Süni mayalanma ilə övlad sahibi olmaq istəyənlər nəyə diqqət etməlidir? - OXUYUN!




"Süni mayalanma həyata keçirilərkən hüquqi əsaslara riayət olunmalıdır”.

Bunu Sherg.az-a dünyada və Azərbaycanda süni mayalanma ilə övlad sahibi olan ailələrin sayının sürətlə artmasına münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

Həkimin sözlərinə görə, bəzən bu məsələlərə qeyri-ciddi yanaşılır:

"Bu məsələnin həyata keçirilməsinin hüquqi və mənəvi tərəfləri var. Məsələn, o qədər olur ki, süni mayalanma aparıldığını ailənin bir üzvü bilir, digərinin xəbəri olmur. Bunlar düzgün addımlar deyil. Əslində süni mayalanma ilə övlad sahibi olan zaman bu proses hüquqi baxımdan sənədləşməlidir. Ondan sonra məsələ həllini tapa bilər. Süni mayalanmada donorun kim olması məsələsi ailənin hər iki üzvünə məlum olmalıdır. Bundan sonra qalan məsələlər artıq texniki məsələlərdir. İki nəfərin razılığı əsasında həll oluna bilər. Amma bu məsələ artıq bir-birindən xəbərsiz şəkildə həll olunursa, bu artıq kriminaldır.
Digər yandan dövlət üçün bunun önəmi ondan ibarətdir ki, donor kimi istifadə olunan materialın keyfiyyətli mənşəyi olmasıdır. Düzdür, gələcəkdə etnogenez və s. hüquqi məsələlər üçün bu hansısa sənəddə öz əksini tapmalıdır. Təbii ki, bu, ciddi ictimailəşib, açıqlana bilməz. Amma hər halda müəyyən qurumlarda, bu məsələ ilə məşğul olan şəxslərdə donorların qeydiyyatı olmalıdır”.

A.Qeybulla əlavə edib ki, donorların seçimində ilk növbədə həmin şəxsin tibbi göstəriciləri əsas götürülməlidir:

"Bəzən olur ki, digər keyfiyyətlərlə maraqlanırlar, amma əsas sağlamlıq göstəricilərinə fikir verilməlidir. İnfeksiyaların, yoluxucu xəstəliklərin olmamağı, daxili orqanların sağlamlığı əsasdır”.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda süni mayalanma qiyməti 4000 manatdan başlayaraq 10000 manat arasında dəyişir. Klinikalardan verilən məlumata görə, imkanlı ailələr sonsuzluqla üzləşdikdə əksər hallarda süni mayalanmaya müraciət edir və istəklərinə nail olurlar. Lakin aztəminatlı ailələr çox vaxt buna nail ola bilmirlər.

Aysel Aslan