Aydın Mirzəzadə, Qabil Hüseynli “hə” deyir, Sərdar Cəlaloğlu isə buna ehtiyac görmür
“Türkiyə prezidentinin abidəsi əbədiləşdiriləcəksə, bu, Süleyman Dəmirəl deyil, Turqut Özal olmalıdır”
Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirəl dünyasını dəyişib. 91 yaşlı siyasətçi yerli vaxtla saat 02.05-də (Bakı vaxtıyla 04.05) nəfəs yolu infeksiyası və ürək çatışmazlığından vəfat edib.
XX əsrin ən nüfuzlu siyasətçilərindən və dövlət xadimlərindən biri olan Türkiyə Respublikasının IX prezidenti Süleyman Dəmirəlin həyatını dəyişməsini günün ən ağır xəbəri kimi dəyərləndirən millət vəkili Aydın Mirzəzadə özünün "Facebook” səhifəsində yazıb ki, S.Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir.
S.Dəmirəlin fəaliyyətinin Türkiyənin möhkəmlənməsində, dövrünün ağır problemlərinin həllində böyük rol oynadığını vurğulayan millət vəkili qeyd edib: "Prezidentliyi dövrünün SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin meydana gəlməsi vaxtına düşməsi həqiqətən də tarixi üçün böyük bir şansdır. Süleyman Dəmirəl yeni türk dövlətlərinin ayaq üstə durmasına misilsiz kömək edib, yeni siyasi düzəmin arxitektorlarından biri olub”.
A.Mirzəzadə bildirib ki, Süleyman Dəmirəl Azərbaycanın, Azərbaycan xalqının Böyük Dostu olub: "Hər bir kəs onun Azərbaycana necə dəstək verdiyi böyük işləri xatırlayır. O, uğurumuza sevinir, dərdimizə dərindən şərik olurdu. O, öz xarizması və müdrik siyasəti ilə adını tarixə yazdı. İnanıram ki, hələ uzun müddət siyasətdə Dəmirəl yanaşması xətti aparıcı xətlərdən biri olacaq”.
A.Mirzəzadə hesab edir ki, adının Azərbaycanda əbədiləşdirilməsi üçün onun adına orta məktəblər, küçələr verilməli, təqaüd təsis edilməlidir. Nəticədə bu, böyük türk dövlət xadiminin sonsuz zəhmətinə misilsiz hörmət olardı.
Qeyd edək ki, millət vəkilinin bu təklifi ölkə ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb.
Politoloq Qabil Hüseynli də Süleyman Dəmirəlin xatirəsinin əbədiləşdirilməsi məsələsində Aydın Mirzəzadə ilə həmrəy olduğunu deyib:
"Süleyman Dəmirəlin Azərbaycan üçün çox böyük xidmətləri olub. Bu xidmətlər Azərbaycan hakimiyyətinin Heydər Əliyev dövründə daha irimiqyaslı olub. Hakimiyyətin möhkəmlənməsi, daxili stabilliyin yaradılması, ordu quruculuğu, beynəlxalq aləmdə Azərbaycan dövlətinin mövqelərinin möhkəmləndirilməsi kimi sahələrdə Süleyman Dəmirəlin xidmətləri danılmazdır.
Onun Heydər Əliyevlə yaxın əlaqələri dostluq və qardaşlıq səviyyəsinə qədər qalxıb. Təsadüfi deyil ki, onlar hər zaman biri-birinə dostum və qardaşım deyə müraciət edirdi. Elə Azərbaycanın müstəqilliyin ilk illərində ayaq üstdə durmasında, Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində Süleyman Dəmirəlin Heydər Əliyevlə yaxın dostluğu önəmli rol oynayıb”.
A.Mirzəzadənin təklifini müsbət dəyərləndirən politoloq deyib ki, Dəmirəlin xatirəsini Azərbaycanda əbədiləşdirmək üçün müxtəlif formalardan istifadə etmək olar: "Orta məktəblərdən birinə onun adını vermək də olar, təqaüd təsdiq etmək də. Həmçinin Türkiyə-Azərbaycan dostluğunu əks etdirən müəssisələrdən birinə də bu böyük şəxsiyyətin adını vermək olar”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə hesab edir ki, Süleyman Dəmirəlin Azərbaycan üçün bir o qədər də müstəsna əhəmiyyəti olmadığı üçün onun adının ölkəmizdə əbədiləşdirilməsinə heç bir ehtiyac yoxdur: "Azərbaycanın dövlət müstəqilliyi elan olunan zaman Türkiyədə hakimiyyət başında Turqut Özal idi. Təkcə Azərbaycanla yox, bütün türk xalqları ilə yüksək səviyyəli əlaqələrin qurulmasında da onun böyük rolu olub. Əgər Azərbaycanda hansısa Türkiyə prezidentinin abidəsi əbədiləşdiriləcəksə, bu, Süleyman Dəmirəl deyil, Turqut Özal olmalıdır. Qaldı ki, Aydın Mirzəzadənin təklifinə, bu onun subyektiv fikirləridir, bir söz deyə bilmərəm. Sadəcə olaraq, indiki halda dövlətin onun təkliflərini dəyərləndirəcəyini düşünmürəm. Uzaqbaşı, hansısa küçəyə ad verərlər. Bundan o tərəfə keçəcəklərini zənn etmirəm. Əslində isə heç ona da lüzum yoxdur”.
Şəymən