
“Sürüşmə təhlükəsi realdır”
Zemfira Budaqova: “Üzərində dayandığımız yarımada o qədər yüklənib ki, bir gün ortadan çat verəcək”“Hansı binalar ki, aktiv sürüşmə zonasındadır, həmin binaların altından svaylar vurulmalıdır”
Sürüşmə, uçqun və subasma ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan çoxsaylı müraciətlərlə əlaqədar nazirliyin Geoloji Planalma Ekspedisiyası gücləndirilmiş iş rejiminə keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, ETSN-in Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən Abşeron yarımadası və respublika ərazisində aparılan monitorinq və müşahidələr intensivləşdirilib.
Mövcud olan sürüşmə, subasma və uçqun təhlükəsi olan yerlərdə monitorinqlər keçirilir.
Respublika ərazisindəki mövcud sürüşmə sahələrinin bəzilərində, o cümlədən Bakıda və Abşeron yarımadasında atmosfer yağıntılarının təsirindən nisbi aktivlik müşahidə edilib, bəzi yerlərdə isə yeni sürüşmə ocaqları qeydə alınıb.
Əhmədli və Masazır qəsəbələrində yağan yağışlar nəticəsində lokal sahədə uçqun prosesi baş verib. Əhmədli qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu 25 metr, hündürlüyü isə 4 metrdir. Masazır qəsəbəsində uçquna məruz qalmış sahənin uzunluğu isə 35 metr, hündürlüyü 3 metrdir. Zığ sürüşmə sahəsində nisbi aktivləşmə olsa da, uçqun və dağıntı qeydə alınmayıb.
Sabunçu rayonunun Savalan qəsəbəsində, Daş karxanası yaşayış massivində və "Şuşa” şəhərciyində isə əraziyə düşən atmosfer yağıntıları nəticəsində qrunt sularının səviyyəsi qalxıb və subasma hadisəsi baş verib. Binəqədi rayonunun Məlikaslanov küçəsində də analoji hal müşahidə edilib. Badamdar, Bayıl və Əhmədli qəsəbəsinin digər ərazilərində isə aktivləşmə qeydə alınmayıb.
Respublika ərazisində aparılan monitorinqlər zamanı Qobustan rayonunun Poladlı kəndində sürüşmə prosesinin aktivləşməsi nəticəsində kəndə yeganə girişi olan avtomobil yolu bağlanıb. Yolun 20-22 metr hissəsi tamamilə sıradan çıxıb.
İsmayıllı rayonunun İstisu kəndi ərazisində isə yeni sürüşmə prosesi qeydə alınıb. Sürüşmə sahəsi təqribən 3 hektar ərazini əhatə edib. Sürüşmə sahəsinin eni 400-500 metr, uzunluğu 600-650 metr, sürüşmənin qırılma daşının hündürlüyü 4-6 metr arasında dəyişir.
Respublikanın digər yerlərində də, o cümlədən cənub bölgəsində Lənkəran-Lerik avtomobil yolunun 17-19-cu kilometrliyində, həmin avtomobil yolunun 45-ci kilometrliyində, Astara Deqədi-Pəlikeş avtomobil yolunun bir neçə kilometrliyində, Qobustan rayonunun Poladlı sürüşmə sahəsində, Quba rayonunun Güləzi sürüşmə sahəsində, Quba-Xınalıq yolunun 36-44 kilometrliyində, Quba-Qonaqkənd avtomobil yolunun bir neçə kilometrliyində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-ci, 11-ci kilometrliyində, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, İsmayıllı rayonunun Xankəndi sürüşmə sahəsində, İsmayıllı rayonunun Basqal-Sulut avtomobil yolunun 9-cu kilometrliyində, Gədəbəy rayonunun Hacılar (Əyridərə), Tovuz rayonunun Qarağatlı, Cəlilabad rayonunun Sadatlı sürüşmə sahəsində ekzogen-geoloji proseslərin dinamikası üzərində monitorinq və müşahidələr davam etdirilir.
