“İstər idman aparıcısı, istər idman yazarı idmanın bütün növlərindən xəbərdar olmalıdır ki, oxucuya, tamaşaçıya düzgün məlumat verə bilsin”
“Tamaşaçı səmimiyyəti sevir”
Sənan Şəfizadə: “İdman xəbərlərini hiss edərək təqdim etmək vacibdir”
“İstər idman aparıcısı, istər idman yazarı idmanın bütün növlərindən xəbərdar olmalıdır ki, oxucuya, tamaşaçıya düzgün məlumat verə bilsin”
“İstər idman aparıcısı, istər idman yazarı idmanın bütün növlərindən xəbərdar olmalıdır ki, oxucuya, tamaşaçıya düzgün məlumat verə bilsin”
Onunla həmsöhbət olmaq maraqlı idi. Televiziyadan, idman jurnalistikasından elə efirdəki kimi həyəcanla danışırdı. İdmana olan sevgisini bu dəfə də oxuculara çatdırmağa çalışdı. "Şərq”in qonağı tanınmış idman jurnalisti, ATV telekanalının aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadədir. Onunla televiziya həyatından danışdıq. İdman jurnalistinin televiziyaya baxışı bizlər üçün də maraqlı oldu.
- Azərbaycan teleməkanı necə görünür? Sizin baxış bucağınızda bu sehrli qutunu dəyərləndirmək maraqlıdır.
- Sözsüz ki, televiziya məkanı hər zaman gündəmdədir, diqqətdədir. Tamaşaçının televiziyaya marağı, televiziyadan gözləntiləri, istəkləri olur. 2003-cü ildən ATV telekanalında çalışıram. Ölkənin ən reytinqli, baxımlı kanalında olmaq məsuliyyət tələb edir. Bizim məqsədimiz tamaşaçının zövqünə cavab vermək, onun görmək istədiyini tamaşaçıya çatdırmaqdır. Tamaşaçı olaraq televiziyaya baxışımdan söhbət gedirsə, təbii ki, televiziya aləmi yerində saymır, daim inkişafdadır. Bu mənada televiziyamızı daha yüksək yerlərdə görməyi arzulayıram. Hər tamaşaçı öz zövqünə uyğun kanal, öz dünyagörüşünə uyğun veriliş axtarır, onu seçir. Bununla belə maraqlıdır ki, bizi daha çox Rusiya və Türkiyə telekanalları ilə müqayisə edirlər. Əgər idman prizmasından yanaşsam, tamaşaçının seçim imkanı var. Bu da səbəbsiz deyil. Türkiyə tamaşaçısı yalnız Türkiyə kanallarını izləyir, Rusiyada yalnız Rusiyanın kanalları izlənir. Bizdə isə həm yerli telekanalları, həm də iki ölkənin telekanallarını izləyirlər deyə həm seçim, həm müqayisə etmək imkanları daha böyükdü. Azərbaycan tamaşaçısı həm də bu baxımdan seçim edə bilir. Eyni idman xəbərini həm ana dilində, həm türk dilində, həm də rus dilində ayrı-ayrı ölkələrin təqdimatında izləmək imkanına sahibdi. Bu mənada Azərbaycan teleməkanı inkişaf edib. Tamaşaçı tənqid edə bilər. Bu onun haqqıdır. Bəzən idman şərhçilərimizə də tənqidi bir münasibət var.
- İdman aparıcısını digər verilişin aparıcılarından hansı özəlliklər fərqləndirir və ya fərqləndirməlidir?
- Tamaşaçı səmimiyyəti sevir. İdman xəbərlərinin aparıcısı idmanı sevən, idmanın "xəstəsi” olan insan olmalıdır. Təvazökarlıqdan uzaq olsa da, mən idman "xəstəsiyəm”. İstənilən oyun varsa, o həyəcanı hiss etməlidir. Tutaq ki, bu gün şahmat sahəsini götürsək, Şəhriyar Məmmədyarovun oyunu olacaqsa, mən artıq o ab-havaya düşürəm, oyunu həyəcanla izləyirəm. Biz idman aparıcıları adətən idmanla yaşayırıq. Bəzi həmkarlarım ola bilər belə düşünməsin. Mənim üçün Dünya Çempionatını izləmək Tarkanın və ya başqa bir dünya ulduzunun konsertini izləməkdən qat-qat maraqlı və həyəcanlıdır. İdmanı hiss edərək təqdim etmək vacibdir. Səmimi danışaq, bəzi xanım idman aparıcılarımız var ki, idmanı bilmirlər, idman sahəsindən tam xəbərdar deyillər. Sadəcə onlar masalarında olan mətni oxumaqla kifayətlənmiş olurlar. Bu da tamaşaçının gözündən qaçmır.
