Susmaq ikili yanaşmadır

NATO istəsə, Qarabağ münaqişəsində də öz sözünü deyə bilər
Çünki biz hərbi blokun digər münaqişələrdə necə rol oynadığını görürük

"NATO Dağlıq Qarabağ prosesinin həlli məsələsinə qarışa bilməz. Münaqişənin həlli Minsk Qrupuna aiddir”. Bunu Gürcüstanda səfərdə olan NATO baş katibinin müavini Tacan İldem deyib. O bildirib ki, münaqişənin həlli ilə Minsk Qrupu məşğul olur:

"Biz NATO olaraq gücdən istifadəyə qarşıyıq. Bu səbəbdən müharibə olacağı ehtimalını düşünmək belə istəmirik. Problemlərin, ixtilafların sülh yolu ilə həllini beynəlxalq təşkilatlar da dəstəkləyir. NATO-nun mövqeyi də eynidir”. Diplomat gələn ay Bakıya səfəri zamanı mövzu ilə bağlı daha geniş açıqlamalar verəcəyini bildirib: "NATO ilə Azərbaycan arasında əlaqələri yönləndirən bir çərçivə var. Əlaqələr bu çərçivə əsasında inkişaf etməkdədir”.

Qərb Universitetinin professoru, siyasi şərhçi Fikrət Sadıqov "Şərq”ə açıqlamasında deyib ki, NATO Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslərdən kənarda dayanıb: 

"Biz NATO-nu münaqişəyə cəlb etmək istəmirik. Burada söhbət başqa məsələdən gedir. Əvvəla, NATO-da təmsil olunan iki dövlət - ABŞ və Fransa həmsədr ölkədir. Onlar münaqişənin həllində birbaşa rol oynayan güclərdir. Yaxşı olar ki, İldem əvvəlcə işğal olunmuş torpaqların qaytarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnaməni yada salsın. Bu qətnamələri 1993-cü ildə ABŞ başda olmaqla hərbi alyansda təmsil olunan Qərb dövlətləri qəbul ediblər. Ancaq indiyə qədər qərarların icrası reallaşmayıb. Biz haqlı olaraq qanuni qaydada qəbul edilmiş aktların həyata keçirilməsini tələb edirik. Heç kimə demirik ki, gəlib bizim əvəzimizdən ermənilərlə vuruşun!”. 

Ekspertə görə, əgər NATO özünü beynəlxalq münasibətlər sisteminin aparıcı oyunçusu sayırsa, obyektiv yanaşma nümayiş etdirməlidir: 

"Əsas istəyimiz, gözləntimiz budur. Əgər hərbi blok susursa, bu, özü-özlüyündə ikili yanaşmadır. Çünki biz NATO-nun digər münaqişələrdə necə rol oynadığını görürük. İstəsə, bu münaqişədə də öz sözünü deyə bilər”.

İsmayıl