Şübhəli adamları gözdən qoymayın

5 yaşlı Aişənin qatilinə ölüm hökmü tələb edirlər, amma nə faydası...?Ekspertlər hesab edir ki, ölüm hökmünün bərpası heç bir problemi həll etməyəcək
5 yaşlı Aişənin qətli neçə gündür, ölkə əhalisinin dincliyini pozub. Hamı bu dəhşətli qətldən danışır. "Uşaq qatili”, "manyak var” qorxusu insanların dincliyini pozub. Oxşar xəbərləri adətən qardaş Türkiyədən alırdıq. Türkiyədə uşaq oğurluğu və qətlləri o qədər çoxalıb ki, hökumət bununla mübarizə üçün xüsusi sistem tətbiq etməyə başlayıb. Bizdə isə belə hadisələr nadir baş verərdi. Son zamanlarsa qəddarlıqlar çoxalıb. Bir gənc sevdiyi qızı "ya mənim olmalısan, ya qara torpağın” deyib günün günorta çağı küçədə bıçaqlayır. Əclafın biri gənc qızın ardınca düşüb binanın blokunda təcavüz edir.
Başqa bir alçağın da gücü 5 yaşlı qızcığaza "çatır”. Aişənin qətlində şübhəli bilinən əclaf etdiyi əməli boynuna alıb. Uşağa necə təcavüz etdiyini, necə qətlə yetirdiyini də soyuqqanlıqla polisə danışıb. Manyaklar, qatillər bütün dövrlərdə və hər bir cəmiyyətdə olub, olacaq da, yəqin ki. Sadəcə, 5 yaşlı qızcığazın həyatının bu şəkildə sonlanması insanın qanını dondurur. Körpə Aişə niyə, nədən bir əclafın əlində qətl edilməliydi?
Gözdən, könüldən iraq yer...
Hadisə barədə ilkin məlumatlar bəzi suallar doğurur və acı reallıqları ortaya qoyur.
Qələndərovlar ailəsinin yaşadığı yer Pirallahı (keçmişdə Artyom adası - red.) qəsəbəsində, Tarxan adlanan bataqlıq, qamışlıq ərazidir. Belə ərazilərdə adətən kasıb ailələr yaşayır. Bir daxma tikib başlarını saxlayırlar. Xəbər saytlarına yerləşdirilmiş fotolardan da görünür ki, adıçəkilən ərazi gözdən uzaq bir yerdir. Taxta hasarlar, uçuq-sökük evlər... Belə yerdə yaşayan körpənin oyun yeri qapı ağzı, küçədir.
Aişə bəzi varlı ailələrin övladları kimi özəl bağçaya getməyib. Gününü həyətdə, bataqlıqların, qamışlıqların arasında "oyun” oynamaqla keçirirmiş. Və sonda da bir əclafın böyük oyununun qurbanı olub. Aişə kimi, gününü bataqlıqlar "qoynunda” keçirən nə qədər uşaq var Pirallahıda, buna bənzər gözdən uzaq düşmüş yerlərdə. Dövlət orqanları onlarla maraqlanmalıdır.
Aişə niyə həmin gün polis tərəfindən axtarılmayıb?
