Sürücülər odla oynayır

Sərnişinlərlə dolu avtobus yanacaqdoldurma məntəqələrinə daxil olurƏrşad Hüseynov: “Müşahidə kameralarının köməyi ilə qanunu pozan sürücüləri müəyyənləşdirib onları da, marşrut sahibini də məsuliyyətə cəlb etmək asan bir işdir”
İctimai nəqliyyatımız əcaib hadisələrlə doludur. Sürücülərin sükan arxasında "dəm”ə qoymaları (siqaret çəkmələri -red), sərnişinlərə dişlərinin dibindən çıxanı söyləmələri, qulaqlarında mobil telefon ola-ola avtobusu idarə etmələri, darıxmamaq üçün yanlarına dost-aşnaları alıb məzəli söhbətlərlə baş qatmaları, avtobus salonunu toyxana zənn edib gah meyxanaya, gah da üzeyirsayağı mahnıları "raskrutka” etmələri... Birtəhər dözürük. Baxmayaraq ki, bunlar hamısı qanunsuz hərəkətlərdir və sərnişinlərin təhlükəsizliyini də bu və ya digər şəkildə təhdid altında qoyan hallardır. Amma elə hallar var ki, birbaşa təhlükə saçır.
Məsələn, avtobusların sərnişinlə dolu olduğu halda, yanacaqdoldurma məntəqəsinə aparılması. Dəfələrlə bildirilib ki, avtobusun salonunda sərnişin, hətta 1 nəfər belə varsa, avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması qanunla qadağandır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bir müddət əvvəl KİV-ə açıqlamasında bildirmişdi ki, sürücülərin bu hərəkəti İnzibati Xətalar Məcəlləsinin 151.2-ci maddəsinin kobud şəkildə pozulmasıdır. DYP rəisi bir daha sürücülərə müraciət edərək onları diqqətli olmağa çağırmışdı; "Onlar ən azı düşünməlidirlər ki, daşıdıqları sərnişinlərin sayından asılı olmayaraq hansısa bədbəxt hadisə baş verəcəksə, neçə ailədə göz yaşları axacaq”.
Amma belə məlum olur ki, qanuna məhəl qoyan yoxdur. Sürücülər yolüstü "benzokalon”a baş vurub bakları doldurmağı üstün tuturlar. İrad bildiriləndə isə vaxt azlığından şikayətlənir, dəqiqə, saniyə söhbəti aparırlar. Sürücülərin qanunsuz hərəkəti ilə bağlı çoxsaylı şikayətlərin olması da vəziyyəti düzəltmir. Sərnişinlər etiraz edir, sürücüsə vecinə almır. Avtobusun yanacaqdoldurma məntəqəsinə daxil olması barədə sərnişinlərə xəbərdarlıq etməyə də lüzum görmürlər.
Bəlkə hansısa bir sərnişin həyatını riskə atmaq istəmir və avtobusun yanacaqdoldurma məntəqəsinə getdiyini bilərsə, avtobusdan aşağı enəcək?
Dünən 50 saylı marşrutda analoji hal yaşandı. Sürücü xətdən çıxıb avtobusu yol üstündəki yanacaqdoldurma məntəqəsinə sürdü. Həmin vaxt bəndəniz də avtobusda idi. Və təbii ki, etirazı gecikdirmədim. Bir qədər əsəbi tonla "bilmirsiniz ki, sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə getmək qadağandır?!” dedim. Sürücünün cavabı məni dediyimə peşman etdi:
- Bilirəm, ay bacı. Neyləyim, axşam pulum olmadı, bakı doldurum. Qaraj yiyəsi dedi ki, səhər nisyə doldurarsan. Pulunu sonra ödəyərsən. Bağışlayın, üzürlü sayın, neyləyim?!
Sürücünün halına acıdım. Etiraz etməyimə də peşman oldum.
Sürücü isə giley-güzarını "mədəni” şəkildə davam etdirirdi:
- Neyləyim?! Axşam bizdən pulu alırlar. Bir qəpiyim də qalmır. Məcburam, indi bakı doldurum. Belə getsəm, yarı yolda benzin qurtaracaq, gərək avtobusu yolda saxlayıb, benzin tapıb gətirəm. Bu dəfəlik üzürlü hesab eləyin. Günümüz belədir...
