Narahatlıq doğuran məqamlardan biri sulu qəlyandan orta məktəb şagirdlərinin və gənclərin istifadə etməsidir
Bakıda fəaliyyət göstərən kafelərdən birinin sahibi müştərilərə verdiyi 15 qəlyanı etiraz məqsədilə sındırıb. O, bu addımı ilə insanları qəlyandan istifadə etməməyə çağırış edib. Kafe sahibi xüsusən də gəncləri qəlyandan imtinaya çağırış etmək məqsədilə bir vaxtlar istifadəyə verdiyi 15 qəlyanı sındırıb. Kafenin nümayəndəsi Uçar Osman deyir ki, sındırılan qəlyanların ümumi qiyməti 1500-2000 manat arasında olub.
Qəlyanın ondan istifadə etməyən müştərilər üçün narahatlıq yaratdığını qeyd edən kafe sahibi deyib ki, əsasən gənclər ilk vaxtlar qəlyandan istifadə etdikdən sonra siqaret çəkməyə də meyilli olurlar. Elə bu kimi halların qarşısını almaq üçün də o, belə bir addım atıb.
Həkimlər də qəlyandan istifadənin asılılıq yaratmaqla yanaşı, insan orqanizimində bir sıra xəstəliklərin yaranmasına təkan verdiyini təsdiq edirlər.
Millət vəkili Musa Quliyev "Şərq”ə açıqlamasında kafe sahibinin bu addımını alqışladığını deyib: "Onun bu addımı hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə və qanunlarımıza olan hörmətinin bariz nümunəsidir:
"Qapalı məkanlarda tütündən istifadəni qadağan edən qanunda eyni zamanda bütün növ qəlyanların da istifadəsi məhdudlaşdırılıb. İnzibati Xətalar Məcəlləsində bu qadağanın pozulmasına görə cərimə də nəzərdə tutulub. Prezidentin imzasından sonra bütün qapalı məkanlarda tütündən və qəlyandan istifadəyə görə inzibati qadağalar reallaşdırılacaq. Qəlyan insan sağlamlığı üçün ziyanlıdır. Sulu qəlyanların digər bir təhlükəsi isə vərəm və digər yoluxucu xəstəliklərə səbəb olma ehtimalıdır. Razıyam ki, sulu qəlyana aludə olan gənclər siqaretə, daha sonra isə narkotik maddələrin istifadəsində maraqlı olur. Hesab edirəm ki, digər kafe, restoran sahibləri də öz məkanlarında qəlyanın istifadəsini məhdudlaşdırmalıdır. Təbii ki, bu addımı hansı formada atacağı onun öz işidir, amma mən bir millət vəkili kimi sözügedən addımı müsbət dəyərləndirirəm”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla millət vəkili ilə razılaşdığını deyib. Professorun sözlərinə görə, sulu qəlyanda istifadə olunan sintetik maddələr var ki, onların əksəriyyəti konsilurigendir. Bütün bunlar isə insan orqanizmi üçün olduqca zərərli hesab olunur:
"Qəlyan ondan istifadə edən insanın öz sağlamlığı üçün təhlükəlidir. Sulu qəlyanda istifadə olunan müxtəlif aromatlı maddələr nəfəs yollarına daxil olur, örtük epitelini qıcıqlandırır və bronxit yaradır. Həmçinin ağciyər xərçənginə qədər müxtəlif xəstəliklər əmələ gələ bilər. Bu baxımdan sulu qəlyanın Azərbaycan ərazisində geniş yayılmasını təlqin eləmirəm”.
Professor deyib ki, narahatlıq doğuran məqamlardan biri sulu qəlyandan orta məktəb şagirdlərinin və gənclərin istifadə etməsidir. Bütün bunlar isə millətin genefondunda mənfi təsirlər göstərir: "Yaşlı nəsil arasında bundan istifadə edən yoxdu. Əsas gənc nəsil, böyüməkdə olan orqanizmdi. Hansısa bir tədbirlərin olması vacibdir, amma görəsən, bunu bacaracaqlarmı?
Sulu qəlyan daha çox müxtəlif brend restoranlarda olur. Ora da hər adamın getmək imkanı yoxdur. Bu baxımdan ictimai fəryadın önəmi var. Bəzi adamlar doğrudan da başa düşüb çəkinir bunlardan. Qanundan əlavə, daha yaxşı olar ki, bu məsələ maarifləndirmə yolu ilə həll olunsun. İnsanlar bunun neqativ təsirini dərk eləsinlər və özləri çəkinsinlər. Bu mənada kafe sahibinin atdığı bu addım bir örnəkdir. Digər sahibkarlar da hansısa formada qəlyandan istifadəni məhdudlaşdıra bilərlər”.
Şəymən