Taksilərin, otellərin turistləri aldatması hər ölkədə var





Pakistandan Azərbaycana gələn turistin 1700 dolları dələduzluq yolu ilə ələ keçirilib. Bu barədə 1993-cü il təvəllüdlü Pakistan vətəndaşı Sayid İbrahimşah 102 xidmətinə zəng edərək məlumat verib.

O bildirib ki, iyulun 6-da Azərbaycana gəlib, səhəri gün, yəni iyulun 7-də "28 Mall” Ticarət Mərkəzində tanışı Veysəllə görüşərək özünə məxsus sənədləri tərcümə edərək notariusda təsdiq etməsi üçün ona verib. Bir neçə saat sonra isə həmin şəxslər yenidən Xaqani parkında görüşüb və əlavə olaraq 1000 dollar verib. Lakin Veysəl adlı şəxs nə aldığı 1700 ABŞ dollarını, nə də sənədləri qaytarıb.

Baş vermiş hadisəni dəyərləndirən Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, ölkəyə gələn turistlərin sayının ildən-ilə artması olduqca müsbət haldır. Turistlərin yerli əhali tərəfindən aldanması isə yalnız Azərbaycanda deyil, Amerika və Qərbi Avropa ölkələrində də var: 

"Bəli, turistlərlə bağlı bəzən neqativ hadisələrə rast gəlirik. Baş verən hadisəyə görə məyus olmamalıyıq. Azərbaycanda turizm inkişaf etdikcə, neqativ hallar tədricən aradan qalxacaq. Amma düşünürəm ki, sözügedən faktla bağlı aidiyyəti qurumlar öz məsuliyyətlərini artırmalıdır. Çünki bu gün bir turistin gəlib Azərbaycanda aldadılması və ya onun pulunun əlindən alınması ölkəmizin imicinə xələl gətirir və sonradan yeni turistlərin gəlməsinə mane olur. Buna görə hesab edirəm ki, xüsusilə də Azərbaycanın hüquq-mühafizə orqanları bu işlə ciddi məşğul olmalıdır və belə hallar aradan qaldırılmalıdır. Eyni zamanda ölkəmizə gələn turistləri maarifləndirmək lazımdır. Çünki onlar fərqli bir mühitlə qarşılaşırlar. Baş verməsi mümkün olan hallarla bağlı onlara xəbərdarlıq etmək lazımdır ki, ayıq olsunlar. Bütün bunlardan sonra neqativ hallar aradan qalxacaq”.

Yeganə Bayramova