Bu hadisədə ən böyük müəmma "yoxa çıxmış” uşaqla bağlı polisə müraciət edilməməsidir. İlkin məlumatlardan belə anlaşılır ki, uşağın itdiyi bəlli olduqda atası və qonşular onu axtarmağa başlayıblar. Qaranlıq düşənə kimi axtarıblar, sonra səhərin açılmasını gözləyiblər ki, axtarışları davam etdirsinlər. Amma polisə məlumat verilib-verilmədiyi haqda bir söz deyilmir. Uşağın atası səhərə yaxın qonşunun həyətində yer qazdığını görüb, ondan niyə belə etdiyini soruşub, qonşu kobud cavab verəndə şübhələnib və polisə zəng vurub. Bundan sonra polis əraziyə gəlib, axtarışlara başlanıb və uşağın cəsədi şübhəli görünən Yakovun həyətindən tapılıb. Bəs, ona qədər valideynləri niyə polisə müraciət etməyib. Ata evdən çıxıb uşağı həyətdə görmür. Qonum-qonşudan qızını xəbər alır, "gördüm” deyən olmur. İtkin düşmə ilə bağlı niyə polisə müraciət edilmir? 5 yaşlı uşaq böyük adam deyil ki, özbaşına çıxıb harasa gedə bilsin. Uşağın bataqlığa düşməsi, boğulma təhlükəsi, yaxud qamışlıqlarda azıb qalması ehtimalı ola bilərdi. Valideyn bunu nəzərə alıb, niyə polisə xəbər verməyib? Tutalım, valideyn özünü itirib, həyəcandan nə edəcəyini bilməyib. Bəs, qonşular niyə polisə xəbər verməyiblər? Burada iki versiya ortaya gəlir: ya valideynlər polisə xəbər verib, polis axtarışlara gec başlayıb, ya da polisə vaxtında məlumat verilməyib. Bu da sual doğurur; Niyə?
Açıq qalan bir məsələ də, qətli boynuna alan Yakov Çernovun "sakit adam” kimi tanınmasıdır. Bunu da qonşular bildirib ki, indiyədək bu adamdan diqqət çəkən hərəkət görməyiblər. Yakovu qonşular "sakit, dinc adam” kimi xarakterizə ediblər.
"Sakit adam”lar təhlükəli olur
Hadisə barədə psixoloq Dəyanət Rzayevin fikirlərini öyrəndik.
D.Rzayev bildirdi ki, yaşanan faciələr bir çox hallarda cəmiyyətimizin qüsurlu olması ilə bağlıdır:
- Problem bundan irəli gəlir ki, cəmiyyətimizdə bisavadlıq artmaqdadır. İnsanlar kitab oxumağa meyilli deyil, mütaliəni sevmirlər, elmlə, biliklə məşğul olmurlar. Hadisələrə savadsızca yanaşırlar. Bir uşaq dəcəldir, müəllimləri ondan şikayət edir, uşaq böyüklərin sözünə baxmır, yaramazlıqlar edir. Amma birdən bu uşaq sakitləşir, dəcəlliyindən əsər-əlamət qalmır, özünə qapanır, heç kimlə ünsiyyət yaratmır. Valideyn, sevinir; uşağım ağıllanıb. Amma əksinə, bu, qarşıdakı böyük faciədən xəbər verir. Valideyn səhv olaraq uşağın "sakitləşməsinə” sevinir. Əslində isə, valideyn uşaqda baş vermiş bu ani dəyişikliyə görə narahat olmalıdır. Çünki insanın birdən-birə dəyişməsi nəyinsə əlamətidir. Bu, artıq siqnaldır və ətrafındakılar ona qarşı daha diqqətli olmalıdırlar. Bəlkə də o uşaq nəsə fikirləşir və nəsə bir hərəkət etməyə hazırlaşır. Yəni, bu, fırtına öncəsi sakitlikdir. 