Sülh mədəniyyətinə yiyələnmək lazımdır

Bakı Forumu dünyanın əsas hədəflərini göstərdi
İnsanlar artan bərabərsizlikdən narahatdır, qorxu nifaq toxumu səpməkdədir



Aprelin 26-dan Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu öz işinə başlayıb. Forumun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, bir neçə ölkənin dövlət və hökumət başçısı iştirak ediblər. Ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın nümayəndə, o cümlədən siyasi liderlər, beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələri tədbirə qatılıblar. Üç gün davam edəcək Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq.

3 günlük Forum ərzində
keçiriləcək panellər

Forum çərçivəsində "Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, "Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, "Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, "Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, "Davamlı və inklüziv inkişaf naminə idman”, "Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, "Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, "Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, "Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, "Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək.

Forumda "Bakı bəyannaməsi” qəbul olunub

Forumun ilk gününün yekununda "Bakı bəyannaməsi” qəbul olunub. Bəyannamənin layihəsi BMT-nin qərargahında müzakirə olunub və alyansın üzvü olan bütün ölkələrin rəsmi nümayəndələrinə təqdim edilib. Malta Respublikasının Prezidenti Marie Louise Coleiro Preca Bakı Bəyannaməsində sülh təşəbbüslərinin əksini tapdığını bildirib: "Arzularımıza çatmaq üçün insan hüquq və azadlıqlarını, həmrəyliyi qorumaq, sülh mədəniyyətinə yiyələnmək lazımdır. İnsanlar artan bərabərsizlikdən narahatdırlar. Qorxu nifaq toxumu səpməkdədir. Biz sosial inklüzivliyi əlimizdə bayraq etməliyik. Bakı Bəyannaməsi hamı üçün ədalət və bərabərlik prinsiplərini təbliğ edəcək”.

"Münaqişələri yaradan
səbəblərin aradan
qaldırılmasına çalışmalıyıq”

Forumun rəsmi açılış mərasimində BMT-nin Baş katibi Pan Gi Munun iştirakçılara videomüraciəti nümayiş olunub. Baş katib çıxışına tədbirin təşkili ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür etməklə başlayıb. O deyib ki, forumun ideyası - inklüziv cəmiyyətlərdə birgə yaşamaq mühüm ideyadır: "Çünki ksenofobiya, irqçilik ciddi problemdir. Hamı üçün layiqli həyat şəraiti təmin edilməlidir. Ona görə də forumun ideyasına tam dəstək verirəm. Gələn ay İstanbulda humanitar böhranla bağlı tədbir keçiriləcək. Mən sizi o tədbirə də dəstək verməyə çağırıram. Bir çox xalqlar öz yerlərindən didərgin düşüb. Biz bütün münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. BMT Baş Assambleyası zorakılığın aradan qaldırılmasında qətiyyətlidir”. Baş katib etimad və anlaşmanı bütün dünyada artırmağın zəruri olduğunu vurğulayıb: "Jurnalistləri də bu işə qoşmalıyıq”.

"Sülhə aparan yol insanların qəlbindən keçir”

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir də Prezidenti İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Ali nümayəndə bildirib ki, Alyans daha təhlükəsiz dünyanın qurulmasına töhfə vermək üçün qurulmuş mexanizm rolunu oynayır: "Bu ilin mövzusu inklüziv cəmiyyətlərdə birgə yaşama, çağırış və məqsəd mövzusudur. Davamlı inkişaf naminə sülhsevər və inklüziv cəmiyyətlər təşviq edilməlidir. Gender bərabərsizliyi,

gənclər arasında işsizlik insanları radikallığa sürükləyir. Təhlükəsizlik məsələlərinə birtərəfli diqqət nəticə vermir. Biz zorakı ekstremizm səbəblərinin aradan qaldırılmasına xüsusi diqqət yetirməliyik. Bir çox gənc ona görə ekstremizmə qoşulur ki, layiqli həyatdan məhrumdur. Gənclər inklüziv cəmiyyətlərin qurulmasında mühüm elementdir. Bütün bunların hamısı BMT-nin Sivilizasiyalar Alyansının mandatına daxildir. Din və təhsil məsələlərinə bu aspektdə xüsusi diqqət yetiriləcək”. Nasir bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansının proqramları tolerantlıq və multikulturalizmi təbliğ edir: "Biz ədavət və etimadsızlığın təbliğinə qarşı çıxmalıyıq. Miqrantlar terrorçu təşkilatlar tərəfindən böyük risklə üzləşiblər. Bütün bunlar son 10 ildə əldə edilmiş nailiyyətləri təhlükə altında qoyur. Səylərimizi artırmalıyıq, heç kim bu işdən kənarda qalmamalıdır. Sülhə aparan yol insanların qəlbindən keçir. Ümid edirik ki, bu Alyans insanların beyninə və qəlbinə yol açacaq ".

"Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün
münbit şərait yaradır”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Forum çərçivəsində keçirilən "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar” adlı panel müzakirələrində çıxış edib. Nazir deyib ki, bəzən zorakı ekstremizmin dərin köklərini gözdən qaçırırıq: "Bu hallarla mübarizə üçün bəzi beynəlxalq təşkilatların yaxşı strategiyası var. Amma yaxşı strategiyanın pis nəticəsini görürük. Azərbaycan 20 ildən çoxdur zorakı ekstremizmlə üzləşib. Həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət vaxtında bizi dinləsəydi, qətiyyətli addımlar sayəsində daha yaxşı yerdə ola bilərdik. Amma hələ də gec deyil. Biz əməkdaşlıq etməliyik. Beynəlxalq təşkilatlar arasında əməkdaşlıq olmalıdır. Azərbaycan son illər gördüyü işlər nəticəsində ölkənin ümumi inkişafına nail olub. Biz yeni müstəqil olmuş ölkə kimi zorakı ekstremizmlə mübarizə aparmaqdayıq”.

"Hərbi müdaxilənin heç də ən yaxşı cavab olmadığı ilə bağlı fikirlərə qatılıram”

E.Məmmədyarov bildirib ki, bu məsələdə müəyyən nüanslara diqqət yetirmək lazımdır: "Biz Avropa dəyərlərindən danışırıq. Lakin bu dəyərlər mühafizəkar ölkələrdə, Yaxın Şərqdə keçmir. Bu səbəbdən Sivilizasiyalar Alyansının əhəmiyyətini bu qədər qabardırıq. Artıq qəbul edirik ki, yaşadığımız dünyanın yenidən qurulması, yenidən formalaşması üçün müəyyən işlər görülür. Xüsusilə də Sovet rejiminin dağılmasından sonra müəyyən işlər görülüb. Biz bu yenilənməni hələ də davam edirik. Amma bunun çox ağrı-acılı olacağından qaça bilmərik. Yalnız BMT-nin köməyi ilə bu işi bacarırıq”.

"Bəşəriyyət daha
maarifpərvər olmalıdır”

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Azərbaycan qətiyyəti ilə seçilən kifayət qədər fədakar ölkə kimi tanınıb: "Azərbaycan körpü rolunu oynayan ölkə kimi seçilir. Şərqlə Qərbin qovuşmasında yerləşir. Bu bizim mədəniyyətin unikallığına təsir edir. Burada müxtəlif mədəniyyətlər ayrı-seçkilik olmadan dəstəklənir. Biz BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq şəraitində işləyirik. Burada bütün mədəniyyətlərə sayğı və hörmət təbliğ olunur. Bu il Azərbaycanda "Multikulturalizm ili” elan olunub. Azərbaycan hökuməti müstəsna əlaqələrin qurulması üçün əlindən gələni edir”.

"Bakı yeni qlobal məkandır”

İspaniyanın xarici işlər naziri Manuel Qarsia Marqallo bildirib ki, orta əsrlərdə İpək Yolu o dövrün "interneti”, Bakı isə onun ən mühüm qovşaqlarından biri idi: "Bu gün Bakıda ona görə toplaşmışıq ki, bura yeni qlobal məkandır. Bu tədbir bir növ hamını bir araya gətirir. Bütün bu əlaqələr bizim müxtəlif çağırışlarla əlaqədar tədbirlər görməyimizə xidmət edə bilər. Alyansa gəlincə, BMT-yə xidmət edən alət kimi müxtəlif cəmiyyətlər qarşısındakı ziddiyyətlərin aradan qaldırılmasına töhfə verəcək. Bütün sivilizasiyalar dinlərə, mədəniyyətlərə qarşılıqlı hörmət əsasında inkişaf edə bilər. Biz qlobal şəkildə insan hüquqlarının təmin edilməsinə öz töhfəmizi verməliyik”. Marqallo deyib ki, terrorizmə qarşı mübarizədə sivilizasiyalararası platforma yaradılmalıdır: "Terrorizm qurbanlarının əksəriyyəti müsəlmanlardır. Üzləşdiyimiz terrorizm o qədər nəhəngdir ki, bir bölgə təkbaşına bu fenomenə qarşı mübarizə apara bilməz. Dini və mədəni dialoq münaqişələrə son qoya bilər. Beləliklə də, mədəni dialoqla münaqişələrin öncədən qarşısının alınmasına da diqqət yönəltməliyik. İspaniya Mərakeşlə birlikdə multikulturalizm tədbirləri həyata keçirib. Münaqişələrin qarşısının alınmasında qabaqlayıcı tədbir kimi mədəni tədbirlər diqqət mərkəzində olmalıdır. Terrorizmin qurbanlarının artmasının qarşısını da qabaqlayıcı tədbirlər almalıdır”.

