Paytaxtın mərkəzindən hava limanına mütləq avtobuslar işləməlidir
Ölkəmizdə son illər çoxsaylı yol qovşaqları və körpülər salınsa da, Heydər Əliyev hava limanından şəhərə avtobusların işləməməsi məsələsinə hələ də əncam çəkilmir. İllərdir cəmiyyətdə narazılıq doğuran bu hal çox ciddi problemə çevrilib. Yəni təyyarə ilə ölkə xaricinə və ya daxilinə səfər edənlər, hava limanına gedib-gələndə ictimai nəqliyyat problemi ilə üzləşirlər.
Bakıda olan müasir hava limanından şəhərə gəlmək üçün yalnız taksi xidməti fəaliyyət göstərir. Belə olan halda ya taksiyə oturub sürücünün diktə etdiyi qiymətə evlərinə gedirlər, ya da qohum-qonşudan xahiş edirlər ki, onları qarşılasın. Bir sözlə, hava limanından paytaxtın müxtəlif istiqamətlərinə avtobus xətlərinin olmamasının yaratdığı narahatlığı, təyyarə ilə səfər edənlər çox yaxşı xatırlayırlar. Halbuki normal ölkələrin hava limanının qarşısında sərnişinlərini gözləyən avtobus karvanları və elektrik qatarlarının olması adi haldır. Bizdə isə, bir müddət öncə hava limanından şəhərə 16 saylı avtobus fəaliyyət göstərirdi, sonra gündəlik planın ödənmədiyini bəhanə edərək marşrut xəttini dayandırdılar. Yeri gəlmişkən qeyd edək ki, bir qədər əvvəl sözügedən problem Milli Məclisin də gündəminə daşınıb. Aeroporta avtobusların açılması barədə təkliflər səsləndirilib. Həmin vaxt Nəqliyyat Nazirliyindən məsələnin həll olunacağı bildirilib. Amma təəssüf ki, problem hələ də həllini tapmayıb.
Məsələni dəyərləndirən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə bildirib ki, dünyanın bütün böyük şəhərlərində hava limanından şəhərin müxtəlif yerlərinə avtobuslar işləyir. Hətta bəzilərində troleybus və tramvay xətti də mövcuddur: "O vaxtlar Binə aerportunun giriş qapısının yanında tramvay var idi. Metronun "28 may” stansiyasına gəlirdi. İndi bunlar yoxdu. Xaricdən gələn hər bir vətəndaşımız və eləcə də əcnəbi qonaq məcbur qalıb, şəhərə baha qiymətə taksilərlə gəlirlər. Bu doğru deyil. Marşrut xətləri olmalıdır. Onu bərpa etmək lazımdır. Bu, bir növ camaatın cibinə girməkdir. Necə olar ki, hava limanına marşrut işləməsin. Ola bilsin ki, bunun alt qatında gizlin məqamlar var. Amma yaxşı hal deyil. Deyirlər ki, marşrutlar mövcuddur. Amma indiyə kimi müşahidə etməmişəm”.
"Azərbaycan Hava Yolları” QSC (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə məsələnin onlara aidiyyəti olmadığını söyləyib: "Bu işlə Nəqliyyat Nazirliyi (NN) məşğul olmalıdır. Xahiş edirik, məsələyə dair suallarınızı NN-ə ünvanlayasınız”.
Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı kafedrasının dosenti Rauf Məmmədov da diqqətə çatdırıb ki, paytaxtın mərkəzindən hava limanına avtobuslar mütləq işləməlidir: "Əvvəllər 16 nömrəli marşrut işləyirdi. Yəqin ki, bu məsələ müsbət həll olunacaq. Şəhərin mərkəzindən müəyyən məntəqələrdən daşınmanın təşkil olunması məqsədəuyğundur”.
Ekspert vurğulayıb ki, avtobus xidmətinin təşkili üçün bir sıra meyarlara diqqət yetirilməlidir. Problemin həlli üçün müasir metodlardan da istifadə etmək olar: "Saat və qrafik müəyyən olunmalıdır. Hətta elektron versiyasını da yaratmaq mümkündür. Harasa təyyarə ilə uçmaq istəyən vətəndaş məlumat alıb, vaxtında hava limanına gəlib-getmək imkanına malik olar. Bunun üçün xüsusi avtobus parkı yaratmağa ehtiyac yoxdur. Bu işə aidiyyəti olan qurumlar hazırda işləyən avtobus parkları ilə əlaqə yaradıb, onları bu işə cəlb edə bilərlər. O qədər də sərnişin axını olmayacaq ki, 20-30 avtobusa ehtiyac olsun. Hesabat aparılmalıdır. İnterval, qrafik müəyyən olunmalıdır. Əlbəttə ki, hava limanının uçuş qrafiklərinə münasib olan marşrutlar və vaxt müəyyənləşdirilməlidir”.
Hava limanına elektrik qatarları və metro çəkmək məsələsinə gəlincə, ekspert bildirib ki, bununla bağlı mütəxəssislər araşdırma aparmalıdır: "Hava limanına ağır tonnajlı yük təyyarələri eniş edir. Metro məqsədəuyğun deyil. Çünki təyyarə eniş edəndə yerin səthində əlavə gərginliklər yarada bilər. Elektrik qatarlarının çəkilməsi də xüsusi təhqiqat tələb edən bir məsələdir. Əgər çəkilərsə, ora axın olacaqmı, yoxsa ancaq hava limanına gedib-qayıtmalıdır. Bu kimi məsələlər araşdırılmalıdır. Dəmiryolu xəttinin çəkilməsi böyük xərc tələb edən məsələdir. Ona görə də burada ən optimal variant avtobuslardır. Tutumu böyük olmayan 25-30 nəfərlik avtobuslardan istifadə etmək daha əlverişlidir”.
Ayyət Əhməd