Sülh danışıqları dalana dirəndi

Ermənistan siyasi simasını dəyişmək istəmir
Bölgədə irimiqyaslı müharibənin yaşanacağı qaçılmaz görünür


Aprel döyüşlərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar intensivləşsə də, gözləntilərin əksinə olaraq, irəliləyiş əldə olunmadı. Hazırda yaranmış mənzərə, danışıqların fiaskoya uğraması heç də Azərbaycanın maraqlarına uyğun gəlmir. Bu səbəbdən, növbəti müharibəyə, hətta daha güclü hücuma ehtiyac olduğu barədə fikirlər səslənməkdədir.

Ali Baş Komandan İlham Əliyev də dəfələrlə bəyan edib ki, gec-tez işğal altındakı torpaqlarımız azad olunacaq. Əgər bunun üçün müharibə qaçılmaz olacaqsa, güclü ordumuz düşməni torpaqlarımızdan qısa zaman ərzində qovub çıxaracaq. Prezident ötən gün bir daha vurğulayıb ki, bu ilin aprelində təmas xəttində baş vermiş hadisələr Azərbaycan ordusunun gücünü göstərdi: "Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Orada indi Azərbaycan bayrağı dalğalanır. Bu, bizim ordunun gücünü göstərir. Biz gücümüzə əminik və düşmənin istənilən hədəfini məhv edə bilərik. Sadəcə olaraq çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin”. Dövlət başçısının çıxışından da aydın olur ki, Azərbaycan hökumətinin münaqişənin həlli ilə bağlı prinsipial mövqeyi dəyişilməz olaraq qalır. Əlbəttə, işğal olunmuş Azərbaycan əraziləri düşməndən azad olunacaq. Ancaq son zamanlar münaqişənin həllinə dair həmsədr dövlətlərin bədbin bəyanatları, Ermənistanın ipə-sapa yatmayan davranışları bu qənaəti yaradır ki, problemin yeganə həll variantı hərbi güc tətbiq etməkdir. İctimaiyyət nümayəndələri də hesab edir ki, razılığın olmadığı yerdə münaqişə yalnız ordunun gücü ilə həll oluna bilər. Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da ikinci versiya kimi müharibənin qaçılmaz olduğunu deyib: "ATƏT-in Minsk Qrupunun həmsədrləri müxtəlif bəyanatlarla başımızın altına yastıq qoymağa çalışır, arxayınlaşmağımıza səy göstərirlər. Bu gün biz sonu görünməyən bir dəhlizdəyik. Yalnız ordumuzun qəhrəmanlığı sayəsində qaranlıq dəhlizdən çıxa bilərik. Məhz bu səbəbdən ölkə başçısı ordumuzun güclənməsinə çox böyük diqqət yetirir və heç bir halda Ermənistanla Azərbaycan arasındakı hərbi fərqin dəyişməsinə imkan vermir. Bu yaxınlarda Pakistanın Baş naziri Nəvaz Şərifin Azərbaycan səfəri, iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi, hərbi sənayemizin inkişafına böyük diqqət yetirilməsi söylədiklərimə sübutdur”. Deputat bildirib ki, Azərbaycan tərəfi vaxtilə üç həmsədrin "status-kvo dəyişməlidir” fikrinə nikbin yanaşdı. Amma onların sözləri heç nəyi dəyişmədi: "Rusiya, Fransa, ABŞ prezidentlərinin bəyanatı kifayət qədər ciddi idi. Lakin Ermənistan buna zərrə qədər əhəmiyyət vermədi, status-kvo isə dəyişilməz olaraq qaldı. Aprel döyüşlərində Azərbaycan Ermənistana ciddi dərs verdi. Bundan sonra Ermənistanı himayə edən dövlətlər təşviş içərisində əməliyyatların dayandırılmasına səy göstərdilər. Biz də savaşı dayandırmağa məcbur olduq. Ümid vardı ki, Ermənistan bundan nəticə çıxaracaq. Doğrudur, prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində qığılcımlar yarandı. Ancaq qısa zaman sonra danışıqlar dalana dirəndi. Ona görə də bizim yeganə əlacımız hərbi yolla torpaqlarımızı işğaldan azad etməkdir. Ölkə başçısının siyasi xətti məhz bu istiqamətə yönəlib. İnanıram ki, ordumuz öz sözünü deyəcək”. Politoloq Arzu Nağıyev də deyib ki, münaqişə danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmaz olacaq: "Münaqişənin həlli istiqamətində bir neçə yol var. Bunlardan birincisi, diplomatik yoldur. İkincisi, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin üzərlərinə götürdüyü missiyasıdır. Üçüncüsü isə müharibə yoludur. Əlbəttə, biz sülhsevər millətik. Dövlət olaraq da, hər zaman mövqeyimizi açıqlayanda deyirik ki, münaqişənin sülh yolu ilə həllini tapmasını istəyirik. Lakin bu yolla nəticə olmayanda öz suverenliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün hərbi yola əl atmağa məcbur oluruq. Hazırda birinci və ikinci yolla məşğuluq, amma üçüncü versiyamız hər zaman aktualdır”. Ekspert düşünür ki, müharibədən, hərbi toqquşmadan əvvəl münaqişənin sülh yolu ilə həlli mümkündür. Amma təəssüf ki, ermənilər sülh yoluna gəlmirlər: "İllərdir danışıqlar aparılır, lakin ortada heç bir nəticə yoxdur. Bu isə Azərbaycanı qane etmir, edə də bilməz. Həmsədrlər deklorativ xarakterli bəyanatlar verməklə kifayətlənirlər. Xaricdən dəstəklənən ermənilər isə müxtəlif siyasi şoulara əl atırlar. Serj Sarkisyan bu yolla öz hakimiyyətini qoruyub saxlamağa çalışır. Regionda nüfuz sahibi olan Rusiya dəfələrlə münaqişənin həlli istiqamətində bir sıra addımlar atmaq istədi. Lakin Ermənistanla olan münasibətlərə görə, Kremlin təklifi danışıqlar masasından o yana keçmədi. İstənilən halda Qarabağ münaqişəsinin həlli, eyni zamanda suverenliyin qorunması, işğalçıların ərazidən çıxarılması üçün Azərbaycan ordusu antiterror əməliyyatı keçirə bilər”. Politoloq Fikrət Sadıqov da hesab edir ki, sülh danışıqlarının dalana dirənməsi, münaqişənin hərbi yolla həllini qaçılmaz edir: "Azərbaycan sivil bir dövlət kimi münaqişənin diplomatik yolla həllinə çalışır. Amma biz müxtəlif vasitələrdən də istifadə etməyə hazırıq. Bu baxımdan hərbi və iqtisadi potensialımızı artırmalıyıq. Heç kəsin şübhəsi olmasın, Azərbaycan Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyindən əl çəkib Ermənistana güzəştə getməyəcək. Bu, birmənalı mövqedir. Əgər münaqişənin həlli sülh yolu ilə mümkün olmazsa, hərbi yolla işğal olunmuş torpaqlarımızı işğaldan azad edəcəyik”.

İsmayıl