"Müxtəlifliyə baxmayaraq
birgə yaşamağı bacaraq”

İspaniyanın xarici işlər naziri qeyd edib ki, zorakı ekstremizm təhdidi son illər artıb: "Biz birmənalı şəkildə ekstremizmə qarşı mübarizə aparmalıyıq, bu, mənəvi borcumuzdur. Bu, İspaniya üçün vacib məsələdir. Ona görə də 2015-ci ildə İspaniya xarici işlər nazirlərinin iştirakı ilə tədbir keçirildi və Madrid Bəyannaməsi qəbul edildi”. Nazir Tolerantlıq Komitəsini yaratmağı da təklif edib: "Terrorizm qurbanları olan gənclər sülh və tolerantlıqla bağlı maarifləndirilməlidir. Bunun üçün özəl platforma yaradılmalıdır. Sosial şəbəkələrdən, video oyunlardan istifadə edilməlidir. Media da bu baxımdan müxtəlif din və mədəniyyətlərin təbliğində mühüm rol oynamalıdır. Bizim təbliğat kanallarımız birbaşa qurbanlara çıxmalıdır. Sizi dini liderlərin İspaniyada keçirilən toplantısında da iştirak etməyə çağırıram .
Mütəxəssislərin də sülh quruculuğu ilə bağlı məsələlərə rəy və təkliflərini verməyə çağırıram. Qadınların aktiv iştirakı olmadan sülhün təmin edilməsinin mümkün olmadığını da bir daha vurğulayıram”. Marqallo gənclərin gələn il bir toplantısının keçirilməsini, həmin toplantıda multikulturalizm, sülh məsələlərinin müzakirə olunmasını təklif edib: "Əsas odur ki, müxtəlifliyə baxmayaraq birgə yaşamağı bacaraq”.

"Azərbaycan özü-özlüyündə bir sivilizasiya alyansıdır”

İspaniyanın sabiq baş naziri Xose Luis Rodrigez Zapatero deyib ki, o, 2005-ci ildə Sivilizasiya Alyansının yaranmasına təşəbbüs göstərib: "XXI əsrdə müxtəlifliklərin səbəbi din və mədəniyyətlər arasında fərqliliklərdir. Birlik üçün BMT adı altında birləşmək lazımdır. Bütün dünyaya sülh ismarıcının carçısı olmalıyıq. Terrorizmdə din adından istifadə edilir, halbuki, din sülh və zorakılığa qarşı əməkdaşlığa çağırır”.

"Artıq BMT güclü deyil,
islahatlar aparılmalıdır”

Fransanın keçmiş baş naziri və xarici işlər naziri Dominik de Vilpen isə bildirib ki, dünya zorakı ekstremizmin mahiyyətini tam anlamır: "Bu, son 10 ildə düşdüyümüz böyük tələdir. Bizim zorakı ekstremizmə cavabımız təəssüf ki, hərbi cavab olub. Bu da terrorizmi daha da gücləndirib. Biz gözlədiklərimizin əksini görürük, getdikcə coğrafiyası genişlənir. Biz dialoqa səy göstərməliyik. Mən Çinin irəli sürdüyü İpək yolu təşəbbüsünü ən gözəl layihə hesab edirəm. Məhz iqtisadiyyatın Asiyada, Şərqdə gücləndirilməsi, infrastrukturun buralarda qurulması bu problemlərin həllinə yol açacaq. Məhz strateji iqtisadi təşəbbüslər ən yaxşı yoldur. Digər həll yolu isə güclü bir qurumdur. Artıq BMT güclü deyil. Orada islahatlar aparmaq lazımdır. Müstəqil sülhyaradıcı qüvvələri olmalıdır”.

"Vətəndaş cəmiyyətləri ilə işləməliyik”

BMT-nin terror əleyhinə direktoratlığının icraçı direktoru Jan Pol Laborde deyib ki, zorakı ekstremizmlə mübarizənin bir neçə yolu var: "BMT Təhlükəsizlik Şurası müəyyən uğurlar qazanan sənədlər qəbul edib. Lakin Sivilizasiyalar Alyansı ilə bir araya gəlib elə həll yolları ortaya qoymalıdır ki, hərbi yoldan effektiv olsun. Gənclər artıq gələcək üçün deyil, indiki zaman üçün işləməlidirlər. Digər məsələ isə ondan ibarətdir ki, biz vətəndaş cəmiyyətləri ilə işləməliyik. Bunu BMT TŞ-də görmək çox vacibdir. Həmçinin özəl müəssisələrlə işləməliyik. Əlimizdə olan kanallardan istifadə etməliyik”. Fransanın Avropa məsələləri üzrə dövlət naziri Harlem Desir də bildirib ki, beynəlxalq stabilliklə bağlı vəziyyətin düzəlməsi, münaqişələrin həlli, inklüzivlik
Sivilizasiyalar Alyansının ali hədəfidir: "Müxtəlif mədəniyyətlərə və inanclara hörmət zorakı ekstremizmə qarşı müəyyən müqavimət hərəkatına kömək edəcək. Biz effektli və dayanıqlı həll yolu olacağına inanırıq”.

İsmayıl