- Efirdə xanım aparıcının idman xəbərlərini təqdim etməsi ilə kişi aparıcının təqdim etdiyi xəbərin həyəcanı fərqlidirmi?
- Təbii. Əslində fərq xanım və ya bəyin xəbəri təqdim etməsi deyil, idmanı sevərək və bilərək təqdim etməsindən söhbət gedir. Çünki o həyəcanı tamaşaçıya, idmanı sevən, idmanla maraqlanan tamaşaçıya çatdıra bilmək vacibdir. Səmimi danışırıqsa, əgər xanım idmandan məlumatlı deyilsə, o həyəcanı yaşada bilməyəcək. Tutaq ki, "Bavariya” qalib gəldi - 1:0. Bunu sadəcə oxumuş olurlar. Yəni hər zaman olmasa da, belə hallar olur. Adi bir detal yada salım. "Barselona” ilə "Real” komandalarının matçı zamanı "Barselona” qalib gəlmişdi. 3:0 hesabı ilə. Mən o komandaların pərəstişkarı deyiləm. Amma onu da bilirəm ki, bu komandalar arasında qarşılaşma "qırğın” deməkdi. Əzəli rəqiblərin güzəştsiz mübarizəsidir. Prinsipial bir görüşdü. Bir neçə il əvvəl Madriddə real olaraq bu oyunu izlədiyim üçün o həyəcanı izah etməyə çətinlik çəkirəm. "Real”-”Barselona”nın görüşü zamanı Madriddə həyat dayanır. Yəni belə bir oyunu şərh edərkən o həyəcanı tamaşaçıya çatdırmaq vacibdi. Sən adi oyun olaraq bunu izləyə bilməzsən. Yeri gəlmişkən, ATV kanalında 4-5 il əvvəl İspaniya Super kubokunun final görüşü canlı yayımlandı. Həmkarım Elnur Əşrəfoğlunun sayəsində mən də həmin oyunda şərhçi oldum. Matçı Bakıdakı studiyadan şərh etsək də, "el-klassiko”nun həyəcanı bizə də təsir edirdi.
Yenə bir misal çəkim. Ötən il avqustun 23-də "Qarabağ” "Kopenhagen”lə səfərdə matçında gözəl oyun nümayiş etdirməklə ilk dəfə Çempionlar Liqasına vəsiqə qazandı. Mənim yanımda olan elə dostlar var idi ki, onlar göz yaşı içində idilər. Biz hamımız həyəcanımızı saxlaya bilmirdik. Bilirsiz, bu, sevinc göz yaşları idi. Bəlkə də bir neçə il əvvəl bizim xəyalımızda belə olmazdı ki, nə vaxtsa Azərbaycan komandası Çempionlar Liqasında ola bilər. Yəni idman təkcə nəticə, qələbə, məğlubiyyət deyil. İdman həyəcanla zəngin həyatdır. İdman ölkəni təmsil etmək, tanıtmaq üçün gözəl vasitədir.
