“Adətən qaçqınlar qonşu ölkələrə üz tuturlar ki, müəyyən müddətdən sonra qayıda bilsinlər”
"Yeni Müsavat” qəzetinin ötən sayında "Suriya qaçqınları Bakıya gəlməyə çalışır” başlıqlı məqalə dərc olunub. Qəzet yazır ki, bu ölkədə illərdir davam edən savaş yüz minlərlə insanın öz yurd-yuvalarından didərgin düşməsinə və digər ölkələrə üz tutmasına səbəb olub. Qanlı hadisələr davam etdiyi üçün bu başıbəlalı ölkədən qaçqın axını da davam etməkdədir.
Suriyalı qaçqınların daha çox qonşu Türkiyəyə sığındığı bəllidir. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının bir müddət öncə yaydığı informasiyada deyilir ki, 100 minə yaxın suriyalı Türkiyəyə qaçıb. Türkiyə hökuməti ölkənin 4 əyalətində qaçqınlar üçün 7 düşərgə təşkil edib. Bundan başqa, məqalədə iddia olunur ki, bu günlərdə Suriya qaçqınlarının Bakıda göründüyü barədə məlumatlar yer alıb. Həmçinin yazıda o da diqqətə çatdırılır ki, bir müddət öncə Türkiyə mediasında Suriyanın Aleppo şəhərindən gələn qaçqınların Azərbaycanda məskunlaşmaq istədiklərinə dair məlumatlar dərc olunub. Xəbərdə təxminən 300 ailənin belə bir istəkdə olduğu vurğulanıb. Deyilib ki, bu məsələ ətrafında rəsmi Ankara Azərbaycanın Türkiyədəki səfirliyi ilə danışıqlar da aparır.
Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Şərq”ə söyləyib ki, Azərbaycanla Suriya arasında nə ciddi tarixi əlaqələr, nə də sərhəd yaxınlığı mövcuddur: "Bu nöqteyi-nəzərdən onların bir neçə ölkədən keçib, Azərbaycana gəlməsi absurd ideyadır. Niyə bizim ölkəyə gəlməlidirlər ki? Adətən qaçqınlar qonşu ölkələrə üz tuturlar ki, müəyyən müddətdən sonra qayıda bilsinlər. Bu, məsələnin birinci tərəfi. İkinci məqam odur ki, qaçqınların ordan bura gəlməsi üçün külli miqdarda vəsait xərclənməlidir. Bu vəsait varsa, həmin pulu verib onları Türkiyədə saxlamaq olar. Üçüncüsü, hazırda Azərbaycanın özünün kifayət qədər qaçqını var. Ölkəmiz əlavə olaraq qaçqın qəbul edə bilməz. Suriya qaçqınları bura gələrsə, bu, ölkəmizdəki mövcud iqtisadi durumu daha da ağırlaşdıra bilər”.
Partiya sədri onu da əlavə edib ki, Suriyada yaşayanların arasında çoxsaylı ermənilər mövcuddur: "Qarabağın işğalında Suriyadan gələn ermənilər çox aktiv formada iştirak ediblər. Onlara nəzarət edə bilmərik. Bu da milli təhlükəsizliyimizə ciddi təhlükə yarada bilər. Ona görə də həmin qaçqınlara ölkəmizdə sığınacaq verilməsinin əleyhinəyəm. Sadəcə olaraq dövlətimizin imkanı varsa, onlara humanitar yardım göstərib, Türkiyə ərazisində qalmasına və ya şəraitlərinin yaxşılaşmasına köməklik göstərə bilər. Amma onların bizim ərazilərimizdə yerləşdirilməsi ölkəmiz üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.
Ayyət Əhməd