5 yaşlı uşağın faciəsində də eyni vəziyyətdir. Əgər o qonşular, xüsusən də ərazinin sahə müvəkkili zamanında bu insandan məhz sakit olduğuna görə şübhələnsəydi, onu kənardan nəzarət altına alsaydı, bəlkə də bu faciə baş verməyəcəkdi. Amma bizim cəmiyyətdə səhv bir yanaşma var; insan sakitdirsə, heç kimə dəyib dolaşmırsa, onu unudurlar, yox sayırlar. Bu sakit adamsa qınına çəkilib, məqam gözləyir. Qurban axtarır. Bəlkə də, bu adam indi ələ keçməsəydi, qurbanları çox olacaqdı. Artıq bu adamda qətl törətməyə maniya varmış. İndi də olmasa, nə vaxtsa qətl törədəcəkdi. Çünki qəddar bir insandır. Bunu aydınlaşdırmaq asan işdir. İnsanın ağız boşluğuna, saçlarındakı kimyəvi elementlərin göstəricisinə görə, onun nə dərəcədə qəddar olduğunu ayırd edirlər. Sadəcə, vaxtında bu adam nəzarət altına alınmalıydı. Bu, sahə müvəkkilinin işidir. Sahə müvəkkilinin "işi” camaatdan pul yığmaq, həyətində ayaqyolu tikənin başının üstünü kəsdirib, "şirinlik” istəmək deyil. Sahə müvəkkili ərazisindəki bütün adamları 5 barmağı kimi tanımalıdır. Kim necə yaşayır, nə işlə məşğul olur? Sahə müvəkkili profilaktik tədbirlər görməklə cinayəti önləyə bilər. Amma təəssüf ki, bizdə belə deyil. Ailələrdə nə qədər məişət zorakılıqları baş verir. Bəzən qonşu eşidir ki, divarın o tərəfində qışqırıq səsi gəlir. Amma qonşunun həyətinə gedib nə baş verdiyi ilə maraqlanmır. Deyir, ailə məsələsidir, qarışmaq olmaz. Bəlkə də həmin vaxt orada qətl törədilir, amma biz özümüzü görməməzliyə vururuq, qulaqlarımızı tuturuq. Polisə də müraciət etmirik. Cəmiyyətdə psixopatiya çoxalıb. İnsanlar qəddarlaşır. Nə qədər belə hadisələrin şahidi olmuşuq ki, avtobus sürücüsü sərnişinə kobud cavab verib, küçədə, mağazada kişi qadınla kobud davranıb. Heç kim belə hallarda polisə müraciət etmir. Sürücü bir söz deyir, sərnişin bir söz. Hərəsi ürəyində, dilinin altında söyüş söyür. Bununla da iş bitir. Amma düşünmürlər ki, bu, cinayətlərin törədilməsi üçün potensial vəziyyətdir. Profilaktika, maarifləndirmə işləri aparılmalıdır. İnsanlar qeyri-adi hallarda hara, kimə müraciət edilməli olduğunu bilməlidirlər. Və bunu da etməlidirlər. Cinayətkarı yaxalamaq çətin deyil. Bizim hüquq-mühafizə orqanları bunu yaxşı bacarır. Əsas məsələ, cinayətləri önləməkdir. Mən əminəm ki, uşağın itdiyi məlum olan kimi, polisə müraciət edilsəydi, qonşular ətrafı yaxşı axtarsaydılar, bəlkə də o uşaq tapılardı. Çünki mən inanmıram, 15 dəqiqənin içində qatil öz işini görüb qurtarmış olsun. Onun etdikləri 15-20 dəqiqəlik iş deyil.
Bəlkə də, valideyn polisə müraciət edib, ancaq axtarışlara gec başlanıb.
Səhlənkarlıq?!
Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov isə polisin axtarışlara gec başlaması versiyasını rədd etdi:
- İş təcrübəmdən bilirəm ki, polisə məlumat daxil olan kimi əməliyyata başlanır. Ola bilməz ki, valideyn uşağın itməsi ilə bağlı polisə müraciət etsin, amma axtarışlara ertəsi gün başlansın. Bu, cəfəngiyyatdır. Ola bilər ki, valideyn özü polisə gec müraciət edib. Fikirləşib, uşaqdır, yəqin uzağa gedib çıxıb, axtarıb taparıq. Amma tapa bilməyiblər. Onlar gərək dərhal polisə zəng edəydilər. Əməliyyatçılar uşağı tez tapardılar. Bəlkə də heç ölməzdi. Sağ qalardı. Məncə, valideynlər səhlənkarlıq edib.
Ölüm hökmü!