Sürücünün söylədikləri beynimdə ilişib qaldı. İctimai nəqliyyat sistemi hansı prinsiplərlə işləyir ki, avtobus sürücüsü benzin bakını doldurmağa pul tapmır? Səhər xəttə bakı boş çıxır?!
Vaxtilə "Tarnsqeyt” MMC-də çalışmış sahibkarlardan biri ilə əlaqə saxladıq. İlginc məlumatlar əldə etdik.
Adının hallanmasına razı olmayan sahibkar "Şərq”ə bunları dedi:
- Avtobuslar qarajdan çıxanda benzin bakları dolu olmalıdır. Sürücü avtobusu axşam qaraja bakı dolu gətirməlidir ki, səhər başqa sürücü xəttə dolu bakla çıxsın. Sürücü avtobusu dolu bakla təhvil verməlidir.
- Bəs benzinin pulunu kim ödəyir?
- Sürücü gün ərzində qazandığı puldan benzini doldurur.
- Deməli, sürücü öz puluna benzin alır?
- Yox, sürücü cibinin puluna benzin alar?! Gün ərzində qazandığından benzinin pulu çıxılır. Tutalım, bir marşruta gündəlik 50 manat plan qoyulub. O pulu axşam təhvil verməlidir. 50 manatı marşrutun sahibinə ödəyir, qalan pul da özünündü. Ona benzin almalıdır, özü üçün sərf etməlidir. Planı ödəyəndən sonra yerdə qalan sürücünündü. Yəqin o sürücü "salyarka”nın pulunu
"yeyibmiş”. Axşam bakı boş olub, səhər çıxıb bir "oborot” eləsin ki, əlinə pul gəlsin, bakı doldursun. Ya da özü dediyi kimi, bakı nisyəyə doldurub, axşam pulunu verəcək.
Bu açıqlama da qaneedici olmadı. Doğru-dürüst bir şey kəsdirə bilmədim. Sabiq sahibkarın sözlərindən "hərc-mərclik qoxusu” gəlirdi.
Planı kim qoyub sürücülərə? Sürücülər plan deyilən bu pulları kimlərə, hara ödəyir? Ondan dövlət büdcəsinə nə qədər yatırılır?! Suallar çox, cavabsa təbii ki, yox. Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə "Şərq”ə açıqlamasında sərnişin nəqliyyatında köklü islahatlara ehtiyac olduğunu dedi:
- Nəqliyyat Nazirliyi sərnişin nəqliyyatı sahəsində hər cür yeniliyi tətbiq etsə də, problemlər çözülmür. Bu sahədə qanunsuzluqlara çox yol verilir. Sərnişinlər avtobusların "ötmə” əməliyyatlarından beziblər. Bir avtobus dayanacaqda 10-15 dəqiqə dayanır, "kliyent” yığır. Yolda, dayanacaqdan kənar sərnişin mindirir. Sərnişinlər avtobusdan sallaşıb gedirlər. Etiraz edənlərə də ənənəvi qaydada "axşam plan verməliyəm” deyir. Bu nə plandır, onu kim tətbiq edib, hansı qanunla, hansı meyarlarla, yalnız nazirlik bilir. Avtobusun səhər xəttə nasaz vəziyyətdə çıxması, böyük qanun pozuntusudur. Benzin bakının boş olması da nasaz vəziyyət deməkdir. Sərnişin avtobusu xəttə çıxırsa, texniki göstəriciləri tam qaydasında olmalıdır. Necə yəni, pulum olmadı, benzin doldurum?! Bu nə sözdü? Hansı əsrdə yaşayırıq? Nəqliyyat sektoru hansı qaydalarla idarə olunur?
