
Süni ajiotaj yaratmaq lazım deyil: “İçərişəhərdə Qala divarlarına bitişik heç bir iş aparılmır”
Bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində "İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasını və yerində hansısa iaşə obyektinin tikintisinin aparılmasını tənqid atəşinə tutub. Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir?
"İçərişəhər” Dövlət Tarix-Memarııq Qoruğu İdarəsi bildirir ki, artıq bir neçə dəfə rəsmi məlumatların yayılmasına baxmayaraq təkrarən sosial şəbəkələrdə "İçərişəhər” DTMQ ərazisində Kiçik Qala küçəsində Qala divarlarına zərər yetirən tikinti işlərinin aparılması barəsində yayılan yalnışdır:
"Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri olaraq hər zaman qalacaq. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.
İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir. Ötən ilin sonundan etibarən "Içərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terasların genişləndirilməsi layihəsi həyata keçirilir. Layihə işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli şüşəli qapalı və üzərində açıq yaz-yay kafe-terraslarının yaradılmasını nəzərdə tutur”.

Qurum qeyd edib ki, bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir:
"İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir”.
Bununla yanaşı "İçərişəhər” DTMQİ ictimaiyyətin nəzərinə çatdıb ki, dünən paylaşılan fotogörüntülər yenidən həqiqətlə tamamilə ziddiyyət təşkil edilən qərəzli addımların bir nümunəsidir:
"İlk olaraq qeyd edilməlidir ki, İçərişəhərdə hal-hazırda fotoda görünən vəziyyətdən əsər-əlamət yoxdur. Bunu açıq-aydın müşahidə etmək mümkündür. Həmin fotoşəkillər 2011-ci ildə Qala divarlarının restavrasiya işlərinin aparıldığı ərəfədə çəkilmişdir. Məsələnin kökündə isə əslində Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur və əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirmiş və düz divarın çəkilməsi ilə nəticələnmişdir. "İçərişəhər” DTMQİ fotoşəkil ilə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirmiş və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görmüşdür. Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilmiş, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanmışdır. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.
"İçərişəhər”in mətbuat xidmətinin rəhbəri Rahib Azəri "Sherg.az”a açıqlamasında ərazidə iaşə obyektlərinin inşasının Qala divarlarına zərər yetirməsi ilə bağlı yayılan məlumatların, sosial şəbəkələrdəki görüntülərin və irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini bildirir:
"Qala divarlarını zədələyəcək heç bir tikinti işləri aparılmır. Divarlara heç bir ziyan dəyməsin deyə tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar qoyulub. Qala divarına bitişik hər hansı yenidənqurma işlərinin aparılması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.
Məkanın turistlərin diqqət mərkəzində saxladığı yerlərdən biri olduğunu xatırladan qurum sözçüsü onu da əlavə edib ki, görülən işlərin məqsədi İçərişəhərdə fəaliyyət göstərən restoranları yeniləməkdir. O, ərazinin müxtəlif dövrlərdə tədqiq olunduğunu deyib:
"Qala divarları perimetr boyu araşdırılıb, arxeoloji qazıntılar aparılıb və yekun olaraq bu ərazidə heç nə aşkarlanmayıb. Əvvəlki dövrlərdə də İçərişəhərdə restoranlar mövcud olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, lakin indiki tikililər qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.
"İçərişəhər” rəsmisi həmçinin guya tarixi bürclərdən birinin uçması, hazırda isə bərpa olunması ilə bağlı məlumatlara da münasibət bildirib və onların həqiqətə uyğun olmadığını qeyd edib:
"İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı - 2012-ci ildə çəkilib”.
Bu arada onu da qeyd etmək lazımdır ki, sosial şəbəkələrdə belə əssasız, heç bir faktlara söykənməyən məlumatların yayılması təsadüfi bir hal kimi qəbul oluna bilməz. Heç bir yoxlanılma aparılmadan, bir neçə istiqamətdən İçərişəhərin tənqid atəşinə tutulması, real vəziyyəti əks etdirməyən yalan məlumatların yayılması bu işdə maraqlı adamların olduğu barədə fikir yürütməyə əsas verir”.
Anar