5 yaşlı Aişənin qətli ölüm hökmünün bərpasını da yenidən gündəmə gətirib. Ölüm cəzasının bərpasını istəyənlər, bunu, istisna hal kimi, xüsusi amansızlıqla edilmiş qətllərə görə vacib sayır, həm də
öldürülmüş şəxsin doğmalarının haqqı kimi tanıyır. Cana can, qana qandır. Dinimiz də, qətlə yetirilmiş insanın qanının alınması haqqını qarşı tərəfə tanıyır. Lakin qarşı tərəfə bağışlamaq haqqı da verilir. Qatili bağışlayıb, bağışlamamaq qarşı tərəfin hüququdur. Millət vəkili Fazil Mustafa Bakının Pirallahı rayonunda 5 yaşlı Aişə Qələndərovaya vəhşicəsinə təcavüz etdikdən sonra onu amansızlıqla qətlə yetirən 32 yaşlı Yakov Çernova törətdiyi əmələ görə ölüm hökmü tələb edib.
F.Mustafa sosial şəbəkədə bu haqda yazıb:
- İllərdir tələb edirəm ki, uşaqların və hamilə qadınların qəsdən öldürülməsinə görə ölüm hökmü bərpa olunmalıdır. Ancaq rəsmi qurumlar Avropa Şurası qarşısında öhdəliyi bəhanə edərək, bu məsələdə bir qəti qərar vermək istəmirlər. Budur, Pirallahıda 5 yaşlı qıza təcavüz edərək öldürən 32 yaşlı qatilin indi cəzası nə olmalıdır? Bu məxluqun yaşamasının bir mənası qalırmı? Ömürlük həbs etsinlər və hər gün büdcədən qida da ayıraq ki, mədəsini doldursun, bunun zərərçəkmiş tərəf üçün hansı təsəllisi ola bilər ki?.. 5 yaşlı qızı, o mələk cocuğu bir sərxoşdan, bir manyakdan qoruya bilməyən bir cəmiyyətik, həqiqətən utancvericidir. Bir də verilən cavab bizim cəmiyyətdə əksər kriminal əməl daşıyıcılarına xarakterik cavabdır: "İçkili idim maşınla adamı vurdum, içkili idim maşın vurdu, içkili idim bıçaqladım, güllələdim, qumbara atdım, içmişdim və çəkmişdim gedib evi yandırdım”.
Canınız çıxsın içməyin, çəkməyin! Nəticəsini ki görürsünüz. Çevrədə sərxoşluğun və narkomanlığın necə tüğyan etdiyini, stimullaşdırıldığını görürsən, gələcəyimizin qaranlıq mənzərəsini daha dəqiq təsəvvür edirsən. Ailələrin görünməyən faciəsi əksər hallarda bu amillə bağlıdır. 5 yaşlı qız övladını qoruya bilməmənin günahını hamımız daşıyırıq”.
F.Mustafa ilə həmrəy olanlar da var, əks düşünənlər də.
Məsələn, psixoloq Dəyanət Rzayev ölüm hökmünün bərpasının cinayətlərin azalmasına heç bir təsir etməyəcəyi fikrindədir:
- Mən ölüm hökmünün tərəfdarıyam. Ancaq bunu da bilirəm ki, ölüm hökmünün bərpası heç bir problemi həll etməyəcək. Cinayətlər də azalmayacaq. Çünki cinayəti törədən ona hansı cəzanın veriləcəyi barədə düşünmür.
Hüquq müdafiəçisi Elçin Behbudov da ölüm hökmünün bərpasını real saymır:
- Biz artıq ölüm hökmünü ləğv etmişik. Mən ölüm cəzasının əleyhinəyəm. Sivil dövlətdə yaşayırıq. Yenidən keçmişə qayıtmaq mənasızdır. Qatil üçün ən dəhşətli cəza ömürlük həbsdir. Ömürlük həbs, ölüm cəzasından da ağırdır. Ölüm cəzası bir dəfə icra olunur, qatilin "canı” qurtarır. Amma ömürlük cəzada qatil hər gün ölüb dirilir.
Məlahət Rzayeva