Ə.Hüseynov sərnişinlərin həyatının real risk altında olduğunu vurğuladı:
- Məlumdur ki, avtobusun salonunda sərnişin varsa, hətta bir nəfərdirsə belə, sürücünün avtobusu yanacaqdoldurma məntəqəsinə sürməsi və yanacaq doldurması qanunla qadağandır. İnzibati Xətalar Məcəlləsində də bu, əksini tapıb. Amma sürücülər vaxta "qənaət” edib, yolüstü yanacaqdoldurma məntəqəsinə sürürlər. Bəzən sərnişinlərdən etiraz edənlər də olur, amma onlar buna məhəl qoymur. Təbii ki, içi sərnişinlə dolu avtobusun yanacaqdoldurma məntəqəsinə sürülməsi real təhlükədir. Hər hadisə baş verə bilər. Partlayış, yanğın olar. Avtobusun qapıları bağlanar, Allah göstərməsin, sərnişinlər içəridə qalar. Sürücülər bunu dərk etməlidirlər. Hadisə bir dəfə baş verir. Arxayın olmaq ki, həmişə belə edirəm, heç nə olmur, bu dəfə olmayacaq, cahillikdir. İnsanların həyatını riskə atmaq cinayətdir. Amma bunun həll yolu çox sadədir. Birincisi, yanacaqdoldurma məntəqələrinə sərnişinli avtobuslara xidmət göstərmələri qadağan edilməlidir. Onlara bu barədə Nəqliyyat Nazirliyinin xüsusi göstərişi təqdim olunmalıdır. Qanuna riayət etməyənlərsə ciddi cəzalanmalı, sürücülük vəsiqələri alınmalı və onların ictimai nəqliyyat sahəsində çalışmaları qadağan edilməlidir. Cəzalar sərtləşsə, yaxşıdır. Yoxsa, protokol tərtib etmək, cərimələrlə əhlikef sürücülərin qarşısını almaq mümkün olmayacaq. İkinci tərəfdən, indi hər yerdə müşahidə kameraları var. O cümlədən də yanacaqdoldurma məntəqələrində. Yanacaqdoldurma məntəqəsinə daxil olan bütün avtomobillər kameraların yaddaşına düşür. Müşahidə kameralarının köməyi ilə qanunu pozan sürücüləri müəyyənləşdirib onları da, marşrut sahibini də məsuliyyətə cəlb etmək asan bir işdir.
Ə.Hüseynov qeyd etdi ki, avtobuslar xəttə buraxılarkən benzin çənlərini doldurmalıdırlar. Avtobus parkının rəhbərliyi buna nəzarət etməlidir ki, sərnişin avtobusu saz vəziyyətdə xəttə çıxsın. Sürücü yolun yarısında yanacaqdoldurma məntəqəsi axtarmamalıdır. Təəssüf ki, çox zaman sərnişin avtobuslarının şəxsi evlərin qapısı ağzında dayandığını görürük. Sürücü səhər tezdən xəttə çıxacaq deyə avtomobili parka aparmır, evinin qarşısında saxlayır. Belədə təbii ki, avtobus zəruri texniki baxışdan da keçmir. Nasaz vəziyyətdə səhər yenidən xəttə çıxır. Çox zaman avtobuslar yarı yolda xarab olur, hərəkət edə bilmir. Sərnişinlərin narazılığı da belə yaranır. Yol polisləri də məsuliyyət daşıyırlar. Yol polisi belə halları müşahidə etdikdə dərhal müdaxilə etməli və avtobusu yanacaqdoldurma məntəqəsi ərazisindən kənarlaşdırmalıdırlar.
Ə.Hüseynovun fikrincə, ictimai nəqliyyatla bağlı inkişaf etmiş ölkələrdə praktika mövcuddur. Sərnişin nəqliyyatına şəhər bələdiyyələri nəzarət edir:
- Bizdə bələdiyyələr bu sahədən kənardır. Amma Bakı şəhər İcra Hakimiyyəti adlı qurum var. Bir neçə il əvvəl BŞİH nəzdində sərnişin nəqliyyatı sektoru vardı. Onlara BŞİH müvafiq qurumları nəzarət edirdi. Amma sonra nədənsə, bütün ictimai nəqliyyat Nəqliyyat Nazirliyinə tabe oldu. Bütün digər sahələrdə olduğu kimi, ictimai nəqliyyatda da rəqabət olmalıdır ki, şirkətlər sərnişin əldə etmək uğrunda sağlam mübarizə aparsınlar. Müxtəliflik, seçim imkanları geniş olanda, sərnişin ona kim daha yaxşı xidmət göstərirsə, onunla "işləyir”. Biz bunun nümunəsini xarici ölkələrdə görmüşük. Bələdiyyə avtobusunu bəyənən ona minir, özəl şirkətin xidmətini bəyənən də o şirkətin avtobusunu seçir. Belədə daha yaxşı xidmət göstərmək uğrunda mübarizə gedir. Uduş da ikitərəfli olur. Sərnişin də razı qalır, şirkət və ya bələdiyyə orqanı da.
Məlahət Rzayeva