Qeyd edək ki, monitorinqlərin nəticələri barədə bülletenlər hazırlanaraq müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına məlumat verilir.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova "Şərq”ə açıqlamasında sürüşmə təhlükəsini azaltmağın mümkün olduğunu bildirdi:
- Sürüşmə yeraltı suxurların quruluşu ilə bağlıdır. Abşeron yarımadası, xüsusən də onun dənizə tərəf olan hissəsi 14 metrlik gil təbəqəsinin üzərindədir. Yeraltı suların səviyyəsi qalxdıqca, gil təbəqəsini də isladır və nəticədə sürüşmə qaçılmaz olur. Qrunt sularının səviyyəsinin qalxması, yağıntılarının miqdarının çox olması da sürüşmə prosesini aktivləşdirir. Bizim əsas problemimiz bundadır ki, tikinti işləri aparılarkən torpağın geoloji quruluşu düzgün, lazımi qaydada öyrənilmir. 50x60 metrlik bir ərazidən nümunə götürürlər, buna uyğun da, yalan-doğru rəy alırlar və tikintiyə başlayırlar. Tikinti qanunlarına görə, tikinti aparılacaq ərazidə hər 5 metrdən bir torpaqdan nümunə götürülməli və geoloji quruluş öyrənilməlidir. Ola bilər, 5 metrdə torpaq sərt olsun, amma 2 metr o tərəf yumşaq suxurlar olsun. Fundament qazılarkən fundamentdən də 5 metr dərinə getmək və ana qata çatmaq lazımdır. Bizimkilər isə 16, 24 mərtəbəli bina tikir, gil təbəqəsinə çatıb dayanırlar, binanın özülünü gil təbəqəsinin üzərində qoyurlar. Əgər hündürmərtəbəli bina gil təbəqəsinə yapışıbsa, sürüşmə də qaçılmazdır. Bunu nəzərə almırlar. Artıq dünya okeanının səviyyəsi qalxmaqdadı. Buzlaqlar əriyir, suyun səviyyəsi hər yerdə qalxır. Nyu-York, Çikaqo, Böyük Britaniya su altında qalacaq. Bunu mən demirəm, alimlər deyir. Belə bir təhlükə realdır. Görürük, dünyada nələr baş verir. Avropa, Asiya suyun altında qalıb. Niyə bundan ibrət almırlar?! Mən həmişə demişəm ki, Abşeronda binaların hündürlüyü 5-6 mərtəbədən artıq olmamalıdır. Üzərində dayandığımız yarımada o qədər yüklənib ki, bir gün ortadan çat verəcək. Qırılacaq. Yarımadanı bu qədər ağırlaşdırmaq, yükləmək olmaz. Bəzən əks arqument irəli sürürlər ki, Dubayda filan tikinti aparılır, kimsə dənizin ortasında ada yaradır... Bunlar hamısı gec-tez suyun altında qalacaq. Çünki suyun səviyyəsi getdikcə qalxır.
Bəs, təhlükənin miqyasını azaltmaq üçün hansısa qabaqlayıcı tədbirlər həyata keçirilə bilərmi?
Z.Budaqova bildirdi ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə müəyyən işlər görmək mümkündür:
- Hansı binalar ki, aktiv sürüşmə zonasındadır, həmin binaların altından svaylar vurulmalıdır. Bunun üçün xüsusi reyslər vasitəsilə bina qaldırılmalıdır, ağır maşınlar binanı reyslərin üzərində saxlamalı, binanın altında iş aparılmalı, svaylar vurulmalı və binalar yenidən otuzdurulmalıdır. Ancaq bu işi icra edən olacaqmı? Bunun üçün külli miqdarda vəsait lazımdır. İkincisi, şəhərin kanalizasiya sistemi yenidən qurulmalı, mövcud şəraitə uyğunlaşdırılmalıdır. Bir az artıq yağıntı düşən kimi şəhəri su basır. Biabırçılıqdı... Əvvəllər məişət suları dənizə axıdılırdı. Sonra bunun qarşısını aldılar. Xətlərin üzəri bağlandı, su da yığıldı qaldı. Bu su harasa axmalıdır da. Düşən yağıntı da yığılıb qalacaqsa, qrunt sularının da səviyyəsi qalxacaqsa, əlbəttə, sürüşmə labüd olacaq.
Məlahət Rzayeva