Fikrimcə, televiziyada hər hansı sahədə aparıcı olursan ol, yetər ki, o sahəni mənimsəyərək, sevərək, məsuliyyəti hiss edərək tamaşaçı qarşısına çıxmaq lazımdır. Aparıcı iş xatirinə deyil, işindən zövq alaraq ekranda tamaşaçı ilə ünsiyyət yaratmalıdır. İdman aparıcısı idmanı sevmədən idman xəbərlərini təqdim edə bilməz. Açıq deyək, bəzən oyunlarda məğlubiyyətimiz olursa, bunu da üzülərək tamaşaçıya çatdırmaq məcburiyyətində oluruq. Hətta tamaşaçılar olur ki, bizim o an üzüldüyümüzü hiss edir, məni yığır ki, qardaş, səbrli olun, oyundu, burda məğlub olmaq normaldı. Bizdə evdə də adətən futbolu izlərkən mübahisələr yaranır. Mən adətən evdə futbolu izləmirəm. Çünki oyun zamanı o həyəcanı tam yaşaya bilmirsən. Fikrimcə, evdə futbola baxmaq olmaz, olmur. Çünki futbolu izlərkən qışqırıb "Qol” deyə bilmədinsə, o an hisslərini emosiyalarla yaşaya bilmədinsə, daha bu, futbol izləmək olmadı ki. Sən evdə uşaq var deyə qol vurularkən qışqıraraq o həyəcanı yaşamayacaqsansa, onda oyunu izləmə. Hətta evdə ailəmdə narazıçılıq olur ki, sən idmana bizdən daha çox vaxt ayırırsan. Yəni idman da bir sevgidir, onu tam yaşamaq lazımdır.
Televiziyada olan istənilən aparıcı tamaşaçı ilə səmimi ünsiyyət qurmağa maraqlı olmalıdı. Çünki tamaşaçı səmimiyyətə üstünlük verir. İdman aparıcıları bəzən ancaq futboldan məlumatlı olsalar da, idmanın digər növlərinin qaydaları barədə tam məlumatlı olmurlar. Əslində istər idman aparıcısı, istər idman yazarı idmanın bütün növlərindən xəbərdar olmalıdır ki, oxucuya, tamaşaçıya düzgün məlumat verə bilsin. Tutaq ki, Şəhriyar Məmmədyarovun erməni şahmatçı ilə oyunu həyəcanlı idi. Çünki bizim idmançılar ermənilərlə görüşə daha ciddi hazırlaşırlar. Əslində idmanda udmaq qədər uduzmaq da mümkün və normal haldı. Amma bizim idmançılar üçün bu, milli qürur məsələsinə çevrilib deyə, maksimum dərəcədə biz onlarla görüşə daha prinsipial şəkildə hazırlaşırıq. İdman siyasətdən uzaqdı. İdmanın öz prinsipləri var. Amma bizim idmançılar bu oyunlara ölüm-dirim kimi hazırlaşırlar. Başqa idman növündə olan idmançılarımız - Rəsul Cunayevimiz, Rövşən Bayramovumuz var ki, onlar ermənilərlə görüşə ölüm-dirim məsələsi olaraq çıxırlar.
- Belə oyunları şərh edərkən idmançılarımız qədər sizdə də həyəcan olurmu? Axı belə oyunları şərh etmək də asan deyil. Burada səslənən hər bir fikrə diqqət etmək lazımdı.
- Təbii ki, belə oyunları şərh etmək aparıcı olaraq bizim üçün də məsuliyyətlidir. Bir məqamı yada salım. 2009-cu ildə Sankt-Peterburqda futbol üzrə Birlik Kuboku keçirilirdi. Azərbaycanı bu turnirdə "İnter” komandası təmsil edirdi. Mən bu oyunları şərh edirdim. Sankt-Peterburqdan oyunlar ATV telekanalı vasitəsilə canlı yayımlanırdı. Azərbaycan komandası pley-ofda ilk görüşdə Ermənistanın MİKA klubuna rəqib oldu. Hələ oyundan 1 gün əvvəlki hisslərimi, həyəcanımı deyirəm. Ay Allah, birdən oyun alınmaz, mən tamaşaçıma nə deyəcəm? Bakıdan mənim telefonuma, Sankt-Peterburqa çoxsaylı zənglər gəlirdi. Mən gizlətmirəm, həmkarlarımdan da müəyyən məsləhətlər aldım ki, necə etməliyəm, şərhlərdə özümü necə aparmalıyam, nələri deməliyəm. O zaman məşhur şərhçilərdən Altay Əliyev zəng vuraraq dəstək oldu ki, narahat olma. Oyun başlayanda mən o həyəcanın içində idim. Bütün Azərbaycan bu oyunu izləyirdi. Bu oyunu şərh etmək çox məsuliyyətli idi.
(Davamı gələn sayımızda)
Tahirə Məmmədqızı
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb