Taksilərdə vahid qiymət müəyyənləşdirilir

“Qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən aparılmalıdır”
“Taksilərdə taksometrlər olarsa, bu problem tam olaraq öz həllini tapmış olar”


Sentyabr ayından etibarən Bakıda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə, qiymətləri Tarif Şurası müəyyən edəcək:

"İndi qiymətləri fərdi taksi sürücüləri və şirkətlər özləri müəyyən edir. Lakin yeni sistem işə düşəndən sonra vahid tarif tətbiq ediləcək. Taksi şirkətlərinə isə müəyyən sərbəstlik veriləcək”.

Sistem işə düşəndən sonra taksilərdə xidmət haqqının hər kilometrə görə hesablanacağını vurğulayan N.Allahyarova deyib ki, bunun üçün maşınlarda taksometrlər quraşdırılacaq. Yeni qurğu vasitəsilə sürücülərin qeydiyyatı və vergiyə cəlb olunması asanlaşacaq. İndiyədək 16 min fərdi taksi sürücüsü və 3 özəl şirkətin qeydiyyatdan keçdiyini deyən BNA-nın sözçüsünün sözlərinə görə, dayanacaqlardakı ayrı-seçkilik problemi də birdəfəlik həll olunacaq: "Yəni qanuni fəaliyyət göstərən istənilən taksi sürücüsü bu dayanacaqlardan istifadə edə bilər. Mühüm tədbirlər zamanı şəhərin mərkəzi hissəsində dövlət əhəmiyyətli yollarda taksi dayanacaqlarının fəaliyyəti məhdudlaşdırıla bilər. Əks halda, heç kim başqa bir sürücünün dayanacaqdan istifadəsini qadağan edə bilməz”.

Qeyd edək ki, hazırda Bakıda 160-a yaxın taksi dayanacağı var. Bunların yarıdan çoxu qeydiyyatsızdır. N.Allahyarova deyir ki, ümumiyyətlə, sentyabrdan bu sahədə də yeniliklər olacaq: "İndi Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir. Biz onların yerləşdikləri ərazilərin inzibati və şəhərsalma qaydalarına uyğunluğunu araşdırırıq. Tələblərə cavab verən dayanacaqlar saxlanılacaq. Əlverişli yerdə olmayan taksi dayanacaqları ləğv olunacaq”.

Dayanacaqların qeydiyyatına gəlincə, mətbuat katibi deyib ki, indi qeydiyyatsız fəaliyyət göstərən taksi dayanacaqları tələblərə cavab verəcəksə, saxlanılacaq və qeydiyyata alınacaq.

Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında deyib ki, bu sahədə yaranan mövcud xaosun başlıca səbəbi taksi xidməti ilə məşğul olan avtomobillərdə taksometrlərin olmamasıdır: "Bütün dünyada taksi xidmətinin qiymətləri taksometrlər vasitəsilə həyata keçirilir. Hər bir kilometrə uyğun qiymətlər əvvəlcədən müəyyən olunduğu üçün istehlakçılar da ödəyəcəyi vəsait barəsində təxmini məlumatlı olur”.

İ.Hüseynlinin sözlərinə görə, qiymət tənzimlənməsi Tarif Şurası tərəfindən aparılmalıdır. Azərbaycanda vahid taksi qiymətləri ilə bağlı kifayət qədər müzakirələr getsə də, problem birdəfəlik öz həllini tapmır: "Hesab edirəm ki, taksi xidməti kimi fəaliyyət göstərən fiziki şəxslərə lisenziya verilməsi üçün tələb olunan şərtlərdən biri məhz taksometrlərin quraşdırılması olmalıdır. Əgər lisenziya ilə xidmət göstərən taksilərdə taksometrlər olarsa, bu problem tam olaraq öz həllini tapmış olar”.

Taksi qiymətlərinin dövlət tərəfindən tənzimlənməsinin əhalinin ziyanına olması ilə bağlı iddialara gəldikdə isə ekspert sözügedən narazılıqların müəyyən qədər əsaslı olduğunu deyib: "Düzdür, taksi qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi və vahid qiymətlərin müəyyənləşdirilməsi nisbətən məsafələr üçün taksidən istifadə edən vətəndaşların ziyanına işləyəcək. Amma uzaq məsafələrə gedən vətəndaşlar üçün vahid qiymət tənzimlənməsini əlverişli qərar hesab etmək olar. Hava limanından şəhərin mərkəzinə doğru xidmət göstərən taksi sürücüləri yerli və xarici vətəndaşlar üçün istədikləri qiyməti "oxuyur”lar. Ölkədəki qiymətlərlə bağlı azdan-çoxdan məlumatlı olan adamlar yüksək qiymətlərə etiraz edirlər. Qiymətlərdən xəbərsiz olan xarici vətəndaşlar, yaxud da uzun müddət xaricdə yaşayan azərbaycanlılar isə asanlıqla taksi sürücülərinin "tor”una düşür. Taksometrlər olduqda isə ortada heç bir narazılıq və ya "işbaz”lıq olmayacaq. Bakıdan hava limanına gedən taksi sürücüləri 12 manata aparır, amma hava limanından Bakıya gəlmək üçün 25 manata qədər ödəniş tələb edirlər. Bax, yeni qərar bu cür özbaşınalıqların qarşısını alacaq”.

İ.Hüseynlinin sözlərinə görə, mövcud dəyişikliyin bir əhəmiyyəti də ödənilən məbləğlə bağlı müştərilərə qəbzlərin verilməsi olacaq: "Taksi xidməti servislərinin heç birində çeklə təminat yox idi. Xaricdən Azərbaycana ezamiyyətə göndərilən insanlar ödədikləri məbləği təsdiq edən çek tələb edirlər ki, geri qayıtdıqda şirkət rəhbərliyinə təqdim etsinlər. Amma bizim taksi xidməti servislərinin əksəriyyətində taksometrlər olmadığı üçün əcnəbi müştərilərə qəbz verə bilmirlər. Bu isə ölkənin imicinə təsir edir. Eyni zamanda, ezamiyyətə gələn əcnəbini çıxılmaz vəziyyətdə qoyur”.

Şəymən