Suriyada daha ciddi qanlı savaş başlayır

“Əslində Suriyanın bu cür acınacaqlı duruma düşməsində Obama administrasiyasının qorxaq və dişsiz siyasəti durur”


Rusiya Suriyaya "S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirib. Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov deyib ki, raketlər Tartusdakı hərbi-dəniz bazası və Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə yerləşdirilib.

Qərbin narahatlığına gəlincə isə Konaşenkov bildirib ki, "S-300” müdafiə məqsədli bir sistemdir və heç kimə təhlükə yaratmır. Məlumat üçün deyək ki, dənizdə istifadə üçün nəzərdə tutulan "Fort” raket sistemləri də hazır vəziyyətə gətirilib.

NATO Suriyada əməliyyatlardan imtina etdi

NATO-nun baş katibi Yens Stoltenberq Suriya və İraqda yerüstü əməliyyatlarda iştirak etməyəcəklərini bəyan edib. Stoltenberqin sözlərinə görə, hərbi alyans İraq ordusuna zabitlərin hazırlanması işini davam etdirəcək. Bundan başqa yaxın vaxtlarda əməliyyat şəraitini qiymətləndirmək üçün Suriyaya təyyarələr göndəriləcək. Xatırladaq ki, NATO-nun gözlənilməz qərarı, o cümlədən ABŞ-ın Suriya münaqişəsinin nizamlanması üzrə danışıqlardan birtərəfli qaydada imtina etməsi və Rusiyanı suçlaması birmənalı qarşılanmayıb. Əksər siyasətçilər hesab edirlər ki, tərəflərin anlaşmazlığı Suriyada yeni müharibənin başlanğıcı ola bilər.

"Böhrana səbəb Obama administrasiyasının qorxaq siyasətidir”

Məsələni şərh edən politoloq Natiq Miri deyib ki, Rusiyanın Suriyada yerləşdirdiyi raket kompleksləri hava hücumundan müdafiə sistemidir. Moskva bu addımı qabaqlayıcı tədbir görmək üçün atıb: "S-300” raketlərinin Suriyaya yerləşdirilməsindən öncə ABŞ Rusiya ilə danışıqların dayandırılmasını elan etdi. Ardınca Dövlət Departamenti səviyyəsində Rusiya təhdid olundu. Rus qoşunlarının Suriyanın hava və quru məkanında müəyyən itkilərlə üzləşə biləcəyi Vaşinqton tərəfindən verilən açıq mesaj idi. Məhz bu səbəbdən Rusiya Suriyadakı hərbi mövqelərini gücləndirməyə çalışır. ABŞ-da hökumətin vəzifədən getməsinə çox az qalıb. Ona görə də indiki məqamda Amerikanın Suriyaya ciddi hərbi müdaxilə edəcəyini düşünmürəm. Kreml ehtiyat edir ki, ABŞ Suriyadakı müxalif orduya yeni silahlar verər. Hesab edirəm ki, Moskvanın narahatlığı əbəsdir. ABŞ hərbi hava qüvvələri Rusiya-İran-Əsəd qruplaşması ilə Azad Suriya Ordusu və müxaliflər adından savaşırdı. Ancaq bu mübarizə lazımi səviyyədə deyildi. Əslində Suriyanın bu cür acınacaqlı duruma düşməsində Obama administrasiyasının qorxaq və dişsiz siyasəti durur. Rusiyanın Suriyaya hərbi müdaxiləsi də məhz Obamanın razılığı ilə mümkün oldu. Məncə, bundan sonra Suriyada daha ciddi toqquşmalar və qanlı savaşlar başlayacaq. Çünki tərəflər arasında heç bir anlaşma yoxdur. Ölkə və xalq məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb”. Politoloq vurğulayıb ki, Rusiya rəhbərliyi ABŞ-dakı prezidentlik seçkisi uğrunda mübarizəni diqqətlə izləyir və ona uyğun addım atmağa çalışır: "Əgər ABŞ-da namizədlərdən Donald Tramp yox, Hillari Klinton prezident seçilsə, Rusiyanın vəziyyəti heç də yaxşı olmayacaq. Çünki Klinton dəfələrlə bəyan edib ki, o, hakimiyyətə gələn kimi Kremlin aqressiv siyasətinə qarşı mübarizə aparacaq”.

İsmayıl