İran Astanada yanvarın 23-də keçiriləcək Suriya danışıqlarında ABŞ-ın iştirakına qarşı çıxıb. Bu barədə İran XİN rəhbəri Cavad Zərif bildirib. O deyib ki, rəsmi Tehran Amerikanın danışıqlarda iştirakının əleyhinədir:
"Biz ABŞ-ı dəvət etməmişik və onun iştirakına qarşıyıq”. Xatırladaq ki, Astana danışıqları Rusiya-İran-Türkiyə üçtərəfli formatda keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Suriya nizamlanmasında bu cür formatın səmərəliliyini vurğulayıb.
Lakin bölgədə ABŞ kimi qlobal oyunçuların maraqlarının nəzərə alınmasının vacib olduğunu qeyd edib. Amerika tərəfindən rəsmi açıqlama gəlməsə də, görüşdə Trampın nümayəndəsinin iştirak edəcəyi ehtimal edilir. Bu arada Birləşmiş Millətlər Təşkilatı da Astanada Suriyaya dair danışıqlara dəvət olunub. Təşkilat rəsmisi Fərhan Hak bildirib ki, danışıqlarda qurumu xüsusi nümayəndə seçilmiş R.Rəmzi təmsil edəcək.
Astana görüşü ilə bağlı ziddiyyətləri "Şərq”ə dəyərləndirən politoloq Elxan Mehdiyev bildirib ki, əslində ABŞ və İranın Suriyadakı məqsədləri eynidir. Tərəflər İŞİD-ə qarşı mübarizədə ortaq məxrəcə gələ bilərlər. Sadəcə, Bəşər Əsəd məsələsində geniş də olmasa fikir ayrılığı mövcuddur:
"Amma istənilən halda Suriya məsələsində əsas üç dövlət Türkiyə, Rusiya və İran mühüm rola sahibdir. Hətta ABŞ Astana görüşünə qatılmasa belə, həmin toplantıda bir nəticəyə gəlmək mümkündür. Bunu istisna etmək olmaz. Amma Suriyada təkcə Amerika deyil, ümumiyyətlə, Qərb dünyasının, Avropa ölkələrinin iştirakı və maraqları var. O baxımdan bütün maraqlı tərəflərin görüşdə yer alması daha qalıcı anlaşmaya gətirib çıxara bilər. Məncə, ABŞ kimi oyunçunu kənarda qoymaq heç də uzunmüddətli sülhə səbəb olmayacaq. Lakin istənilən halda Rusiya-Türkiyə danışıqları fonunda bölgədə atəşkəsin əldə olunması mümkündür. Çünki görünən odur ki, ABŞ-ın yeni hökuməti Suriya məsələsinə qarışmaq həvəsində deyil. Əgər Astanada üçtərəfli format baş tutarsa və görüşdə Suriyadakı hökumət və müxalif güclər də yer alarsa, regional sülhə nail olmaq olar”.
İsmayıl