluxub

Ekspert: “Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda bu virusla yaşayan, lakin bundan xəbərsiz olan hələ nə qədər insan var”



Azərbaycan İİV infeksiyasına yoluxma səviyyəsinin aşağı olduğu ölkələr sırasına daxildir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, epidemiya əsasən yüksək riskli qruplara aid olan əhali təbəqələri, o cümlədən narkotik istifadəçiləri arasında yayılıb. Nazirliyin daim nəzarət və hərtərəfli təminatı sayəsində İİV infeksiyasının yayılmasını illər boyu məhdud təmərküzləşmiş mərhələdə saxlamaq mümkün olub.

2016-cı ilin 9 ayı ərzində İİV-ə 374 yeni yoluxma halı qeydə alınıb. Onlardan 365-i (98 faiz) Azərbaycan vətəndaşı, 9-u (2 faiz) isə əcnəbidir. Qeydiyyata alınmış 365 yerli sakindən 232-si (63,6 faiz) kişi, 133-ü (36,4 faiz) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə Azərbaycan vətəndaşı olan 118 İİV-li xəstə keçib və 43 ölkə vətəndaşının dünyasını dəyişməsi barədə məlumat daxil olub.

"Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, İİV-ə yoluxanlarla bağlı açıqlanan statistika bu xəstəlik daşıyıcılarının onda biridir: "Açıqlanan statistika aşkar olunanların sayını göstərir. Həmin o 374 nəfərin İİV-ə nə zaman, necə yoluxması barədə bizdə heç bir məlumat yoxdur. Ola bilsin ki, həmin insanların əksəriyyətində bu xəstəlik əvvəldən də olub, amma əhəmiyyət vermədiyi üçün həkimə müraciət etməyib. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanda bu virusla yaşayan, lakin bundan xəbərsiz olan hələ nə qədər insan var. Hətta bir çox hallarda bu virusa yoluxan insanlar əbəs yerə müxtəlif xəstəliklərdən müalicə alır. Bu müalicələr də effekt vermədiyi üçün dünyasını dəyişir. Hansı ki, müalicəsi yararsız olduğu müddətdə bir dəfə də olsun, virusa qarşı analiz vermək ağlına gəlmir. Çünki cəmiyyətdə maarifləndirmə aşağı səviyyədədir və bu cür yoluxucu xəstəliklərdən şübhələnmirlər. Bunun da səbəbi sifilis, QİÇS kimi xəstəliklərin həyat tərzi ilə əlaqələndirilməsidir. Cəmiyyətdə belə bir xof var ki, sifilisə, İİV-ə ancaq narkoman və əxlaqsız qadın yoluxa bilər. Evdar qadın bu xəstəliyə hardan yoluxsun? Hansı ki, Azərbaycandakı ginekoloji kabinetlər başdan-ayağa virus mənbəyidir. Sifilis, HİV, Hepatit C kimi viruslar həmin məkanlarda çox rahat şəkildə ötürülür. Abort alətləri hər nə qədər spirtlə dezinfeksiya olunsa da, viruslar yaşayır. Həmin alətlər 60-70, HİV isə 200 dərəcədə qaynadılanda isə Hepatit C məhv olur”. Vaxtında müalicəyə başlamağın yoluxma riskini azaltdığını vurğulayan ekspert deyib ki, xəstəliyin radikal müalicəsi olmadığı üçün orqanizmdə virusun tam şəkildə ölməsi mümkün deyil. Ancaq onun virus yükünü aşağı salmaq, immun sistemini qaldırmaq yolu ilə insanı yaşatmaq olar: "Ən əsası odur ki, müalicə olunan insanların virusu başqasına ötürmə riski çox aşağıdır. Xəstəliyindən xəbərsiz insan isə başqalarını yoluxdura-yoluxdura virusun artmasına səbəb olur. QİÇS, Hepatit C-yə yoluxan insanların ictimai qınaqdan çəkinmədən vaxtında həkimə müraciət etməsi üçün maarifləndirici tədbirlərə çox böyük ehtiyac var. Burada isə əsas yük səhiyyə işçilərinin üzərinə düşür. Hər bir həkim qəbuluna düşən xəstə ilə bu cür yoluxucu xəstəliklər barədə söhbət aparmalı, bu virusun yoluxma səbəblərini onlara aşılamalıdır”.

KİV-in bu istiqamətdəki fəaliyyətini qənaətbəxş hesab edən ekspert deyib ki, mətbuatın vəzifəsi bu barədə açıqlanan statistika və ayrı-ayrı həyat tarixçələrini oxucuların diqqətinə çatdırmaqdır. Eyni zamanda QHT-lərlə birlikdə mediada sosial çarxlar, bukletlər hazırlayıb, yaya bilərlər: "Amma bizim səsimizi respublikanın ucqarlarındakı insanlar eşitməyəcək. Ölkəni qarış-qarış gəzib, insanları maarifləndirmək də bizim imkanlarımız xaricindədir. Amma informasiyaya çıxışı məhdud olan yerlərdə belə səhiyyə işçiləri əhali ilə daimi təmasda olur. Xüsusən də, ginekoloqlar və diş həkimlərinin üzərinə böyük məsuliyyət düşür. Onlar avtoklabsız işləməməlidir. Bizim bəzi həkimlərimiz bu virusların yayılma səbəbindən məlumatsız olduğu, bəzən də pasiyentlərini tezbazar müayinə edib, vaxt itirməmək üçün alətləri spirtləməklə işlərini bitmiş hesab edirlər. Bu isə ümumi işin ziyanınadır. Əgər biz tibb işçiləri ilə əl-ələ verib, maarifləndirmə tədbirləri aparmasaq, işimiz çox çətin olacaq”.

Şəymən